Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun
iyulun 15-də dövlət çevrilişinə cəhd və ondan sonrakı proseslər
barədə AzərTac-a məxsusi müsahibə verib. Müsahibəni
təqdim edirik.
- Cənab səfir, qardaş Azərbaycan və Türkiyə hər zaman
bir-birinin yanında olub. Hər iki ölkə birlikdə dünya miqyaslı
enerji və nəqliyyat layihələri həyata keçirir. Bununla yanaşı,
ölkələrimizdə hər hansı hadisə baş verdikdə ilk reaksiya da məhz
Türkiyə və ya Azərbaycandan gəlir. Bu baxımdan, qarşıya çıxan
çağırışlar, dostluq, qardaşlıq əlaqələri, eləcə də Türkiyədəki 15
iyul hadisələri ilə bağlı fikrinizi bilmək maraqlı olardı. Qardaş
ölkədə dövlət çevrilişi cəhdini Azərbaycan birincilər sırasında
kəskin surətdə pislədi, xalqın seçdiyi hakimiyyətə, demokratiyaya
qarşı zorakılığın yolverilməzliyini bəyan etdi.
- Həqiqətən də iyulun 15-də Türkiyə müasir tarixinin ən böhranlı
gününü yaşadı. Həmin gün baş verən hadisələr hər hansı siyasi
partiyaya və ya şəxsə qarşı deyil, sözün tam mənasında,
konstitusion quruluşun devrilməsini hədəfə alan, Türkiyənin
çökdürülməsi məqsədinə xidmət edən xainlərin cəhdi idi. Bu baxımdan
bunu çağdaş tariximizin ən mühüm dönüş nöqtələrindən biri olaraq
görürük.
Türkiyə Cümhuriyyəti demokratiya üçün çox ciddi təhlükəni
sovuşdurdu. Belə təhlükəli məqamda digər ölkələrin göstərdikləri
həssaslıq, həmrəylik bizim üçün çox vacib idi. Azərbaycan hər zaman
olduğu kimi, bu dəfə də qardaş Türkiyənin yanında oldu. Amma
qardaşlıq həmrəyliyi nümayiş etdirməsindən daha çox Azərbaycanın
mövqeyinin bütün dünyaya örnək göstərilməli olan digər bir cəhəti
də var. O da budur ki, Azərbaycan birmənalı olaraq, Türkiyədə
demokratiyanın, konstitusion quruluşun, hakimiyyətin xalqa
məxsusluğu prinsipinin tərəfində durdu. Mən bunu həmişə
vurğulayıram ki, Azərbaycan və Türkiyə bütün məqamlarda bir-birinin
yanındadır. Amma bu məsələdə Azərbaycan dünyaya demokratiya dərsi
verdi. Azərbaycan həqiqətin tərəfində durdu və ilk anlardan
etibarən Türkiyə ilə möhkəm həmrəylik nümayiş etdirdi.
Bu həmrəylik yalnız dövlət səviyyəsində olmadı. Eyni zamanda,
xalq da həmişəki kimi, öz dəstəyini bildirdi. Həmin gecə təxminən
saat 3 radələrində mən küçəyə çıxaraq, səfirliyin binası qarşısına
toplaşan Türkiyə və Azərbaycan vətəndaşlarına müraciət etdim,
onlara minnətdarlığımı bildirdim. Türkiyədə meydanlara çıxıb
hakimiyyəti müdafiə edən xalqımız da, Prezidentimiz də, Baş
nazirimiz də, xarici işlər nazirimiz də qardaşlıq dəstəyinə və
ədalətli mövqeyinə görə Azərbaycana minnətdarlıqlarını ifadə
etdilər.
Bu həmrəylik, hörmətli Prezident İlham Əliyevin dediyi kimi,
ikitərəfli əlaqələrimizin ən yüksək səviyyədə olduğunu bir daha
göstərdi. Azərbaycan ilə Türkiyə region üçün çox böyük əhəmiyyətə
malik layihələr reallaşdırır. Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum var. Bundan başqa, TANAP, Bakı-Tbilisi-Qars
dəmir yolu layihələrini həyata keçiririk. Türkiyə və Azərbaycan bu
layihələri həyata keçirməklə həm tarixən sahib olduqları imkanları
birləşdirərək ciddi uğurlar qazanır, həm də sadəcə öz xalqları, bir
olan millətimiz üçün deyil, başqa ölkələr üçün də əlverişli
imkanlar ortaya qoyur. Hesab edirəm ki, bu, sözün əsl mənasında,
dünyada nümunə göstərilə biləcək iki ölkənin qardaşlığı ilə yanaşı,
praqmatik səviyyədə öz imkanlarını mükəmməl şəkildə birləşdirərək
necə müsbət nəticələr əldə edilməsinin gözəl bir örnəyidir.
Eyni zamanda, iqtisadi, siyasi, təhlükəsizlik baxımından dünyada
yaşanan çətin dövrdə belə müsbət örnək mühüm əhəmiyyət daşıyır.
Belə bir dövrdə görülməli olan da məhz budur. Hesab edirəm ki,
ölkələrin bizim Azərbaycan ilə etdiyimiz kimi, bir araya gəlib
imkanlarını birləşdirərək həm özləri, həm də dünya üçün müsbət
nəticələr əldə etmələri çox səmərəli və önəmli olar.
- Bundan əvvəl İstanbulda Atatürk Hava Limanında terror
aktının, daha sonra dövlət çevrilişi cəhdinin Türkiyənin region
ölkələri ilə münasibətləri normallaşdırdıqdan dərhal sonra baş
verməsini necə izah edə bilərsiniz? Sizcə, həm Atatürk Hava
Limanındakı terror aktı, həm də dövlət çevrilişi cəhdi bu
normallaşma prosesini hədəfə aldığını deməyə əsas
verirmi?
- Həm terror aktı, həm də dövlət çevrilişi cəhdi zaman etibarilə
Türkiyənin Rusiya, xüsusilə İsrail ilə ikitərəfli əlaqələrində olan
gərginliyi aradan qaldırmaq üçün bu ölkələrlə danışıqlar apardığı
vaxta təsadüf etdi. Beləliklə, belə bir ardıcıllığın olduğu
doğrudur. Ancaq tarixi baxımdan belə bir ardıcıllıq olsa da,
onların bir-biri ilə bağlantısının olub-olmadığını deyə bilmərəm.
Mən bir diplomat, Türkiyənin Azərbaycandakı səfiri olaraq, bunu
tədqiqatçıların öhdəsinə verməyin tərəfdarıyam. Bu məsələ ilə bağlı
daha doğru dəyərləndirmə etmək üçün mülahizələrdən uzaq durmağın
səmərəli olduğunu düşünürəm. Ona görə də bu ehtimalı diqqətdə
saxlayaraq, işimizi davam etdirməliyik.
Türkiyə Cümhuriyyətinin Baş naziri vəzifəyə təyin edildikdən
sonra dedi ki, biz həm daxildə, həm də xaricdə dostlarımızın sayını
artırmaq, düşmənlərimizin sayını azaltmaq üçün konstruktiv iradə
ortaya qoyacağıq. Həm İsrail, həm də Rusiya ilə gərginliklərin
yaşandığı dövrdən etibarən ortaya qoyduğumuz əsas parametrləri
yenidən xatırladaraq və bu ölkələrlə möhkəm təməllərə söykənərək, -
onların da eyni addımları atması sayəsində, - razılığa gələ bildik
və ikitərəfli əlaqələrimizin inkişafı istiqamətində mühüm məsafə
qət etdik. Bu, son dərəcə böyük əhəmiyyət daşıyır. Təbii ki, biz
bunu yalnız Rusiya və İsrail ilə məhdudlaşdırmaq istəmirik.
Məqsədimiz Türkiyə xarici siyasətinin keçmişdən gələn prinsiplərinə
uyğun olaraq, hamı ilə konstruktiv əsasda, fikir ayrılıqlarımızı da
müzakirə etmək yolu ilə münasibətlərimizin inkişafını davam
etdirməkdir.
Atatürk Hava Limanındakı terror aktı birinci deyildir. Təəssüf
ki, keçmişdə də, yaxın dövrdə də Türkiyədə bir neçə terror aktı
törədilib. Bütün bunları siz yaxşı bilirsiniz. Həmin terror aktları
zamanı Azərbaycan bizimlə güclü həmrəylik nümayiş etdirdi. Burada
diqqət yetirilməli məqam odur ki, bütün bunlar yalnız Türkiyəyə
məxsus problemlər deyil. Fransada, ABŞ-da, İraqda, Pakistanda,
Banqladeşdə, Belçikada, Almaniyada olan hücumları gördük. İndi
dünya ciddi terror dalğasının ağuşundadır. Türkiyə həssas bölgədə
yerləşdiyi üçün bundan daha çox əziyyət çəkir. Lakin biz təkcə
Türkiyəni deyil, bütün ölkələri, bəşəriyyəti narahat edən ortaq bir
problemlə qarşı-qarşıyayıq. Bu həqiqətləri görmək lazımdır.
Azərbaycanlı qardaşlarımızın bir məsələyə daha yaxşı diqqət
yetirmələrini istəyirəm. Hazırda Türkiyənin bütün hava
limanlarında, turizm bölgələrində, mühüm strateji məntəqələrində
çox ciddi təhlükəsizlik tədbirləri görülür. Bu baxımdan Türkiyədə
narahatlığa əsas yoxdur. Onlar yay tətili mövsümündə
istirahətlərini Türkiyənin turizm bölgələrində əmin-amanlıq
şəraitində keçirə bilərlər.
Bir məsələni də qeyd etmək lazımdır ki, terrorizmə qarşı ciddi
mübarizə aparılmalıdır. Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi
tamamilə başqa bir məsələdir. O da bir terror fəaliyyətidir. Lakin
tamamilə başqa ölçüdə terror fəaliyyətidir. Bu istiqamətdə yaşanan
prosesləri çox yaxşı bilirsiniz. Xalqımızın küçələrə axışması
sayəsində çevriliş cəhdinin qarşısı alındı. Üstəlik, Türkiyədə
demokratiyanı məhv etmək məqsədi güdən bu cəhd nəticəsində tam
əksinə, demokratiya qələbə qazandı. Türk xalqı demokratiyaya sahib
çıxaraq, öz iradəsini ən güclü şəkildə ortaya qoydu. "Türk xalqı"
ifadəsini təsadüfən işlətmədim. Hər kəs siyasi partiya
mənsubiyyətini bir tərəfə qoydu. Həmin hadisədən bir gün əvvələ
qədər Türkiyənin daxili siyasi səhnəsində olduqca ciddi
mübahisələr, müzakirələr aparılarkən, iyulun 15-dən etibarən hər
gecə demokratiya növbəsi adı altında şəhərlərimizdə çox böyük
tədbirlər təşkil olunur. Həmin tədbirlərə baxsanız, daha çox
Türkiyə bayrağını görərsiniz. Siyasi partiyaların şüarlarını,
konkret hansısa bir ideologiyanın ön plana çıxdığını görə
bilməzsiniz. Bütün millətimiz, Türkiyə Cümhuriyyəti vətəndaşları
"tək bir yurdumuz, tək bir dövlətimiz var" düşüncəsi ilə hərəkət
edərək birlikdə dövlətə sahib çıxdılar. Bu, onu göstərir ki,
Türkiyədə demokratiya bu proseslərdən, sözün tam mənasında,
güclənərək çıxdı.
Düzdür, şəhidlərimiz oldu, kədərli hadisələr yaşadıq. Təəssüf
doğuran hal odur ki, bu çevriliş cəhdi tarixən qürur mənbəyimiz
olan Türkiyə Silahlı Qüvvələrinin içində yuva salan bir qrup vətən
xaini tərəfindən törədildi. Amma həmişə dediyimiz kimi, Türkiyə
Silahlı Qüvvələri qürur mənbəyimiz olaraq qalacaq. Lazımi tədbirlər
görülür və görüləcək. Təkcə Silahlı Qüvvələrdə deyil, bütün dövlət
qurumlarında təmizləmə işləri aparılır. Türkiyə bu prosesdən həm
demokratiyasını gücləndirərək, həm də sistematik yalnışlıqlarını
müəyyənləşdirib aradan qaldıraraq çıxacaq və yoluna davam
edəcək.
İyulun 28-də Ali Hərbi Şuranın toplantısı keçirildi. Silahlı
Qüvvələrimizdə yeni təyinatlar oldu. 15 iyul hadisələrindən qısa
zaman keçməsinə baxmayaraq, Türkiyə həm Silahlı Qüvvələrin
tərkibində ciddi addımlar atmaqda, həm də sistematik problemləri
həll etməkdədir. Biz güclənərək yolumuza davam edəcəyik. Bundan heç
kimin şübhəsi olmasın.
- Hazırda Türkiyədə Fətullahçı terror təşkilatının
üzvlərinin üzə çıxarılması istiqamətində qətiyyətli tədbirlər
görülür. Ölkədə üç ay müddətində fövqəladə vəziyyət elan edilib.
Bunu zəruri edən hansı amillərdir və fövqəladə vəziyyət müddətində
hansı tədbirlərin görülməsi planlaşdırılır? Ümumiyyətlə, 15 iyul
dövlət çevrilişi cəhdi və sonrakı proseslər ölkə həyatına, xüsusilə
iqtisadiyyata, turizmə necə təsir etdi?
- Dövlət çevrilişinə cəhddən sonra Türkiyədə fövqəladə
vəziyyətin elan edilməsi təbiidir. Fövqəladə vəziyyət Türkiyə
Cümhuriyyəti Konstitusiyasında əksini tapan və müəyyən şərtlərdə
hökumətin elan edə biləcəyi bir tədbirdir. Hökumətimiz də buna
əsaslanaraq fövqəladə vəziyyətin tətbiqi barədə qərar qəbul edib.
Fövqəladə vəziyyətin elan olunması Türkiyənin qoşulduğu beynəlxalq
müqavilələrlə də ziddiyyət təşkil etmir. Türkiyə "İnsan
hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa
Konvensiyası"nı imzalayan ölkələrdən biridir. Fövqəladə vəziyyət
yarandığı təqdirdə dövlət tərəfindən lazımi tədbirlərin görülməsi
ilə bağlı müddəa bu Konvensiyada da əksini tapıb. Beləliklə, biz bu
qərarı qəbul etməklə nə daxili hüquq, nə də beynəlxalq müqavilələr
baxımından yanlış addım atmamışıq. Türkiyə hüquqi, demokratik
dövlətdir və bütün addımlarını bu prinsiplər çərçivəsində atır və
atmaqda davam edəcək.
Xüsusilə vurğulamaq istəyirəm ki, Türkiyənin gördüyü tədbirlər
əsasən Qərbdə son dərəcə yanlış prizmadan şərh edilir. Halbuki
dünyada fövqəladə vəziyyət elan edən yeganə ölkə Türkiyə deyil.
Türkiyə bunu nə zaman etməyə qərar verdi? Türkiyə bu qərarı
parlamentimizin Silahlı Qüvvələrimizin daxilindəki müəyyən qrup
tərəfindən bombalandığı, ölkədə demək olar ki, vətəndaş müharibəsi
təhlükəsi yarandığı zaman qəbul etdi. Bu qərarı Atatürk Hava
Limanında törədilən terror hücumundan sonra qəbul etmədik. Daha
əvvəlki terror hücumlarından sonra da qəbul etmədik. Fransaya
baxın, terror hücumları oldu. Təbii ki, terror aktlarının
nəticələri çox dəhşətlidir və heç kim buna az əhəmiyyət verdiyimi
düşünməsin. Biz bu məsələdə Fransa xalqı, həmçinin terror
hücumlarına məruz qalan hər kəslə tam həmrəyik. Lakin fövqəladə
vəziyyət baxımından müqayisə etmək üçün demək istəyirəm ki, Fransa
terror hücumundan sonra bunu elan etməyə ehtiyac duydu. Üstəlik,
fövqəladə vəziyyətin müddətini uzatmaqdadır. Bu, o deməkdir ki,
dövlətlər məruz qaldıqları müxtəlif miqyaslı təhdidlərlə mübarizə
üsulu kimi, fövqəladə vəziyyət tətbiq edə bilərlər. Fransa terror
hücumlarından sonra bunu etdi. Biz bunu terror aktlarından sonra
etmədik. Lakin konstitusion quruluşun məhv edilməsini hədəfə alan
bu cəhdin qarşısını almaq üçün fövqəladə vəziyyətin elan olunmasına
ehtiyac duyduq. Dediyim kimi, biz lazımi tədbirləri hüquqi dövlət
düşüncəsi ilə hərəkət edərək görürük.
Gördüyümüz tədbirlər nələrdir və fövqəladə vəziyyətin məqsədi
nədir, - bu da çox sadədir. Fürsətdən istifadə edərək azərbaycanlı
qardaşlarımıza bir daha səslənmək istəyirəm ki, bu tədbirlərin heç
bir şəkildə onların və ya başqa ölkə vətəndaşlarının Türkiyəyə
səyahət etmələrini məhdudlaşdırmaq, giriş-çıxışlarla bağlı əlavə
maneələr yaratmaq və s. məqsədi yoxdur. Biz dövlət əleyhinə çıxış
edən Fətullahçı terror təşkilatına qarşı son günlərdə mübarizəmizi
sürətlə və daha təsirli aparmaq üçün fövqəladə vəziyyət elan etdik.
