Bu dünyada nə qədər dövlət varsa, bir o qədər də
müxtəlif siyasət, müxtəlif siyasi davranış tərzi və siyasi obrazlar
var. Amma elələri var ki, hətta ən zəki politoloqlar belə onların
davranışını yozmağa çətinlik çəkir.
Belələrindən biri, bəlkə də birincisi Rusiyadır... Deyəcəksiniz
ki, bu Rusiyada nə var axı: hər şey aydındı, bu ölkə özünün
totalitar və fövqəldövlət keçmişi üçün nostalji keçirir.
Bəli, müəyyən qədər haqlı da olacaqsınız. Elə böyük Ziqmund
Freyd də deyirdi ki, hətta yaşlı adamın davranışı onun uşaqlıqda
topladığı təcrübədən, uşaqlıq zamanı görüb-götürdüklərindən
asılıdır.
Bütün bunlarla razıyıq. Amma bu Rusiyada elə şeylər olur ki,
onlar qeyzlənmək üçün olmasa da, gülmək üçün bir xeyli predmet
verir. Məsələn, bu ölkənin hökuməti yaxın vaxtlarda vətəndaşların
2016-2020 illər üçün patriotik tərbiyəsinin əsaslarını müəyyən
edəcək strategiya qəbul edəcək.
Yenə də deyəcəksiniz ki, nə olsun ki? Bəlkə də günah məndədir.
Məsələni tam şəkildə açıqlaya bilmirəm.
Məsələ ondadır ki, Rusiyada bundan əlavə həm də "mədəniyyətin
ideoloji əsaslarını müəyyən edəcək sənəd" də qəbul edilməlidir. Bu
isə o deməkdir ki, bu dövlətdə totalitar rejimlərdə olduğu kimi
rəsmi ideologiya üçün bir növ qəribsəyiblər. Halbuki onun
konstitusiyasında hamının başa düşəcəyi tərzdə yazıblar ki,
Rusiyada heç bir ideologiya rəsmi dövlət ideologiyası kimi qəbul
edilə bilməz. Amma qəbul edirlər. Fəqət, bizim bu məsələ ilə bağlı
nəsə müzakirə etmək fikrimiz yoxdur. Bizə sadəcə, insanların
patriotik ovqatını və canatımını yönəltmək cəhdləri maraqlı
göründü.
Belə bir məşhur deyim var ki, patriotizm fırıldaqçıların son
sığınacağıdır. İndi Rusiyada da hakim partiya "patriotizm
defisiti"ndən narahatdır. Onlar nə istəyirlər? İstəyirlər ki,
insanlar ölkədə aparılan siyasətə dözsünlər. Bunun isə ən yaxşı
yolu psevdopatriotik şüarlar qışqırmaqdır.
Amma hər şey başqa cür ola bilərdi və olmalı idi. Rusiyanı
insanlar üçün maraqlı, yaşamaq üçün rahat və cəlbedici ölkə etmək
lazım idi. Əgər bu edilsəydi, heç bir "patriotik konsepsiya"ya
ehtiyac qalmayacaqdı.
Həm də Rusiyada patriotizm həmişə güclü olub. Tələbəlik vaxtı
bir rus dostum deyirdi ki, harasa qatarla getməyi sevir, çünki bu
halda o Rusiyanı hiss edə bilir.
Əsas da elə budur – Rusiyanı hiss etmək və duymaq.
Rusiya böyük dövlətdir, di gəl, onun problemləri də böyükdür.
İndi mən bu problemlərin mahiyyətinə varmayacam – rublun taleyi
necə olacaq, ölkə sanksiyalardan özünü necə hifz edəcək, Krımı
əlində saxlaya biləcəkmi? Bütün bunlar müəyyən qədər çeynənmiş
suallardır. Həm də hərənin bu suallara öz cavabı var.
Mənə gəldikdə isə Rusiya deyəndə yadıma həmişə Lev Tolstoy
düşür. Elə ona görə də düşünürəm ki, Rusiyanın böyüklüyünü hiss
etmək üçün qatara minmək lazım deyil, Tolstoyun bir kitabını əlinə
götürmək yetər.
Tolstoyun adını həm də bilirsiniz niyə çəkdim? Lenin onu "rus
inqilabının güzgüsü" adlandırırdı. Amma mənə elə gəlir ki, Tolstoy
daha çox rus patriotizminin aynasıdır.
"Hərb və sülh" romanı fransız dilində dialoqla başlayır. Bu, çox
simvolikdir. Güman etmək olardı ki, rus həyatı o qədər, elə bir
dərəcədə fransızlaşıb ki, ruslar düşünmədən Rusiyanı fransızların
ayaqları altına atacaqlar. Amma belə olmadı. Əksinə oldu.
Ona görə də siyasətçilər həmişə narahat olur ki, görən, cəmiyyət
nə qədər, nə dərəcədə patriotizmi hifz edə bilib? Əslində onlar ona
can atır ki, insanlar Rusiya deyəndə onları nəzərdə tutsun və
Rusiyaya yönəlik sevgilərini onlara tərəf yönəltsinlər.
Əslində, əksər avtoritar dövlətlər belədir. Amma Rusiya daha
xarakterikdir. Neçə illərdir ki, burada dövlət az qala sakral
mahiyyət kəsb edir. "Dözərik!" siyasətçilərin insanlardan eşitmək
istədiyi əsas sözdür.
Amma rusiyalı insanın haqqı var ki, "Biz niyə dözməliyik?"
desin. Soruşsun ki, bunun üçün bir zərurət varmı? Bəli, 1941-45-ci
illərdə insanlar dözdülər və o vaxtlar buna zərurət vardı.
İndi nədən ötrü dözsünlər? Putinin geosiyasi xülyalarının nə ilə
bitəcəyini gözləmək üçünmü?
Ən əsası bilirsiniz nədir? Dövlət "şişdikcə", böyüdükcə, onun
səlahiyyətləri artdıqca, cəmiyyət və fərd kiçilir, lap dönüb olur
"kiçik bir adam". Bu halda isə siyasətçilərə deyil, Qoqollara
ehtiyac yaranır, bəli, böyük dövlətdə kiçik adamın faciəsini yazmaq
üçün...