Axar.az BAXCP sədri, millət vəkili Qüdrət
Həsənquliyevin Teleqraf.com-a müsahibəsini təqdim edir:
- Qüdrət bəy, iyulun 15-də Türkiyədə ordunun bir qrupu
hakimiyyət çevrilişinə cəhd göstərdi. Azərbaycan dövləti bu
hadisələrə vaxtında və anında reaksiya verdimi?
- Son vaxtlar həm Türkiyənin, həm də ölkəmizin bəzi media
orqanlarında sifarişli və iki qardaş ölkə arasında münasibətlərə
kölgə salacaq yazılara rast gəlinir. Bu yazılarda iddia edilir ki,
guya Azərbaycan hökuməti Türkiyədə baş verən qiyam aktına vaxtında
reaksiya verməyib. Əlbəttə, bunlar düşmən və bizimlə Türkiyə
arasında olan isti münasibətləri sevməyən qüvvələrin fəaliyyətidir.
Əvvəla, Azərbaycan rəsmiləri bu hadisəyə kəskin və vaxtında
reaksiya verib. İkincisi, Türkiyə bizim üçün o dərəcədə əhəmiyyətli
və qardaş ölkədir ki, orada hakimiyyətdə kimin olmasından asılı
olmayaraq, sıx münasibətdə olmalı, əməkdaşlıq etməliyik.
Bildiyiniz kimi, Türkiyədə hərbçilər bir neçə dəfə hakimiyyətə
gəlib və uzun illər bu ölkəni idarə ediblər. Azərbaycanı bir anlığa
həmin dövrə qaytaraq. Məgər həmin dövrdə Azərbaycan Türkiyə ilə
əməkdaşlıq etməməli idi? Düşünürəm ki, türk xalqı müdrik xalqdır və
bu durumdan çıxacaq. Azərbaycan hökuməti isə zamanında reaksiyasını
göstərdi. Bizim hökumətin məsələyə yanaşması vaxtında idi və
Türkiyənin yanında olduğumuzu bir daha nümayiş etdirdik.
Bəziləri deyir ki, niyə prezident gecə saatlarında Ərdoğana zəng
etməyib. Gecə saatlarında Türkiyə rəsmilərinin özləri Ərdoğanın
harada olduğunu bilirdimi ki, bizim Prezident də ona telefon açsın?
Bu baxımdan indi bəzilərinin ortaya atdığı əsassız ittihamların
məqsədi odur ki, bizim qardaşlıq münasibətlərimizi zədələsinlər.
Ancaq bu cür ucuz təbliğat heç bir nəticə verməyəcək və
Azərbaycan-Türkiyə münasibətləri yüksək səviyyədə qalacaq.
- 15 iyul cəhdindən sonra qardaş Türkiyənin NATO
üzvlüyündən çıxarıla biləcəyi haqda fikirlər irəli sürüldü. Siz
uzun illər NATO Parlament Assambleyasında təmsil olunmuş
deputatsınız. Necə düşünürsünüz, Türkiyənin NATO üzvlüyündən
çıxarılması ehtimalları mövcuddurmu?
- Türkiyənin NATO-dan çıxarılmasına dair məsələ qaldırılıb. Bu
təhdidlərə gəldikdə, əlbəttə, Türkiyədəki çoxsaylı həbslərdən biz
də narahatıq. Hesab edirik ki, təqsiri sübuta yetirilməyən insanlar
kütləvi şəkildə iş yerlərini itirməməli və həbs olunmamalıdır. Biz
partiya olaraq bu məsələni dəfələrlə qaldırmışıq və qeyd etmişik
ki, bu ideya kimlər üçünsə utopik görünə bilər, amma türk
dövlətlərinin bir ittifaqda olması son dərəcə önəmli məsələdir. Hər
zaman qeyd edirdim ki, əgər dağ Məhəmmədə tərəf gələ bilmirsə,
Məhəmməd dağa tərəf getməlidir. Türk respublikaları içərisində
əhalisinin sayı, hərbi gücü və iqtisadiyyatına görə Türkiyə
öndədir. Lakin hesab edirəm ki, mövcud şəraitdə digər türk
respublikalarının Türkiyə ilə hərbi-siyasi alyansın içərisində
olması qeyri-realdır. Biz qeyd etmişdik ki, gələcəkdə türk-slavyan
respublikaları ittifaqı yarana bilər. Türkiyənin Avrasiya
İttifaqına girməsi, burada türk dövlətləri ilə hələlik eyni
iqtisadi blokda olması, zənnimcə, türk respublikalarının marağına
uyğun olardı.
