Yuxarı

Nüvə başlığını yemək olmur

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nüvə başlığını yemək olmur

Dünya o qədər zəngindir ki, təəccüblənmək üçün yer qalmır. Amma bəlkə dünyada Türkiyə ilə Rusiya kimi iki ölkə tapmaq çətin idi ki, son bir neçə ildə əlaqələri bu qədər artmış olsun. İki dövlət arasındakı ümumi ticarət dövriyyəsi 34 milyard dollar həddində qiymətləndirilirdi.

Amma indi bunların hamısı uzaq bir keçmiş olub – elə gün olmur ki, bu iki ölkə arasındakı gərginliyi artırmaq iqtidarında olan hansısa olay baş verməsin – gah Rusiya Türkiyəyə qarşı növbəti sanksiyanı açıqlayır, gah da iki ölkənin hərbi qüvvələri bir-birinə qarşı hansısa təhdid xarakterli hərəkət nümayiş etdirirlər.

Niyə belə oldu? Nəyə görə iki ölkə belə bir gərgin duruma gəlib çatdı? Burada tarix çox şey deyir – Rusiya ilə Tükiyənin münasibətləri heç vaxt rəvan olmayıb. İstanbulun fəthindən başlamış gərginlik müxtəlif dövrlərdə müharibə və qarşıdurmalarda öz ifadəsini tapıb. Amma yenə də birmənalı söz demək çətindir.

Sadəcə, bir məsələ var ki, "ərəb baharı" start götürəndən sonra Türkiyə ilə Rusiya arasında ciddi ziddiyyətlər müşahidə olunmağa başladı.

Münasibətlərin ən gərgin çağı isə Rusiyanın Suriyaya müdaxilə etməsindən başlanğıc götürdü. Suriya müxalifəti Dəməşqin astanasında idi. Artıq B.Əsədin hakimiyyətdən gedəcəyinə şübhə qalmamışdı. Amma bu məqamda Rusiya Suriya müxalifətinin mövqelərini bombardman etməyə başladı. B.Əsəd sözün əsl mənasında qurtuldu. Hətta Moksvaya minnətdarlıq jesti kimi səfər etdi.

Bundan sonra artıq Türkiyə ilə Rusiyanın münasibətlərinin pozulacağını və bu münasibətlərin gərgin həddə çatacağını proqnozlaşdırmaq elə də çətin deyildi.

İndi hər şey göz önündədir. Rusiya rəhbərliyi israrla bildirir ki, o, Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq niyyətində deyil.

Bəli, V.Putin dedi ki, Türkiyə "pomidorla canını qurtara bilməyəcək". Amma bu adamın ölkəsində artıq pomidorun da qıtlığı yaranıb – ağıllı insanlar bir neçə dəfə dedilər ki, Türkiyəyə qarşı tətbiq edilən sanksiyalar əslində Rusiya vətəndaşlarına tətbiq olunur. İndi Rusiya bazarlarında əsl qıtlıq müşahidə olunur. Bir tərəfdən də neftin qiyməti düşməyə başlayır – onun hətta 30 dollar həddinə çatacağı istisna olunmur. Hökumət təmsilçiləri bildirdilər ki, insanlar çətin günlərə hazır olmalıdırlar.

Fəqət, V.Putin inad etməkdə davam edir. Bu adam Ukraynadan əl götürmək istəmir. Bu adam ölkəsinin ümumi büdcəsinin ABŞ-ın təkcə hərbi büdcəsinin yarsını təşkil etməsinə baxmayaraq, böyük iddialarla vidalaşmaq niyyətində deyil. Rusiyada düşünürlər ki, hərbi xərcləri artırmadan da, ABŞ-la hərbi xərc sahəsində yarışa girmədən də ona başağrısı olmaq mümkündür. Onları belə bir fikrə sövq edən budur ki, nüvə başlıqları hələ də dünya siyasətində həlledici amil sayılır. Rusiya isə onların sayına görə dünyada ikinci ölkədir.

Amma nüvə başlıqlarını yemək olmur. Təsadüfi deyil ki, bəzi təhlilçilər indi Rusiyada yaranmış vəziyyəti ötən əsrdə yenidənqurma ərəfəsindəki vəziyyətlə müqayisə edirlər.

Bəli, V.Putinin siyasi-hərbi taktikası ona əsaslanır ki, ən yaxşı müdafiə hücumdur. Amma arxa cəbhə möhkəm olmayanda hücum da təhlükəlidir. İndi isə arxa cəbhə rolunu ölkənin iqtisadiyyatı oynayır. Rusiyanın iqtisadiyyatı öyünmək və uzağa gedən planlar qurmaq üçün elə bir əsas vermir.

Rusiyada həm də düşünürlər ki, bir problemi unutdurmağın ən yaxşı yolu başqa bir yerdə "problem olmaq", başqa bir yerdə problem yaratmaqdır. Onlara elə gəlir ki, bu yolla Ukraynanın şərqini, Krımı dünyaya unutdurmağa müvəffəq olacaqar. Amma bu, yalnız ilğımdır. Əslində isə heç kim və heç nə unudlmur.

Bəli, deyə bilərlər ki, gərgin münasibətlər Türkiyə üçün də təsirsiz ötüşməyəcək. Amma ekspertlər Türkiyəyə dəyən ziyanı maksimum 10 milyard dollar civarında qiymətləndirirlər. Düzdür, Türkiyə özünün qaza olan ehtiyacının 60 faizini Rusiyanın hesabına ödəyir. Amma böyük ehtimalla ölkə Türkiyəyə gedən qazı kəsməyəcək, çünki bu, Rusiya üçün daha böyük maliyyə itikisi demək olardı.

Təbii ki, biz türkiyəli siyasətçiləri də tam haqlı saymırıq. İndiki Baş nazir Ə.Davudoğlu böyük siyasətə "qonşularla sıfır poblem" doktrini ilə gəlmişdi və o, xarici işlər naziri olanda düşündük ki, Türkiyənin beynəlxalq əlaqələri daha da genişlənəcək. Amma bunun tərsi oldu – tezliklə İsraillə böyük qalmaqal yaşandı. İndi də Rusiya ilə problem yaşanır.

Təbii ki, Türkiyə tək deyildir. Ona NATO dəstək verir. Onu ABŞ müdafiə edir. Təsadüfi deyil ki, həm də Türkiyə ilə münasibətləri müzakirə etmək üçün yüksək rütbəli ABŞ diplomatları Rusiyaya səfər edirlər.

Qərəz, bir az gözləmək lazım gələcək.

İl başa çatmaqdadır. Siyasətçilər isə yenilikləri həmişə təzə ilə saxlayırlar. Ümid edək ki, növbəti il təkcə təqvimdə yeni olmayacaq, elə böyük siyasətdə də yeni bir səhifə olacaq.

Tarix
2015.12.18 / 09:18
Müəllif
Hüseynbala Səlimov
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla