Bəli, məşhur Tiflis
banklarının birindən götürdüyü pulları qəpiyinə belə toxunmadan
bolşevik partiyasının xaricdəki hesablarına göndərəndən sonra
Vladimir Lenin tərəfindən əvvəlcə "çudesnıy qruzin", daha sonra isə
"əlindəki böyük hakimiyyəti cilovlamaqda çətinlik çəkən adam"
adlandırılan İosif Stalin haqqında bütün verilişlər maraqlıdır
desək, yanılmarıq, çünki hər bir verilişdə bu şər dahisinin
xarakterinin bir detalı açıqlanır...
Xüsusən də nəzərə alanda ki, bu şər dahisinin formalaşmasında
Bakı mühtinin də böyük təsiri olub, bu adama maraq bir az da
artır...
Amma məsələ təkcə bunda da deyil. Belə şər dahilərinin
müzakirəsi zamanı bir suala cavab tapmaq daha asan olur. O sual isə
budur ki, görən, biz demokratik liderləri qəbul etməyə nə qədər
hazırıq?..
Etiraf etmək lazımdır ki, diktatorların şəxsiyyətinin cazibəsi
hətta demokratik fikirli adamları belə biganə qoymur, çünki
insanlarda güclü fərdlərə maraq həmişə böyük olub.
Mən bunun əsl səbəblərini bilmirəm. Bəlkə də bu hiss öz
dərinliyinə görə gedib qəbilə dövrünə çıxır - axı o vaxtlar qəbilə
başçılarının kultu həqiqətən də böyük idi. Bəlkə də bir az bundan
da irəli gedir, bilmirəm...
Amma biz şər dahilərinin tarixi mistik aurasından nə qədər tez
qurtulsaq, bir o qədər yaxşıdır. Sadəcə, özümüzə təlqin etməliyik
bu adamlar bizim azadlığımızın düşmənləridir, onlar bizim hər
şeyimizi alandan, mənəvi dünyamızı talan edəndən sonra bizə bir
"hüquq" verirlər - bəli, "mövcud olmaq hüququ"... Onlar bizim
özümüzə inamımızı heçə endirirlər və biz az qala öz fiziki
mövcudluğumuzu belə onlarla bağlayırıq...
Buradan birbaşa Stalinə keçid almaq istəyirəm. Bəli, deyirlər
ki, Stalin güclü dövləti - SSRİ-ni yaratdı. Razıyıq! Deyirlər ki,
Stalin 2-ci Dünya müharibəsində qalib gəldi. Yenə də razıyıq! Bəli,
təkrar-təkrar deyirik ki, razıyıq!!! Amma bircə sualımız var: NƏYİN
HESABINA? Bəli, o, bunları hansı itkilər hesabına etdi?..
Milyonlarla insanın yolu məhbəslərdən keçdi. Milyonlarla insan
canını müharibədə fəda etdi və düz müharibənin sonuna qədər bir
sovet sərkərdəsi belə düşünmədi ki, əməliyyatı necə keçirsin ki,
insan itikisi az olsun? Onlar bu haqda düşünmədilər, çünki "insan
resursları" tükənməz hesab edilirdi. Tükənməz insan resursları,
müharibə iştirakçılarının dediyi kimi, ətdən çəpər çəkməklə və bir
də zamanla uduldu bu müharibə...
Özü də bu, böyük bir ordunun Rusiyada birinci məğlubiyyəti
deyildi, əvvəllər də böyük ordular Rusiyada məğlub olmuşdular...
Buna qədər hələ böyük Bonapart öz gündəliyində yazmışdı ki, mən
Rusiyaya şaxta ilə deyil, ordu ilə vuruşmağa getmişdim...
Ona görə də 2-ci Dünya müharibəsinin gedişinə təsir edən
amillərin sırasına rus şaxtasını, Rusiyanın böyük ölçülərini də
əlavə etmək lazımdır. Elementar hərbi taktika keçmiş adam bilir ki,
cəbhə xəttinin həddindən çox uzanması da döyüşün effektivliyini
azaldan səbəblərdəndir...
Təbii, bununla faşizm üzərindəki qələbənin urvatını azaltmaq
niyyətində deyilik. Amma hərb tarixçiləri marşal G.Jukovun
qələbələrini tərənnüm etmir, çünki onlar daha çox "pir qələbələri"
idi...
Bunu da qoyaq bir tərəfə. Keçək dinc həyat məsələlərinə.
İ.Stalin bütün ölkəni əmək-islah düşərgəsinə çevirmişdi.
O vaxt bizə deyirdilər ki, guya sovet insanları fədakralıq
göstərirdilər. Amma hamısı yalanmış. Bütün böyük tikililər
məhbusların əməyi hesabına başa gəlirmiş.
Ona görə də "incə qəlbli" Stalini reabilitasiya etmək haqqında
düşünmək belə lazım deyil. Gürcülər ona görə böyük xalqdır ki, belə
istəkdə bulunmurlar...
Bütün böyük diktatorların bir sehrli çubuğu olub - bu da
qeyri-məhdud hakimiyyətdir. Bəlkə də qeyri-məhdud hakimiyyəti uşağa
da versən, o da lap "xarüqə"lər yaradar...
Sadəcə, biz nələri qəbul etmirik? Bəzən böyük diktatorları
kiçiltməyə cəhd edirlər. Düşünürlər ki, bu yolla onların sehrini
azladırlar. Amma belə etmək lazım deyil. Bu adamlar heç də kiçik
olmayıblar - bunu etiraf etmək lazımdır.
İ.Stalin kim olub? Az qala Çingizxan miqyasında olan bir despot.
Bəli, bu adam bir çox parametrlərinə görə "orta statistik" insanlar
üçün həmişə olduqca cazibədar görünür, yetər deyəsən ki, Stalin
ölərkən əynində bir boz şinel vardı...
Amma bu insanların şəxsiyyətinin açarı, resepti də elə bundadır.
Stalinə pul, qızıl və sərvət lazım deyildi. Ona nə lazım idi? O,
nədən doymurdu? Birmənalı və dəqiq şəkildə demək olar ki, o,
hakimiyyətdən doymurdu.
Bu mənada Stalin və onun kimi böyük despotlar avtoritar
liderlərdən, başı çalmalı şeyxlərdən ciddi şəkildə fərqlənirdi. O,
yalnız bir şeyə valeh idi, yalnız bir şeydən doymurdu, onu daim
artırmağa çalışırdı - bu, hakimiyyət idi...