İnsanlar kimi zövqlər və
baxışlar da müxtəlifdir. Görürsən ki, kimisə futbolçunun çox
məharətlə topu qapıya ötürməsi, digərini atletin çox ağır bir yükün
öhədəsindən necə gəlməsi, başqa birisini müğənninin məlahətli səsi,
kimisə də hətta qəssabın əti sümükdən ayırması heyrətə
gətirir.
Burada qəti söz demək, kimin daha üstün zövqə malik olmasını
iddia etmək elə də asan deyil. Amma ildə iki həftə olur ki, şəxsən
mən insan olduğumdan, yaradıcı və şüurlu varlıq olduğumdan qürur
duyuram. Bu, Nobel həftələri olur. Hər il payızda Nobel mükafatları
elan olunur və dekabrda da onların təqdim olunma mərəsimi
keçirilir.
Bu həftə, daha doğrusu, dekabrın 10-da növbəti Nobel mükafatları
təqdim olunacaq. Mən adətən fizika və bir də ədəbiyyat sahəsindəki
təltifləri izləyir və onların kursunda olmağa cəhd edirəm.
Bu iki sahədə Nobel komitəsi bu il bizi həqiqətən də
təəccübləndirdi. Əvvəlcə fizika sahəsilə bağlı bir-iki cümlə
fikrimi bölüşmək istəyirəm.
Fizika sahəsində bu il mükafatın keçmiş sovet, indiki Amerika
fizikləri A.Lindeyə və A.Starobinskiyə veriləcəyi gözlənirdi. Amma
Nobel komitəsi bu dəfə başqa qərar verdi. Mükafata layiq kəşf
spesifik fizika bilgisi tələb etdiyindən onun üzərində
dayanmayacağam. Həm də bu haqda artıq bir dəfə yazmışam.
Sadəcə, onu deyim ki, mən A.Lindeni və A.Starobinskini çox
görmüşdüm. Əminəm ki, Nobel komitəsi bu iki adamı nə vaxtsa bir
daha yada salacaq. Burada isə onu deyim ki, A.Starobinski çox
maraqlı alim idi. O, elə də yaxşı danışa bilmirdi, kəkələyirdi.
Amma bu ona seminarlarda xarici məruzəçiləri tərcümə etməyə mane
olmurdu. Heç kim də onun kəkələməsindən elə bir diskomfort
duymurdu. Ən azı ona görə ki, bir də görürdün o deyir: "Sual budur.
Cavab isə belə olacaq..." Belə anlarda hamı dərk edirdi ki, bu
kəkələyən gənc alim əslində sadə adamlar arasında dolaşmağa məcbur
olan dahidir.
A.Linde də maraqlı insan idi. Sovet vaxtı, A.Saxarovun sürgündə
olduğu vaxtlarda o, tez-tez Qorki şəhərinə gedir, bu böyük alimə
baş çəkirdi. İndi bu, adama adi bir şey kimi görünür. Amma Saxarov
sürgündə təhlükəsizlik xidmətlərinin ciddi nəzaərti altında
yaşayırdı. Yəqin ki, hər dəfə Qorki şəhərinə, A.Saxarova baş
çəkəndən sonra onlar A.Lindeni bərk sorğu-suala tuturlarmış.
Elə ədəbiyyat sahəsində də Nobel mükafatı az təəccübləndirmədi.
Yadıma gəlir, rusların məşhur nəşrlərindən biri proqnoz vermişdi
ki, bu il Nobel M.Kunderaya qismət olacaq. Amma onu belaruslu
jurnalist və yazıçı S.Aleksieviç aldı. Doğrusu, mən bu yazarı
oxumamışam. Bircə onu bilirəm ki, bu yazıçının əsərindən götürlümüş
bir ifadə 80-ci illlərin axırlarında çox dəbdə idi, yaman tez-tez
işlənirdi.
Bəli, deyirlər ki, ədəbiyyat və siyasət sahəsində Nobel
mükafatları subyektiv çalarlardan xali olmur. Ola bilər. Amma heç
kim deyə bilməz ki, bax, filankəs Nobelə layiq deyildi, amma
aldı... Bəlkə də belə demək olardı ki, böyük yazarların heç də
hamısı Nobel mükafatı almayıb, amma alanların hamısını bir nəfər
kimi böyük yazar adlandırmaq olar.
Qərəz, bu həftə ən azı televiziyalar Nobel təltiflərini
xəbərləyəcəklər. Yenə də Azərbaycan və özümüz yada düşəcəyik ki,
niyə bizdə Nobel laureatları yoxdur? Hələlik yalnız bircə bakılı –
L.D.Landau bu mükafata, Nobelə layiq görülüb.
Amma bildiyimə görə iki azərbaycanlının - Y.Məmmədəliyevin və
M.Topçubaşovun bu mükafata layiq görülməsi müzakirə predmeti olub.
Gəl ki, hər dəfə bir problem çıxıb ortaya və nəticədə də bu iki
böyük alim Nobel sahibi ola bilməyib.
Fəqət bundan bikef olmaq lazım deyil – bir az əvvəldə dedim ki,
layiq olanların heç də hamısı bu mükafatı almayıb. Həm də bu, bir
bəşəri məsələdir və üstəlik, unutmaq lazım deyil ki, bu il Nobel
mükafatı alanların sırasında türk əsilli ABŞ kimyaçısı da vardı. O,
Nobel mükafatı almış ikinci türkdür.
Əsas odur ki, kimliyindən, hansı millətə mənsubluğundan asılı
olmayaraq bu insanların hamısı bizim dünyagörüşümüzü, mənəvi
dünyamızı zənginləşdirməklə məşğuldurlar. Onlarla birlikdə biz hər
il bir boy böyüyürük və insan olduğumuzdan qürur duyuruq.
Ona görə də gəlin bu Nobel həftəsini diqqətlə izləyək. Qoy, bu
günün ziyası bizim də üstümüzə düşsün.
Bu gün həqiqətən də ziya günüdür, ziyalı günüdür. Nobelin öz
sərvətini necə qazanması haqda bizim yazarların dürlü
mülahizələrini də unudaq, çünki bu, heç nəyi həll etmir. Bakı
neftinin sayəsində varlanan çox olmuşdu. Amma gəl ki, Nobel çox
olmadı. Cəmi bir nəfər oldu...