Hörmətli Baş nazirimiz də bununla bağlı bildirdi ki, biz həyata
keçirdiyimiz tədbirləri daha təsirli etmək üçün fövqəladə vəziyyəti
dövlət olaraq özümüzə qarşı elan etdik. Nazirlər Kabinetinin
qərarları əsasında Fətullahçı terror təşkilatı ilə mübarizə
qətiyyətlə davam etdirilir, sistemli şəkildə lazımi addımlar
atılır. Bu addımlara misal kimi, Jandarm Qüvvələrinin və Sahil
Mühafizəsinin Daxili İşlər Nazirliyinin tərkibinə verilməsini
göstərmək olar. Bu tədbirlərin davam etdirilməsində Türkiyənin
məqsədi hüquqi dövləti, demokratiyanı qorumaqdır. Biz bu
istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.
Baş verənlərin turizmə təsirinə gəldikdə isə təbii ki, xaricdən
baxdıqda terror aktları və ya dövlət çevrilişi cəhdi insanlarda,
hətta Türkiyəni ən yaxşı tanıyan azərbaycanlı qardaşlarımızda belə
hansısa narahatlıq doğura bilər. Bunu normal qəbul edirəm. Lakin
mən eyni dərəcədə normal qəbul edilməli olan bir məsələni də demək
istəyirəm ki, çox şükür, gördüyümüz tədbirlər təsirlidir,
lazımlıdır və beləliklə, Türkiyədə həyat əvvəlki axarına
qayıdıb.
Son dövrdə dünyada yaşanan terror aktları ilə əlaqədar onsuz da
turizm sahəsində durğunluq hiss edilir. Bilirsiniz ki, futbol üzrə
Avropa çempionatının keçirilməsindən əvvəl turizm fəallığının az
olacağı ehtimal edilirdi. Hətta bunun Braziliyada Olimpiya Oyunları
dövründə də turist axınına mənfi təsir edəcəyi barədə fikirlər
səslənirdi. Rusiya ilə yaşadığımız gərginlik, onun tətbiq etdiyi
embarqo ilə əlaqədar Türkiyəyə gələn rus turistlərin sayında da
azalma var idi. Lakin bu, bir həqiqəti dəyişmir ki, Türkiyə çox
mühüm turizm istiqamətidir, infrastruktur, turistlərə təqdim edilən
imkanlar, xidmətin keyfiyyəti baxımından güclü rəqabət imkanına
sahib ölkədir. Bu imkanlarımızla azərbaycanlı qardaşlarımız başda
olmaqla, bütün dünyaya fəal şəkildə xidmət göstərməyə davam edirik.
Azərbaycanlı qardaşlarımızın da bu baxımdan əmin olmalarını
istəyirəm.
- Bir neçə gün əvvəl Türkiyə Nazirlər Kabinetinin
iclasından sonra Baş nazir Binəli Yıldırım keçirdiyi mətbuat
konfransında siyasi partiyaların liderləri ilə görüşdə
Konstitusiyaya ilkin dəyişiklik məsələlərinin müzakirə edildiyini
bildirdi. Bu dəyişikliklər nələri nəzərdə tutur? Ümumiyyətlə, geniş
miqyasda Konstitusiya dəyişikliyinin, prezidentlik sisteminə
keçidin əsas hədəfləri nədir?
- Bilirsiniz ki, bunlar uzun müddətdir Türkiyədə əsas müzakirə
mövzularıdır. Siyasi partiyalarımızın bu məsələlərlə bağlı fərqli
fikirləri var. Lakin ortaq mövqe də var. Ortaq mövqe odur ki,
Türkiyədə kimdən soruşsanız, Konstitusiyamızın nəzərdən
keçirilməsinə ehtiyac olduğunu deyə bilər. Çünki bu Konstitusiya
1980-ci ildəki hərbi çevrilişdən sonra hazırlanıb və illərlə
üzərində dəyişikliklər aparılıb. Bu, köhnə bir binanı mütəmadi
təmir etməyə bənzəyir. Bəzi yerlərini düzəldirsən, lakin sistem
tamamilə yaxşı işləmir və əsas problemləri tam aradan qaldırmaq
mümkün olmur. Bu baxımdan hesab edirəm ki, ümumiyyətlə, Türkiyədə
bütün dairələr Konstitusiyanın dəyişdirilməsinə ehtiyac olduğunu
qəbul edir.
