Yuxarı

Sizin qıçınız, bizim ürəyimiz...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq Bakı-2015 ilk Avropa oyunlarının həyəcanı yaşanır. Avropanın, eləcə də dünyanın nəzərləri ölkəmizdədir – necə deyərlər, nəzərdən uzaq olaq.

Bu günlər tarixin yeni bir səhifəsi olaraq oxunur. İllər keçəcək, yenə də oxunacaq. İdman - dostluq, sülh, əminamanlıq rəmzidir...

Bizi – ölkəmizi tanıyırlar... Dostlarımız da var, düşmənlərimiz də... Dost deyib əl uzatdığımız, düşmən bilib bizə dil uzadanlar da az deyil. Bunlar görünən, bilinəndir. Amma görünmədən, bilinmədən üzümüzə gülüb, uğurumuza dodaq büzən, haqqımıza göz dikənlər də "çoxdur" - çünki belələri az olsalar belə, çox görünürlər. Axı dost yüz olsa az, düşmən bir olsa çoxdur, deyiblər.

Dodaq büzənlərin dişləri dişlərinə kilidlənib artıq. İçlərində sancı, sifətlərində bu ağrıdan yaranan ifadə... ayaq üstə dura bilməyib büdrəyənlər, qol-qıçlarını sındıranlar da var – Con Kerri kimi...

Yəqin, dünyanın heç bir ölkəsi Azərbaycan qədər həsəd və paxıllıq hədəfinə çevrilməyib. Hansı ölkədə qonaq - qabağına qoyulan naz-neməti dada-dada ona bu nemətləri əta edən xalqa nifrin yağdırar?

Minlərlə idmançının, turistin, siyasət və mədəniyyət adamının gəldiyi, dəstək verdiyi olaya necə qara yaxmaq olar?

Olarmış demək, özlərini dünyanın ağası sayanlar sülhün, dostluğun əksinə də gedə bilərmiş.

Zatən onların başqa xalqlara bu cür yanaşmasını da anlamaq lazımdır. Bir "ari irq" ki, öz qaradərili vətəndaşlarını heç bir suçu olmadan küçələrdə sürüyür; bir hakimiyyət ki, yalnız qaradərili olduğu üçün onun əlindəki dönəri silah kimi qəbul edib öz vətəndaşını yerindəcə güllələyir; bir iqtidar polisi ki, onu haqsız yerə saxladığını deyən vətəndaşı bir neçə güllə ilə qətlə yetirir, ondan başqa xalqlara, onların ənənəsinə nə hörmət gözləyəsən?

Artıq hamımıza bəllidir ki, "beynəlxalq ictimai rəy" adlı bir anlayış yoxdur: ayrı-ayrı dövlətlərin maraqlarına xidmət edən "nüfuzlu beynəlxalq təşkilatlar" var ki, onlar da istədikləri vaxt – ağalarının basdığı düymə ilə ağa qara, qaraya ağ deməyi bacarırlar. İndi həmin təşkilatlar tumanlarının ətəyini əllərinə alıb, "virtual aksiyalarla" guya beynəlxalq rəyi "formalaşdırırlar". Hansı "beynəlxalq rəy"dən söhbət gedir? Kimyəvi silah bəhanəsi ilə qətlə yetirilən Səddam Hüseyn, ya dövlətin varını xalqına və özünə xərclədiyi, yadlara heç nə yedirtmədiyi üçün güllənənən Qəzzafi, cəhənnəmə döndərilən Şərqdirmi "beynəlxalq ictimai rəy"? Bu rəydən "çəkinənlər" dünyadakı qətliamların birbaşa baiskarı olduqları barədə suçlamalardan niyə ehtiyat etmirlər?

Yüz minlərlə insanın ölümünə səbəbkar olanlar nədənsə "bağışlayın, kəşfiyyatımız səhv məlumat vermişdi mənə" deyəndən sonra "beynəlxalq ictimai qınaq" yat-yut olur: sanki bu etiraf hər şey imiş, sanki bu etirafla hələ də nifaq saldıqları, savaş apardıqları ölkələrdə nizam düzəlir, öldürülən milyonlar dirilir, dünya sülhə boyanır. Hanı bu etirafların qarşısında beynəlxalq məhkəmələr? Niyə araşdırma aparıb, guya yanlış məlumatlarla milyonların ölümünə səbəb olanları cəzalandırmırlar?

