13:26
Mayın 21-də Naxçıvan Muxtar Respublikasının Yoluxucu Xəstəliklər Mərkəzinə qida zəhərlənməsi şübhəsi ilə 7 nəfər yerləşdirilib.
Axar.az xəbər verir ki, mərkəzin həkimi Nəzmin Allahverdiyeva xəstələrin ürəkbulanma, qusma, ishal, qarın ağrısı və ümumi halsızlıq kimi şikayətlərlə daxil olduqlarını bildirib.
“Onların vəziyyəti orta-ağır qiymətləndirilib, dərhal simptomatik tibbi yardım göstərilib. Müalicədən sonra pasiyentlər evə buraxılıb. Araşdırmalar zamanı məlum olub ki, zəhərlənməyə səbəb dönər və şaurma tipli fəst-fud qidaların istehlakı olub”, - həkim vurğulayıb.
Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən isə vurğulanıb ki, qida zəhərlənməsi halları Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kassap dönər” adlı iaşə obyektində qeydə alınıb:
“Agentliyin əməkdaşları tərəfindən obyektdə müvafiq araşdırmalar aparılıb, şübhəli məhsullardan nümunələr götürülərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. Hazırda analizlər davam etdirilir və nəticələrlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
***
Naxçıvanda kütləvi qida zəhərlənməsi baş vermiş dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.
Bildirilib ki, 7 nəfərin qida zəhərlənməsinə səbəb olan Naxçıvan şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Aysun Elkən qızı Qasımovaya məxsus “Kassap dönər” adlı dönərxanada Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı dönərxanada normativ tələblərin pozulduğu məlum olub. Belə ki, məhsulların müvafiq temperaturda saxlanılmadığı, temperaturun monitorinqinin həyata keçirilmədiyi və qeydiyyatının aparılmadığı, soyuducularda mal qonşuluğu prinsipinə əməl olunmadığı, sanitar gigiyenik qaydalara əməl olunmadığı aşkarlanıb.
Şübhəli məhsul hesab edilən mayonez və toyuq dönərindən, həmçinin səthlərdən yaxma nümunələri seçilərək analizlərin aparılması üçün Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.