Lakin sonrakı mərhələ daha mürəkkəbdir. Konstitusiyada yer
alacaq müddəalarla bağlı təbii olaraq, müxtəlif fikirlər ortaya
çıxır. Digər tərəfdən, Türkiyədə xüsusilə hökumətimizin üzərində
durduğu və zərurət olaraq ortaya qoyduğu prezidentlik sisteminə
keçilib-keçilməməsi ilə bağlı müzakirələr aparılır. Əslində bu
mübahisələr yeni deyil, keçmişdə də olub və müxtəlif siyasi
partiyalar tərəfindən bir vaxtlar səsləndirilən məsələdir.
Şübhəsiz, bütün bunlar bir-biri ilə əlaqəlidir. Prezidentlik
sisteminə keçiləcəksə, bəzi dəyişikliklər zəruri olacaq.
Siyasi partiyalarımız arasında prezidentlik sistemi ilə bağlı
hələ də ümumi razılıq əldə edilməyib. Bununla yanaşı, Türkiyədə
dövlət sisteminin daha səmərəli işləməsi ilə bağlı tədbirlərin
görülməsinin vacibliyi hamılıqla qəbul olunan məsələdir. Baş
nazirimizin 15 iyul hadisələrindən sonra müxalifət partiyalarının
rəhbərləri ilə keçirdikləri görüşlər, həmçinin hörmətli
Prezidentimizin də siyasi partiyaların liderlərini qəbul etməsi
nəticəsində Konstitusiya dəyişikliyi ilə bağlı həyata keçirilən,
lakin yarımçıq qalan fəaliyyətin yenidən başladılması barədə
razılıq əldə olunub. Bu, daha uzunmüddətli və genişmiqyaslı
Konstitusiya dəyişikliyi ilə bağlıdır. Bununla yanaşı, Baş nazir
daha qısa müddətdə və razılığın rahatlıqla əldə olunacağı bəzi
məsələlərlə bağlı ortaq fəaliyyətin həyata keçirilməsindən bəhs
etdi. Lakin bunun hansı məsələləri əhatə etdiyi hələ
açıqlanmayıb.
Qeyd etmək lazımdır ki, 15 iyuldan sonra Türkiyədə insanlar bunu
deməyə başladılar: "Vətənin taleyi müzakirə mövzusu olduqda, digər
məsələlər əhəmiyyətli deyil". Bütün siyasi partiyalarımız
demokratiyaya sahib çıxmaq barədə ortaq iradə sərgilədilər. Hamı
bir nəfər kimi - həm vətəndaşlarımız, həm də siyasi partiyalarımız
silah tətbiq edərək dövlət çevrilişi yolu ilə konstitusion
quruluşun dəyişdirilməsinə qarşı çıxdılar. Həmçinin Fətullahçı
terror təşkilatı ilə mübarizə məsələsində də ortaq iradə nümayiş
etdirdilər. Zənnimcə, Konstitusiyaya tezliklə olunacaq
dəyişikliklər bu məsələləri əhatə edəcək.
Ən önəmlisi odur ki, Türkiyədə dövlət çevrilişi cəhdindən sonra
daxili siyasət səhnəsində yumşalma var. Siyasi partiyaların
liderləri bir-birinə müsbət mesajlar verirlər. Cəmiyyətimiz bu
müsbət mənzərədən məmnun olduğunu ifadə edib. Prezident Rəcəb
Tayyib Ərdoğan da dövlət başçısı kimi, bundan məmnundur. Ölkə
daxilindəki bu konstruktiv mühit Konstitusiya ilə bağlı
mübahisələrin daha sağlam əsasda aparılmasına imkan verəcək. Bu,
həm də demokratiyamızın səviyyəsi baxımından gözəl örnəkdir.
İnşallah, belə bir konstruktiv əsasa söykənərək çox mühüm və çətin
proses olan Konstitusiya dəyişikliyini uğurla başa
çatdıracağıq.
Sonda mən bütün azərbaycanlı qardaşlarımıza bir daha təşəkkür
edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, həmin gecə ölkəmiz üçün
evdə necə həyəcan və narahatlıq keçirdimsə, azərbaycanlı
qardaşlarımız da eyni hissi, həyəcanı yaşadılar. Bu, mənim müşahidə
etdiyim ən dəyərli məqam oldu. Bunu mənə yaşatdığı üçün Azərbaycan
xalqına təşəkkür edirəm.