İnsanlara sevgi, gülərüz, qonaqpərvərlik, qayğı, sülh lazımdır – Bakı da bütün bu rahatlığı öz narahatlığı, əziyyəti, zəhməti bahasına verirsə, Azərbaycandan daha nə istəyirsiz? Bakıda keçirilən və əslində daha çox Avropanın özünə lazım olan bu Oyunlar dünyaya bir sülh mesajıdır: İraq, Suriya, Misir, Liviya, Yəmən, Əfqanıstan, Pakistan, Ukraynanı... od içinə atanlar, İŞİD, Husi, Taliban, Əl Qaidə, Hizbullah, PKK, ASALA... yetirib, sonra da "terrorla mübarizə aparanlar" Bakı-2015-i nədən hədəfə alsın? Dünyaya "sülh və barışı yaymaq üçün" ölkə-ölkə gəzib, danışıqlar apardığını deyən, Ukraynanı qan çanağına döndərənlərdən saydığı Putinin görüşünə yüyürə-yüyürə tələsən Con Kerri qonaqların təhlükəsizliyi üçün minlərlə polisi gecə-gündüz çalışan, onların rahatlığı üçün minlərlə yeni maşınlar alan, yollar çəkən, əlində duz-çörəklə insanları qarşılayan Bakıya nədən dizin-dizin gəlmək əvəzinə, Bakı əleyhinə kampaniyaya başçılıq edir?

Rusiyanın Krımı ilhaq etməsini dərhal unudanlar bu ölkəyə qarşı sanksiyaları götürmək üçün sinov gedirlər: yalnız bir şərtləri var – Ukraynadan rus qoşunları çıxsın. Nooldu? Bəs, Krımın anneksiyası? Niyə bu şərti irəli sürmürsünüz? Avropanın ən böyük ölkəsini qan çanağına döndərib, slavyan qardaşları bir-birinə düşmən edib, indi də Rusiya ilə dil tapmaq üçün Soçiyə uçuşurlar...

Əlbəttə, bütün bunlar bir ölçüdür – dünyanın ölçü, mizan, tərəzisinin itdiyi, ədalətin gömüldüyünü göstərən ölçü...

Amma Bakı bütün qovğalardan uzaqdır – nə supergücdür, nə başqa torpaqları işğal edən, nə haqları pozan... Biz balaca ölkəyik, bizi vurmaq asandır, ancaq bizə ağalıq etmək çətindir. Bizə ağalıq üçün könüllərimizin fəthi lazımdır – bu barbar siyasətlə isə könüllər fəth olunmaz, qisas yaranar.

Bakı-2015 – bir sülh yarışması, barış bayramıdır. Bura ürəklə gəlib Atəşgahda alovlanan odumuza qızınanların bayramı mübarək olsun; odumuza yananlara, yıxılıb qol-qıçını sındıranlara isə - Con Kerri kimi - keçmiş olsun deyirik.

Unutmayın, sizin qırılan qıçınız sağalacaq, bəs, bizim qırdığınız qəlbimiz necə?

Tarix
2015.06.11 / 15:45
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Kimdir Mahirə Nağıqızı?..

Fərqanə, bu gün sənsiz gəldi...

Elə bil, vəsiyyət edirdi... - Aşıq Vüqar

Şərifin ifritə nənəsini...

Bakıya gedən yolu kəsən qəhrəmanlar - Video

Tərlan Qasımov təltif edildi - Foto

Göndərdiyin acılar sürüşür qucağımdan...

2017 yazarların yaddaşına belə köçdü - Sorğu

SSRİ-nin dağıldığı gün: Qorbaçovun Buşa məxfi zəngi - Mətn

Soyuq Arxangelsk, “Bakı” restoranı və doğma üzlər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla