Ruslar ad qoymaq, millətləri və torpaqları öz adı ilə
çağırmaq üçün adətən özlərinə əziyyət vermirlər.
Bizim əraziyə - Cənubi Qafqaza Zaqafqaziya deyirdilər. O
dövlətlər ki, onlar haqqında indi bəhs etmək istəyirəm, onları da
ümumi bir adla - Pribaltika deyə çağırırdılar.
İndi onları bir qədər qısaldılmış şəkildə - Baltik ölkələri
adlandırırlar. Açığı, o ölkələri görməmişəm - nə sovetlər vaxtı, nə
də sonralar... Sovetlər vaxtı təcrübə keçmək üçün oralara -
Estoniyaya Astrofizika və Atmosfer Fizikası institutuna gedə
bilərdim, amma Krımı da görmək istəyirdim, ona görə də bu diyardakı
rəsədxananı - Krım rəsədxanasını seçdim...
Sonralar da tale üzümə gülmədi, oraları görmədim. Amma
baltikalılarla ilk tanışlığım Moskvadan başlamışdı. Gördüyüm ilk
baltikalı da Uldis adında bir oğlan idi. Bizim tələbə yoldaşımızdı.
Tələbələr, xüsusən də onunla bir otağı bölüşən orta asiyalılar onu
sevmirdilər. Deyirdilər ki, lovğadır, xəsisdir. Açığı, bu sözlərdə
azacıq da olsa həqiqət vardı...
Amma hamı asiyalılar kimi olmalı deyildi ki!.. Ona görə də mən
ona normal münasibət bəsləyirdim və düşünürəm ki, bu, qarşılıqlı
idi. Düzü, orta asiyalılar özləri bir qədər problemli idilər -
götürdüklərini qaytarmaq adətləri yox idi, yalnız nəsə götürür,
nəsə istəyir, verməklə isə araları olmurdu...
Qərəz, sonra Bakı həyatı başladı. Və məlum proseslər vüsət aldı.
İndi bu haqda nəsə demək artıqdır, hamı hər şeyi bilir. Həmin üç
respublikada cərəyan edən hadisələri acgözlüklə izləyirdik.
Vitaustas Landsberqis az qala bizim kumirimizə çevrilmişdi.
Qərəz, Baltik ölkələri azad oldu. Sonra guya biz də azad olduq.
Amma o vaxt mənim, necə deyərlər, "dalağım sancmışdı"- amerikalılar
SSRİ-dən, xüsusən də M.Qorbaçovdan yalnız Baltik ölkələrinin azad
olunmasını tələb edirdilər. O biri respublikalar haqqında isə heç
söhbət də olmamışdı...
Hətta sonralar etiraf olundu ki, C.Buşla M.Qorbaçovun sualtı
qayıqdakı görüşündə də məhz Baltik respublikaları haqqında
danışılmışdı. Məsələ bunda idi ki, ABŞ əvvəldən Baltik
respublikalarının SSRİ-yə qatılmasını tanımamışdı, elə ilk şansda
da onların azad olunmasını tələb etdi.
Düzdür, biz də deyirdik ki, guya, Qərbin bizə də dəstəyi vardı,
neftə və daha nə bilim, nəyə görə, guya ki, Qərb bizə də dəstək
verirdi. Amma bunlar hamısı nağıl idi...
Qərb bizə dəstək versəydi, demokratların hakimiyyəti dövründə
belimizə 907-ci düzəlişi yükləməzdilər!..
O düzəlişi ləgv etmək də olmadı, yalnız bir neçə ildən sonra -
kiçik Buşun hakimiyyəti dövründə onun qüvvəsi dayandırıldı. Qərəz,
biz indi çox şey deyə bilərik. Amma həqiqət tamam başqadır...
Gələk mətləb üstünə. Bəlkə də oxucu düşünəcək ki, bir suala görə
bu boyda giriş nəyə lazım? Sadəcə, istədik ki, müəyyən təsəvvür
yaradaq - yada salaq ki, latışlar, litvalılar və estoniyalılar
kimdir, Rusiya onlardan nə istəyir?..
Kəsəsi, girişi də elə-belə etmədik. ABŞ üçün də, Qərb üçün də
Baltik ölkələri nə Ukraynadır, nə də keçmiş Zaqafqaziya...
Elə latışlar, litvalılar və estoniyalılar özləri də tamam başqa
millətdirlər. Düzdür, oralarda da "beşinci kolon" və ya "geopolitik
kontingent" var. Amma güman etmirik ki, onlar bir şey edər...
Bu ölkələr artıq Avropadır. Rusiya da bununla hesablaşmalıdır.
Ona görə də oxuyanda ki, Rusiya Baltik ölkələrinə də müdaxilə edə
bilər, bu mənə o qədər də inandırıcı görünmədi...
Düşünürəm ki, ora müdaxilə etmək üçün Rusiya da, Putin də ağlını
tamam-kamal itirməlidir, çünki ora Ukrayna deyil. Bəli, indi çox
küləklər əsib, indi çox şey dəyişib, çox yerdən peşmançılıq notları
eşidilir - sovet nostalgiyasına qapılanlar hər yerdə var... Amma
inanmırıq ki, latışlar, litvalılar və estonlar arasında belələri
çox olsun.
Bəli, etnik ruslar nəsə istəyə bilər. Amma son illərin küləkləri
onlardan da yan keçməyib, onlar da özlərini bir az avropalı hesab
edirlər...
Ukrayna başqa məsələdir. Bu ölkə həqiqətən də qərbdən və şərqdən
ibarət olub. Bu ölkənin adamlarında, təbii ki, şərq bölgələrinin
adamlarında Rusiyaya meyl həmişə güclü olub. Təxminən bir il bundan
əvvəl, Maydanda proseslər vüsət alarkən məni bir detal dəhşətli
dərəcədə təəccübləndirdi - məlum oldu ki, bu ölkə Leninin
heykəlləri ilə doludur.
Bəli, Ukraynada bu heykəlləri bir il bundan əvvəl götürdülər.
Bəlkə hələ bir xeylisi də qalıb. Ona görə də Ukrayna ilə Baltik
ölkələrini səhv salmaq lazım deyil. Düşünürük ki, belə səhvi hətta
Kremlin dəhlizlərində də etmirlər...