Nədənsə son dövrlərdə (oxu: mason dövrlərdə) millətin
günü, həftəsi, qapısının cəftəsi və kasasında küftəsi
üçbucaqlaşmaqda. Ciddi, tarixi məsələlərdə gözünü döyən gənclərimiz
masonluq mövzusunda qucaqlaşmaqda. Son vaxtlar yenə də Bakıdakı
mason lojaları və masonik tikililərlə bağlı söz-söhbətlər
artmaqda.
Kimlərsə super marketlə parkdakı tualetlərin birləşməsindən bir
üçbucaq forması yaradıb, camaat da düşüb ortalığa ki, bəs, ay
millət, tualeti və "Koroğlu" metrosunu masonlar kəşf edib.
Ümumiyyətlə, masonluq kimi min illik tarixi və 3 yüz illik siyasi
sistemi olan böyük bir təşkilatı "Koroğlu" metrosuna bağlamaq
masonluğu hörmətdən, Qoç Koroğlunu atdan salmaqdı.
Bir dostum masonların Bakıda toplaşdıqları bunkerlərdən
danışanda demişdi ki, "İçərişəhər" metrosunun sağ tərəfi fəaliyyət
göstərmir. Bax, məhz o hissədə - tuneldə mason lojası var,
azərbaycanlı masonlar da orada toplaşırlar. 2-3 həftə sonra eşitdim
ki, bunu "İçərişəhər" metrosunda şübhəli şəxs kimi saxlayıblar. Hər
gün gedib dəmirlərin arasından boylanıb ora baxırmış. Polis də
gəlib bunu qoltuğuna vurub aparıb bölməyə. Ordan da yollayıblar
dəlixanaya ki, bu adamın başı çatmır, gözünə yadplanetlilər
görünür.
İndi bəla mason lojaları deyil, bəla gəncliyin yaşından-başından
böyük məsələlərə baş qoşmasıdır. Axı niyə bir vaxtlar at çapmaqda,
qılınc oynatmaqda hamını keçən Azərbaycan gəncliyi dəyişib bank
çapmaqda, ot çəkməkdə Kolumbiyanı ötdü? O Kolumbiya ki, həm də
dünyaya Markes kimi dahi gətirib, Şakira kimi ulduz yetirib. Yaxşı,
qardaş, Şakira, Markes kimi məşhurlar narkobaron Pablo Eskobarın
qohumlarıdır, axı sən Babəkin oğlu idin. Bəs niyə özünü hələ də
Novruzəli kimi aparırsan? Axı niyə biz Markesdə yox, Mameddə ilişib
qalmışıq?
Bizim məğlubiyyətimiz bu oldu ki, sovet dövründə Rusiyanı,
müstəqillik dövründə də Türkiyəni təqlid elədik. "Santa Barbara"lı
illəri Küçük Əmrahlı filmlər əvəz etdi. Mahiyyət etibarı ilə elə də
ciddi dəyişiklik olmadı. Sadəcə, gödəkcəni çıxarıb, pencək
geyindik. Amma bəla bu da deyil, bəla budur ki, biz pencəyimizi də
soyunduq.
Çox təəssüf ki, Türkiyə ədəbiyyatı bizə Orxan Pamukla yox, Harun
Yəhya ilə ayaq açdı. Təkcə biz yox, Türkiyə də öz mədəniyyətini
dünyaya çıxarmaqda yanlışlara yol verdi. Deyirdilər ki, Harun Yəhya
təkamül nəzəriyyəsini dünya səviyyəsində çökdürüb. Vallah, biz bir
türk ulusu olaraq bu iddia ilə özümüzü bütün dünyada rüsvay edirik.
Gülürlər bizə. Hətta heykəltəraşlıq nümunələrini "Quranı yandıran
qız bu vəziyyətə düşdü" adı ilə Avropaya sırımaq istədik. Böyük
biabırçılıq yaşadıq. Adi heykəlləri öz əttökən mifik düşüncəmizlə
cəmiyyətə təqdim edib gülünc duruma düşdük. Avropa bizi masqaraya
qoydu. İndi də durub deyirik ki, Şərq mədəniyyətin beşiyidir. Qərb
də bizə sübut etdi ki, indi Şərq bir torba cəhalət yeşiyidir.
Tövləsində iki eşşəyin arpasını bölə bilməyən Mayıl əmi nəyə
görə anidən İndoneziyada iqtisadiyyatın təmərküzləşməsi prosesinə
görə narahat olsun axı? Evdə bir dənə dılğır oğlunun öhdəsindən
gələ bilməyənlər durub Putinə, Ərdoğana barmaq silkələyir, Obamaya
ağıl öyrədir. A kişi, Obama hələ 50 il bundan sonranın dünya
düzənini yazıb oturub. Get kartofunu sat, mal-qaranı saxla.
Övladına elm öyrət ki, onu da evində mal-qara kimi
saxlamayasan.