Üstəlik Avrasiya İttifaqında Rusiyanın təkbaşına hegemonluğuna,
bu qurumun Rusiya tərəfindən yaradılan ittifaq imicinin qarşısının
alınmasına yol açardı. Türkiyə əgər NATO-dan çıxarılarsa, qardaş
ölkənin Avrasiya İttifaqına üzv olması, gələcəkdə hətta Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olması gündəmə gələ
bilər. Amma düşünmürəm ki, bütün bunları NATO üzvü olan digər
ölkələr hesablamır və Türkiyənin NATO-dan çıxarılması üçün addım
atarlar. Ola bilsin ki, Türkiyədə olan həbslərin miqyasını
kiçiltmək, Türkiyənin demokratik proseslərdən uzaqlaşmaması, qiyam
cəhdindən siyasi məqsədlər üçün istifadə edilməsinin qarşısını
almaq üçün belə təzyiqlər edilir. Ancaq Türkiyə, doğrudan da,
demokratik proseslərdən uzaqlaşarsa, bu, reallaşa bilər. Belə
olacağı təqdirdə Türkiyə üzünü türk respublikalarına tərəf
tutmalıdır. Amma bunun gerçəkləşəcəyi az inandırıcı görünür.
- İyulun 18-də məlum oldu ki, Azərbaycanda Konstitusiya
dəyişikliyi üçün yeni layihə var və referendum keçiriləcək. Sizin
Konstitusiya dəyişikliyinə münasibətiniz nədən
ibarətdir?
- Partiyamız ilkin olaraq referenduma münasibət bilirib. Qeyd
etmişik ki, bu referendum daha çox xarici faktorlardan qaynaqlanır
və xarici faktorlar Azərbaycanda belə bir referendumun
keçirilməsini şərtləndirir. Hər halda qənaətimiz bundan ibarətdir.
Xüsusilə, Türkiyədə baş verən hadisələrdən sonra referendumun
gündəmə gəlməsi dediklərimizi təsdiq edir. Bu saat Ermənistanda baş
verən hadisələr, Qazaxıstanda müşahidə olunan proseslər, qardaş
Türkiyədə son olaylar, Yaxın Şərqdə qanlı hadisələr, terrorun
dünyada geniş vüsət alması insanları aqressivləşdirir. İnsanlar
sanki problemlərin zor tətbiq etməklə həll edilməsi üslubuna daha
çox meyllənir.
Bu da adamın gözünə II Dünya Müharibəsini, I Dünya Müharibəsi
öncəsi vəziyyəti gətirir. Sanki insanlar müharibəyə hazırlanır, qan
tökmək adiləşir. Azərbaycan Dağlıq Qarabağ kimi probleminin
olduğunu dəfələrlə bəyan edib ki, daha 20-25 ili danışıqlara sərf
etməyəcək, Qarabağ probleminin sülh yolu ilə həlli üçün olan zaman
bitir, biz torpaqlarımızı hansı vasitə ilə olursa, olsun alacağıq.
Belə olduğu təqdirdə qənaətimə görə, hökumət prezidentlik
institutunun gücləndirilməsini məqsədəuyğun sayıb. Bu, referenduma
indiki dövrdə start verilməsi səbəbi ilə bağlı qənaətimizdir.
- Bəzi qüvvələrin buna qarşı çıxmasını necə
qiymətləndirirsiniz?
- Bəli, bəziləri buna qarşı çıxır, hətta dəyişikliyi mürtəce
formada təqdim edirlər. Düşünmürəm ki, bu dəyişikliklər
Konstitusiyanı mürtəceləşdirir. Bu fikirlərlə razı deyiləm. Yeri
gəlmişkən, biz partiya olaraq zamanında AXC hakimiyyətini tənqid
etmişdik ki, 1991-ci ildə müstəqillik haqqında Konstitusiya Aktını
qəbul edərkən Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin
varisidir cümləsini yazdığımız halda parlamentli respublikaya
keçmədik. Böyük səhvlərdən biri də bu idi. 1990-cı ilin parlament
seçkilərinin total saxtakarlıq şəraitində keçirildiyini bəyan etsək
də, sonra bu parlamentlə işləməyə üstünlük verdik. Əlbəttə,
istənilən vaxt bu və ya digər addımın atılmamasına haqq qazandırmaq
üçün arqumentlər tapmaq mümkündür-məsələn, müharibə gedirdi və
s.
