Yuxarı

Sizə kim haqq verib?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sizə kim haqq verib?

"Danışırsınızsa, özünüzdən danışın. Cəmiyyətdən yazmağa, onun adından danışmağa sizə kim haqq verib?"

Nisbətən böyük təcrübəsi olan elə bir yazar tapmaq olmaz ki, nə vaxtsa belə bir ittihamla və yaxud da xəbərdarlıqla rastlaşmasın...

Adətən belə hallarda biz nə edirik? Başlayırıq ki, bizim cəmiyyətimiz həqiqətən də ən sağlam, ən ədalətli, ən humanist (məşhur bir filmdə deyildiyi kimi), ən qəhrəman cəmiyyətdir...

Amma həqiqətdə belədirmi? Patologiyalar yalnız fərdlər-individlər üçün xarakterikdir, yoxsa onların kollektiv formaları da olur?

Maraqlıdır ki, hələ Z.Freyd bütövlükdə cəmiyyətin sağlam olmaya bilməsi fikrilə razılaşırdı, amma eyni zamanda da xəbərdarlıq edirdi ki, bu, çox şətin problemdir, çünki individ-fərd halında fon olur və bu fon rolunu cəmiyyət oynayır, məhz cəmiyyətə görə biz hansısa fərdin sağlam olub-olmaması haqda fikir yürdürük...

Həm də bu, cəmiyyətlə bağlı yeganə problem deyil. Fərd halında məsələ gedib tibbi diaqnoza və ya müalicəyə qədər çata bilir. Amma cəmiyyətin "müalicə" olunması haqda kim göstəriş verəcək? Bunu heç təsəvvür etmək mümkündürmü?..

Burada psixoloji girişi dayandırırıq. Ona görə ki, problem artıq qoyulub – cəmiyyət qeyri-sağlam ola bilərmi? Əgər olarsa, bu halda nə etməli, onu müalicə etmək mümkündürmü?

Çox da uzağa getməyəcəm. Hər bir cəmiyyətin, hətta millətin tarixində elə şəxslər olub ki, onlar həqiqətən də cəmiyyətlərini "müalicə" etməyə çalışıblar və buna nail də ola biliblər...

Məsələn, Rusiyanın tarixində Birinci Pyotr belələrindən olub. Başa düşürəm, söhbətin müstəbiddən başlaması belə bir fikir yaradacaq ki, bəs, bu da kral və ya çar arzusundadır. Yox, belə arzumuz yoxdur. Sadəcə, həkimlər bütün dövrlərdə eyni xəstəlikləri eyni cür müalicə etməyiblər - əvvəllər bitkilərlə, otla müalicə edirdilər, indi isə tomoqrafiya edirlər. Amma müalicə olunan eyni xəstəlikdir...

Lap aydın olsun deyə özümüzə keçəcəm. Bizim molla nəsrəddinçilər olub və onların da başında M.Cəlil dayanıb. Molla nəsrəddinçilər deyirdilər ki, bəs bu cəmiyyət ən azı sosial və kültürəl baxımdan sağlam deyil, ona görə də nadanlığı, mövhumatçılığı, geriliyi qamçılayırdılar...

Başqa bir cərəyan - füyuzatçılar isə fərqli düşünürdülər. Onlar belə hesab edirdi ki, millətə böyüklük hissi aşılamaq lazımdır...

Amma bu iki baxışın sonu, finalı nə oldu? Deyilənə görə, 20-ci illərin axırına yaxın Bakıya səfər edən Əli bəy Hüseynzadə molla nəsrəddinçilərə deyibmiş ki, bəli, siz haqlı çıxdınız...

Mən indi bunu bir ədəbi-sosiloji istiqamətin, konsepsiyanın digəri üzərində qələbəsi kimi təqdim etmək istəmirəm... Həm də məni bu gün, çağdaş cəmiyyətimiz maraqlandırır. Bəzən deyirlər ki, bəs, filankəs marginallaşıb, cəmiyyət üçün tamam anlaşılmaz olub. Belə hallarda toplumçular birmənalı olaraq cəmiyyətin tərəfini tutur və belə ərz edirlər ki, bəs, yazıq filankəs, o da belə qurtardı...

Amma kim haqlıdır? Kim müqəssirdir? Kim sağlamdır? Fərd, yoxsa cəmiyyət? İnanın, bu sualın cavabı heç də həmişə birmənalı deyil. Bəzən elə olur ki, fərdi yox, cəmiyyəti müayinə etmək zərurəti yaranır... Məsələn, indiki Azərbaycan cəmiyyətini sağlam hesab etmək olarmı? Güman etmirəm ki, Z.Freyd və yaxud da E.Fromm buna müsbət cavab verərdi...

Bəli, bu cəmiyyətin içində marginal və yaxud da ki, "qeyri-sağlam" olmaqdan asan bir iş yoxdur. Yetər ki, bu cəmiyyətin özünə rəva bildiyi onlarla qüsurdan birini etməyəsən...

Burada "sağlam" fərd olmağın çox sadə resepti var - palaza bürün, elnən sürün! Bəli, məhz sürün... Əgər sürünə bilirsənsə və ağlından nə vaxtsa "qıy" çəkib uçmaq keçmirsə, deməli, sən normal, "sağlam" adamsan, cəmiyyətin "layiqli" üzvüsən. Fərqləndinsə, vay halına... Hamı dodaq büzəcək, ən yaxşı halda "əşi, fikir verməyin, bir az başqa adamdır" – deyəcəklər...

Və heç kimin də ağlına gəlməyəcək ki, bəlkə o adam sap-sağlam adamdır və əgər müalicyə ehtiyacı olan varsa da o, elə cəmiyyətin özüdür... Amma bunu heç kim deməyəcək və ən başlıcası isə, heç kim buna inanmayacaq, ona görə ki, onlar çoxdur...

Tarix
2015.01.16 / 09:29
Müəllif
Hüseynbala Səlimov
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla