Ötüşməkdə olan həftənin
əvvəlində Tehranda qaz samittinin keçirilməsi haqqındakı xəbər son
vaxtlar daxili olayların daha çox nəzərə çarpdığı media gündəmində
özünə yer edə bilməsə də, hər halda kifayət qədər diqqət çəkən
məsələ idi.
Sammit həm də ən azı ona görə maraqlı idi ki, onun işində
nüfuzlu qaz ixracçılarının təmsilçiləri, o cümlədən də Rusiyanın
Prezidenti V.Putin də iştirak edirdi.
Amma bu, hələ məsələnin hamısı deyildi. Lap əvvəldə dedik ki,
sammit Tehranda keçirilirdi və bu adi bir təqvim məsələsi olsa da,
həm də başqa məna da daşıyırdı - sanksiyalardan sonra Tehran dünya
neft və qaz bazarına güclü sıçrayış etmək istəyir.
Düzdür, bununla bağlı hələ ki daha çox bəyanatlar verilir, çünki
sanksiyaların götürülməsi bir qədər ləng məsələdir, onları çox
böyük sürətlə qəbul edir, amma çətinliklə ləğv edirlər. Fəqət
Tehran artıq lap yaxın vaxtlarda gündəlik neft hasilatını bir
milyon barrelə çatdırmaq əzmindədir. Bu isə öz növbəsində o
deməkdir ki, dünya bazarında yaxın vaxtlarda neftin qiymətinin
artmasını gözləmək əbəsdir.
Amma qaz məsələsi də az əhəmiyyət kəsb etmir. Ona görə ki, cəmi
bir-iki il bundan əvvəl dünyadakı qarşıdurmanı təhlilçilər qaz
savaşı adlandırırdı. İndi bu savaşın növbəti mərhələsi başlaya
bilər.
Bəlkə də elə bunun nəticəsidir ki, Tehran hər vəchlə Moskvanı
inandırmağa çalışır ki, onun qazla bağlı planları Rusiyanı təhdid
etməyəcək. Amma bazar birdir, hamı da Avropaya can atır.
Elə Tehrana qarşı siyasətin dəyişməsinin əsas səbəblərindən biri
də Rusiyanın Avropa qaz bazarında monopoliyasına son qoymaq
istəyilə bağlı idi. Burada nüvə məsələsi də bir qədər yumşaq tonda
çözüldü - düzdür, İran nüvə tədqiqatlarına, uranın
zənginləşdirilməsilə bağlı işlərə "stop!" dedi, amma gəl, İrandakı
siyasi sistem toxunulmaz qaldı. Halbuki əvvəllər İranın siyasi
sistemi Qərbi, xüsusən də ABŞ-ı
onun nüvə işlərindən az qeyzləndirmirdi. Fəqət elə şərait yetişdi
ki, Qərb Rusiyanın Avropanın qaz bazarında monopoliyasına son
qoymaq üçün İranla danışıqlara getdi.
Dedik ki, sammit Tehranda keçrildi. Bəli, qaz ixrac edən
ölkələrin təşkilatı heç də neft ixrac edən ölkələrin birliyi kimi –
OPEK kimi sistemli və nizamlı deyil. Qaz ixracçılarının birliyi çox
amorfdur. Amma bəlkə də elə bu yaxşıdır, çünki bu halda
məhdudiyytələr olmur, hasilat həcmlərini bazarın özü
tənzimləyir.
Bu məsələlər Azərbaycan üçün də az əhəmiyyət kəsb etmir. Çünki
Azərbaycan da yaxın vaxtlarda öz qazını Avropaya çıxarmaq
niyyətindədir və hal-hazırda hər şey ondan asılı olacaq ki, görən,
kim öz nəql infrastrukturunu daha tez işə salacaq? İranın da nəql
infrastrukturu hələ tam gücü ilə hazır deyil. Burada da bir çox
məsələlər - tranzit ölkələrindən tutmuş qazın necə nəql etməsinə
qədər bir çox məsələlər hələ həllini gözləyir.
Fəqət, əsas əzmdir. Güman edirik ki, Qərb İrana qarşı tətbiq
edilmiş sanksiyaları götürsə, bu ölkə bir çox problemləri tez bir
zamanda həll etməyə və öz qazını Avropaya çıxarmağa qadirdir.
Həm də İranın əsas rəqibi Rusiyadır. Rusiya ilə bağlı Qərbin
problemləri isə olduqca çoxdur. Bəli, Suriya Ukraynanı bir az arxa
plana keçirdi. Amma bunu tamam unutdurmadı, hətta dağılmış Suriya
da Rusiya ilə ABŞ-ın yarış meydanına çevrilib. B.Obama deyir ki,
yaxın vaxtlarda İŞİD-i məhv edəcəyik! V.Putin də deyir ki, İŞİD-ə
heç bir aman verilməyəcək! Təxminən eyni sözləri F.Olland və ya
D.Kemeron da deyir. Amma onlara kim və nə mane olur? Təkcə Bəşər
Əsədmi? Güman etmirik. Təbii ki, ABŞ-ın mövqeyində rasional cəhət
var və biz də hesab edirik ki, Əsəd hakimiyyətdən getməyincə
Suriyada yaxşını pisdən, normal müxalifəti İŞİD-dən ayırmaq mümkün
olmayacaq.
İndi Rusiya nə edir? Faktiki olaraq Bəşər Əsədə müxalif olan
bütün qüvvələrin mövqelərini vurur - burada isə ABŞ-ın dəstəklədiyi
müxalifət də var.
Həm də Suriya bir yarış meydanıdır, bir səhnədir. Ruslar özləri
etiraf edir ki, Suriya Rusiya silahlarının sınaq meydanına
çevrilib. Rusiya üçün bu böyük və çoxkomponentli dünya siyasət
teatrında bir debütdür. Çoxdan idi ki, bu ölkə dünya məsələlərinə
bir o qədər də dərindən baş vurmurdu. İndisə məqam yetişib.
Bunları niyə yazırıq? Suriya məsələsində İranla Rusiya
müttəfiqdir. Ona görə də belə düşünmək olardı ki, İran qazla bağlı
planlarını Rusiya ilə koordinasiya edəcək. Bu iki ölkəni həm də
ABŞ-a qarşı neqativ siyasi münasibət birləşdirir. Amma düşünürük
ki, maraq maraqdır – bir yerdə başlayan dostluq başqa bir yerdə
bitir və rəqabətə çevrilir. Düşünürük ki, bu dəfə də belə olacaq –
dostlar həm də rəqiblərə çevriləcəklər...