Amma düşünürəm ki, bunlar o zaman AXC rəhbərliyinin buraxdığı
səhvlərə haqq qazandıra bilməz. Çünki bu, öldürücü səhvlər idi və
ağrı-acıları hələ də yaşanır. Bu mənada hesab edirəm ki, indiki
mərhələdə iqtidar yeni çağırışlara cavab vermək, hazır olmaq üçün
prezidentlik institutunu gücləndirir. Biz ölkədə parlamentli
respublikanın tərəfdarıyıq. Düşünürük ki, güclü demokratiya
ənənələrinin olmadığı ölkədə parlament üsul-idarəsi cəmiyyətin
inkişafına daha çox töhfə verə, cəmiyyətin daha da sağlamlaşmasına
xidmət göstərə bilər.
- Qanun layihəsinə təklifləriniz olacaqmı?
- Əlbəttə, olacaq. Çünki bizi qane etməyən bəzi məqamlar var.
Xüsusilə, bir neçə müddəa var və biz hazırda layihəni öyrənirik.
Bəzi maddələr üzrə təkliflərimizi də hazırlayırıq. Konstitusiya
Məhkəməsi qanun layihəsini qəbul etdikdən sonra təkliflərimizi
açıqlayacağıq. Bu təkliflərimizdən bəzilərini qeyd edə bilərəm. İlk
təklifimiz ondan ibarətdir ki, qardaş Türkiyədə yaşanan hadisələr
də sübuta yetirdi ki, Prezidentin silahlı qüvvələrdən parlamentin
razılığı olmadan istifadə etmək hüququ olmalıdır. Çünki hər hansı
bir ölkədə konstitusiya quruluşunun dəyişdirilməsi istiqamətində
zorakı hadisələr baş verərsə, parlamentin iclasını çağırmaq mümkün
olmaya bilər. Eyni zamanda belə neqativ proseslərin qarşısının
alınması üçün polis qüvvələrinin gücünün də yetərli olmamaması
mümkündür. Belə olan halda dövlət imkan verməməlidir ki,
konstitusiya quruluşu dəyişsin.
Azərbaycan elə bir coğrafiyada yerləşir ki, ətrafımızda böyük
dövlət, islam ekstremizmi, dini dövlət qurmaq istiqamətində ciddi
işlər aparılır. Söhbət ondan getmir ki, sabah ordunun hansısa
hissəsi qalxa bilər. Hərçənd ki, müdrik dövlət başçıları və
siyasətçilər ən ağlasığmaz ehtimalları da nəzərdə tutmalıdır.
Vaxtilə Surət Hüseynov Azərbaycan dövlətinə qarşı qalxmadımı? Ancaq
ola bilər sabah dini ekstremist qüvvələr, terrorçu qruplar, xarici
dövlətlər tərəfindən göndərilən və zamanında "yaşıl adamcıqlar"
adlandırılan dəstələr peyda ola bilər və s. Belə olacağı təqdirdə
Prezidentin dövlətin və ölkənin təhlükəsizliyini qorumaq üçün
Silahlı Qüvvələrdən istifadə etmək imkanı olmalıdır.
İkincisi, çoxlu sayda vitse-prezidentlərin olması idarəçilik
xərclərini artıracaq. Yaxşı olardı ki, seçkilər zamanı Prezident
birinci vitse-prezidentin kim olacağını açıqlasın. Yəni bilinsin
ki, məsələn, sabah prezident öz səlahiyyətlərini yerinə yetirmədiyi
təqdirdə onu əvəz edəcək şəxs kimdir. Başqa sözlə, prezidentliyə
namizədliyi qeydə alınan şəxs sabah hansı vitse-prezidentlə
işləyəcəyini elan etməlidir. Yeri gəlmişkən, Amerikada belə bir
təcrübə var. İkincisi, birinci vitse-prezident varsa, baş nazir
institutu ləğv edilməlidir. Çünki əlavə idarəetmə xərclərinin
olmaması, habelə operativ idarəetməni təmin etmək məqsədilə bu
addıma gedilə bilər. Bundan başqa, qanun layihəsində Milli Məclisin
buraxılması haqqında müddəalar var. Bu müddəaların içərisində qeyd
edilir ki, əgər prezident Mərkəzi Bankın idarə heyətinin, Ali
Məhkəmənin və Konstitusiya Məhkəməsinin üzvlərini parlamentə təqdim
edirsə və parlament il ərzində onları iki dəfə təsdiq etmirsə, bu
halda Prezident Milli Məclisi buraxa bilər.
Fikrimizcə, təsdiqetmə səlahiyyəti prlamentdədirsə və parlament
bunu təsdiq etmirsə, buna görə parlamentin buraxılması
demokratiyaya uyğun deyil. Çünki bu halda deputatlar düşünəcəklər
ki, ya bunları təsdiq etməlidirlər, ya da onların fəaliyyətinə
xitam veriləcək. Bu halda təsdiqetmə formal xarakter daşıyacaq.
Odur ki, biz BAXCP olaraq təklif edəcəyik ki, Ali Məhkəmənin
üzvlərinin, Konstitusiya Məhkəməsinin üzvlərinin və Mərkəzi Bankın
idarə heyətinin üzvlərini Prezidentin özü birbaşa təyin etsin. Eyni
zamanda Milli Məclisin buraxılması ilə bağlı başqa bir məqam da
var. Əgər parlament Nazirlər Kabinetinin fəaliyyətini iki dəfə
qeyri-qənaətbəxş sayarsa, bu zaman Milli Məclis buraxıla bilər.
Əgər Milli Məclis hesab edirsə ki, Nazirlər Kabinetinin
fəaliyyəti qeyri-qənaətbəxşdirsə, buna görə parlamenti buraxmağa nə
ehtiyac var? Düşünürəm ki, parlamenti qorumaq üçün Nazirlər
Kabinetinin hesabatı Konstitusiyadan çıxarılmalıdır. Yəni sonda
seçkinin nəticəsində xalq hökumətə münasibətini ifadə edə bilər.
Bizdə indiki konstitusiyada öz həllini tapmır ki, Nazirlər
Kabinetinin fəaliyyətini parlament qeyri-qənaətbəxş sayarsa, bu
hansı hüquqi nəticələr yaradır. Bununla bağlı Konstitusiya qanunu
qəbul edilib - Əlavə Təminatlar Haqda. Amma burada da yazılmayıb
ki, parlament hökumətin fəaliyyətini qeyri-qənaətbəxş sayırsa, bu
zaman nə baş verir?
Düşünürəm ki, indiki halda Nazirlər Kabinetinin parlamentdə
hesabat verməsinə ehtiyac yoxdur. Həmçinin qanun layihəsində müddəa
var ki, deputat birbaşa səsvermə hüququnu həyata keçirməyəcəyi
təqdirdə, statusundan məhrum oluna bilər. Həmçinin deputat etik
davranış qaydalarını kobud pozduqda deputat statusundan məhrum
edilə bilər. Biz təklif edirik ki, bu müddəalar çıxarılmaldır.
Milli Məclis canlı debatların keçirildiyi yerdir. Parlament üzvləri
də adi insanlardır, onların hissləri, emosiyaları var. Biz görürük
ki, ayrı-ayrı ölkələrin parlamentində bəzən yumruqlaşma, əlbəyaxa
davalar baş verir. ABŞ böyük dövlətçilik təcrübəsinə, 200 ildən çox
demokratiya ənənəsinə sahibdir.
Bu yaxınlarda Konqresdə silahlara nəzarətlə bağlı qanun
layihəsinin müzakirəsi zamanı Demokratlar tribunanı tutdu və oturaq
aksiya keçirdi. Fikrimcə, bu cür canlı debatların keçirildiyi
ünvanda deputatlar kobud davrana, bəzən etikadan kənar fikirlər də
səsləndirilə bilər. Əlbəttə, bu xoşagəlməz hərəkət və haldır. Buna
görə intizam-tənbeh tədbiri tətbiq edilə bilər. Amma deputatı
statusdan məhrum etmək ağır cəza olardı. Odur ki, təklif edirik ki,
bu müddəada çıxarılmalıdır. Bundan başqa, qanun layihəsində sosial
ədalətin bərpası məqsədilə mülkiyyət hüququnun məhdudlaşdırılması
məsələsi var. Hesab edirəm ki, buna yol vermək olmaz. Çünki bizim
hazırda qüvvədə olan Konstitusiyamıza görə mülkiyyət hüququ
toxunulmazdır.
Əgər bu hüququn hansısa hallarda əsaslandırıb desək ki, sən
torpaqdan səmərəli istifadə etmirsən və buna görə torpağı sizin
əlinizdən alırıq, bu ölkəyə investisiya qoyuluşunun qarşısını ala
bilər. Odur ki, mülkiyyət toxunulmaz olmalıdır. İstanbulda adamın
diqqətini yeni tikilən yaraşıqlı binaların yanında bir koma cəlb
edir. Bəzən soruşursan ki, belə müasir və gözəl bina tikən sahibkar
nədən bu daxmanı almır və ya dövlət şəhəri abadlaşdırmaq üçün bu
komanı almır. Mənə hər zaman deyiblər ki, bu həmin şəxsin xüsusi
mülkiyyətidir. Ya ona verilən qiymət mülk sahibini qane etmir, ya
da ümumiyyətlə satmır. Düşünürəm ki, mülkiyyət toxunulmazlığına
ciddi dövlət təminatı olacağı halda xaricilər də gəlib Azərbaycanda
mülk alacaq, investisiya qoyacaq. Biləcəklər ki, Konstitusiya ilə
mülkiyyət qorunur. Sosial ədalət anlayışı elədir ki, bunu heç kim
müəyyənləşdirə bilməz.
