Rusiya ilə Türkiyə arasında yaşanan gərginlik bu iki
dövlətin münasibətlərilə məhdudlaşmadı. ABŞ və NATO bir tərəfə, çox
tez bir zamanda hətta bəzi MDB ölkələri belə problemin çözülməsi
üçün öz xidmətlərini təklif etdilər və bu prosesdə bəlkə də birinci
Azərbaycan oldu.
Rəsmi Bakı insident baş verəndən az sonra münasibətləri yoluna
qoymaq üçün öz vasitəçiliyini təklif etdi. Qeyd edək ki, Bakı təkcə
bununla da məhdudlaşmadı. Gürcüstanla Rusiya sərhədində toplanıb
qalan maşınlar Azərbaycan ərazisindən Xəzər dənizi vasitəsilə
Mərkəzi Asiya ölkələrinə yola salındı.
Elə Türkiyə özü də MDB–nin türk dövlətlərinin vasitəçilik
potensialını dərhal qiymətləndirdi. Parisdə keçirilən iqlim
problemlərilə bağlı tədbir öncəsi Türkiyə prezidenti Qazaxıstan
prezidentindən onunla V.Putin arasında vasitəçilik etməsini xahiş
etdi. N.Nazarbayev də dərhal buna razılıq verdi və özünün radio
müraciətində bildirdi ki, o, Türkiyə ilə Rusiyanın münasibətlərinin
yaxşılaşması üçün çox çalışıb və indi istəməzdi ki, onun bu səyləri
heç olsun.
Amma Paris toplantısında ümidlər doğrulmadı. Rusiya prezidenti
Türkiyənin prezidentilə görüşməkdən imtina etdi.
Bundan bir gün əvvəl isə o, Türkiyəyə qarşı tətbiq ediləcək
sanksiyaların siyahısını təsqdiq etdi. Kimi bu siyahını mülayim,
kimi də çox kəskin siyahı kimi qiymətləndirdi. Hiss olunan isə
budur ki, Rusiyanın siyasi isteblişmenti Türrkiyəyə qarşı
sanksiyaları bir o qədər də təqdir etmir.
Hətta bu günlərdə rusiyalı təhlilçilərin biri yazmışdı ki, rəsmi
Moskva təkcə Suriya səmasını təmizləmədi, həm də ölkənin
dükanlarının piştaxtalarını silib–süpürdü. Bəli, baş vermiş
prosesləri belə qiymətləndirənlər də var. Təbii ki, əks cəbhənin –
Türkiyəyə sərt cavab verməyin tərəfdarları daha çoxdur. Amma burada
barmaq hesabı yox, daha çox dəmir mənitq tələb olunur.
Bəlli olduğu kimi, Rusiyanın özünə qarşı geniş sanksiyalar
tətbiq olunub. Bu sanksiyaların nəticəsində ölkə iqtisadiyyatına
dəyən ziyan milyardlarla dollarla ölçülür. Düzdür, hökumət adamları
daim bunun həcmini azaltmağa və bir qədər optimist görünməyə
çalışrılar. Fəqət, məsəl var, deyirlər ki, cidanı çuvalda gizlətmək
olmaz. İndi Rusiya özünün Türkiyə ilə əlaqələrini məhdudlaşdırmağa
çalışır. Amma Türkiyə Rusiyanın ticarət dövriyyəsində ilk iki
yerdən birini tutur. Bunun özü Rusiyanın necə bir riskli oyuna
girdiyinə dəlalət etmirmi? Təbii ki, edir. Amma Putin normal
məntiqlə hesablaşmağı bir o qədər də sevmir.
Olsun. Fəqət burada məsələ tək ticarət dövriyyəsində deyil.
Rusiya bir faktı prinsipial olaraq nəzərə almır. Bu ölkə
əhəmiyyətli dərəcədə türk amilindən asılıdır. Ukraynada baş
verənlər slavyan ittifaqı haqqındakı mifi dağıtdı. İndi MDB-də,
eləcə də Avrasiya İttifaqında "musiqi"ni türk dövlətləri sifariş
edir. Avrasiyanın lider dövlətlərindən biri Qazaxıstandır. Elə bu
ölkədə də Rusiyanın Türkiyəyə qarşı sərt davranmasını heç təqdir
etmirlər, ona görə ki, damarlardakı qan bunu diqtə edir. Hətta
N.Nazarbayev özü bununla razılaşmağa məhkumdur.
Bəli, demək olar ki, ortada Belarus, eləcə də A.Lukaşenko var.
Fəqət həmin A.Lukaşenko da Azərbaycanla əlaqlərinə Rusiya ilə
əlaqələrindən bir o qədər də az əhəmiyyət vermir. Bir neçə il
bundan əvvəl Rusiya onu dalana sıxarkən onu bu vəziyyətdən
Azərbaycan çıxarmışdı və Belarusda bunu təbii ki, yaddan
çıxarmayıblar. Ona görə Türkiyə məsələsində potensial
vasitəçilərdən biri də Belarusdur. Belə ümid edilir ki, Azərbaycan
xahiş etsə, A.Lukaşenko da Türkiyə ilə Rusiya arasında vasitəçilik
etməyə razılıq verəcək və özü də bunu məmnuniyyətlə edəcək, çünki
qeyd etdiyimiz ki, bu ölkə Azərbaycandan yalnız yaxşılıq görüb.
Qərəz, indi çox variantları götür-qoy etmək olar. Böyük
ehtimalla demək olar ki, Rusiya Türkiyəyə qarşı təzyiqlərində tamam
təkdir. Bəlkə də ona bu prosesdə təkan verməyə çalışan yalnız
Ermənistan və ermənilərdir. Amma onlar da Rusiyanın deyil,
özlərinin problemlərini həll etməyə çalışrılar. Elə bir qədər
təəccüb doğuran da budur: nədən Moskvada bunu görmürlər?
Rusiyada başa düşməlidirlər ki, türk dünyası ilə əməkdaşlıq
onların maraqlarına daha çox cavab verir, nəinki qarşıdurma. Təbii,
biz demirik ki, Türkiyənin heç bir qüsuru yoxdur. İndi nə etmək
olar? Rusiyada da razılaşmalıdırlar ki, Suriyada müharibə gedir.
Müharibədə isə əsgərlər ölür...