Bu məsələlərlə bağlı sadəcə ölçü yoxdur. Həmçinin bir məqamı da
qeyd etmək istərdim. Konstitusiyanın 25-ci maddəsinin VI hissəsinə
əlavə edilir: Fiziki və əqli qüsuru olanlar, onların məhdud
imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və
vəzifələrdən başqa, bu Konstitusiyada təsbit edilən bütün
hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar. Fikrimcə,
"fiziki və əqli qüsur" sözü nə müasir hüquq sistemində, nə də
siyasi leksikonda işlənilmir. Kimisə yolda avtomobil vurubsa və
ayağının birini amputasiya ediblərsə, buna əsla qüsur demək olmaz.
Və ya əqli baxımından problemli doğulub və sonradan onun
problemləri yaranıbsa, ona "qüsurlu insan" demək doğru deyil. Qüsur
birbaşa insanın davranışı və tərbiyəsi ilə bağlı ola bilər. Bu
mənada hesab edirik ki, qanun layihəsində müəyyən dil problemi də
var. Ola bilsin ki, bu yanlışlıqlar layihənin hazırlanmasının
sürətlə aparılması ilə bağlıdır.
Lakin hesab edirəm ki, yaş məhdudiyyətinin aradan qaldırılmasını
normal qəbul etmək lazımdır. Məsələn, Saakaşvili Gürcüstanda
prezident seçiləndə çox gənc idi, amma ölkə üçün böyük işlər gördü.
Onun prezidentliyə namizədliyini irəli sürən ərəfədə yaşı da
çatmırdı. Bu baxımdan yaş məhdudiyyətinin aradan qaldırılması,
prezidentlik müddətinin artırılmasını normal hesab edirəm. Önəmlisi
ölkədə Qərb standartlarına cavab verən, siyasi qüvvələrin etimad
göstərdiyi, hamının qarşılıqlı olaraq qəbul etdiyi siyasi sabitlik
olur, demokratik seçkilər keçirilir və qanunun aliliyi təmin
edilir.
- Siz qanun layihəsini öyrənmək
ərəfəsindəsiniz?
- Sözsüz ki, referendum layihəsini oxumuşuq. Amma maddələr üzrə
təkliflərimizi həm cəmiyyətə təqdim edəcəyik, həm də parlamentdə
müzakirələr zamanı fikirlərimizi söyləyəcəyik. Biz partiya olaraq
öz fikrimizdə qalırıq ki, Azərbaycanın gələcəyini parlamentli
respublika modelində görürük. Ümid edirəm ki, Azərbaycanda Qarabağ
konflikti həll edilər, dünyada və regionda sabitlik bərqərar olar
və Azərbaycan bu islahatlara gedər. Düşünürəm ki, zamanla dünyanın
əksər ölkələri bu modelə keçəcəklər.
- Bəzi qüvvələr artıq referendum layihəsinin keçməməsi
üçün təşəbbüs göstərəcəklərini ifadə ediblər. Onların bunu etmək
üçün imkan və potensialları nə qədərdir?
- Bunu normal qəbul etmək lazımdır. Şübhəsiz ki, bunun əleyhinə
olanlar tapılacaq və bu təbiidir. Azərbaycanda fərqli fikirlilik, plüralizm
mövcuddur, hətta bəzən bu istiqamətdə əndazə də aşılır. Bildiyim
qədər buna etiraz edən AXCP və Müsavat Partiyasıdır. Belə etirazlar
demokratik ölkənin atributlarıdır. Onların bu prosesə təsir edə
biləcəyi, xalqın da onların arxasınca gedəcəyi mənim üçün mümkünsüz
sayılır. Zənnimcə, məhdud tərəfdarları ilə, hamısı bir araya
gələcəyi təqdirdə bir neçə yüz adamın etirazı ola bilər. Bunu da,
normal qəbul etmək lazımdır. Lakin onların referenduma mane ola
biləcəkləri mümkünsüzdür.