Yuxarı

Düz 225 il bundan əvvəl...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Düz 225 il bundan əvvəl...

Bu həftə çox maraqlı bir tarixə təsadüf etdi... Düz 225 il bundan əvvələ rus qoşunları A.Suvorovun (hərçənd, onun da türk əsilli olduğu deyilir!) komandanlığı altında türklərin İzmayıl qalasını ələ keçirdilər. Bu detalı heç də təsadüfən xatırlamadım – tarixdən dərs götürməyənlər onu ikinci dəfə yaşamağa məhkum olurlar.

Amma yox, bugünün Türkiyəsi haqqında bunları demək ədalətsizlik olardı – bu ölkə Rusiyaya elə bir dağ çəkdi ki, Putin siyasi isterikadan hələ də özünə yer tapa bilmir. Elə son günlərə qədər siyasi gündəmi müəyyən edən də bu isterika oldu. Elə bir gün olmur ki, Rusiyadan Türkiyə ilə bağlı hər hansı bir isterik bəyanat eşidilməsin. Ən maraqlısı isə budur ki, Rusiya hökuməti Türkiyənin kürd əsilli siyasi lideri – S.Dəmirdaşı ölkəsinə dəvət etdi.

Belə deyildi ki, səfər zamanı Xalqların Demokratik Partiyasının (HDP) Moskvada şöbəsi açılacaq... Artıq Türkiyə hökuməti bu dəvətlə bağlı münasibətini izhar edib. Amma məsəl var, deyirlər ki, su axıb çuxurunu tapar...

Elə PKK da ciddi şəkildə SSRİ-dən dəstək alırdı. İndi istisna deyil ki, Dəmirdaş da bu yolu seçəcək. Fəqət, seçib nə edəcək? Ən yaxşı halda Öcalan cənablarının kamerasında özünə yer sifariş edəcək.

Yox, demirik ki, kürd problemi Türkiyə üçün kiçik problemdir. Belə deyil və biz də etiraf edirik ki, bu problemin ucbatından Türkiyə çox fəsadlar yaşayıb.

Amma Tükiyədə kürdlər bəlkə də Rusiyada heç bir xalqın malik olmadığı siyasi hüquqlara malikdirlər. Türkiyənin dörd prezidenti kürd əsilli olub. Kürd siyasətçiləri parlamentdə və bələdiyyələrdə təmsil olunurlar.

Bəli, Rusiyada bir çox milli azlıqların muxtariyyəti var. Amma həmin muxtariyyət onlara nə verib? Təəssüf ki, rusiyalı siyasətçilər bunun haqda danışmağı sevmirlər. Olsun. Elə biz də hansı ölkədə milli azlıqların daha çox hüquq və azadlıqlara malik olduğunu müqayisə etmək fikrində deyilik.

Güman edirik ki, Rusiya ilə Türkiyə arasında indi yaşanan qarşıdurma həm də sistem məsələsidir – Türkiyə tək deyil, o, ABŞ-la, NATO ilə birgədir.

Bu yaxınlarda ABŞ-ın dövlət katibi C.Kerri Rusiyaya səfər etdi. Düşündük ki, səfər münasibətlərin istiləşməsinə səbəb olacaq. Amma belə olmadı. Bəli, danışdılar və ayrıldılar.

Nəticədə isə biz neftin daha da ucuzlaşmasının şahidi olduq. Düzdür, V.Putin bu yaxınlarda keçirilən mətbuat konfrasında sanksiyaların və böhranın pik dövrünün arxada qaldığını dedi. Amma əksəriyyət prezidentin optimizmini və ən başlıcası, təmkinini bölüşmür – insanlar özlərini daha çox pessimist ssenarilərə hazırlamağa meyllidirlər, nəinki optimizmə varmağa. Ən əsası isə odur ki, neft böhranının yaxın vaxtda bitəcəyinə ümid yoxdur. OPEK-in hasilatı azaltmaması bir tərəfə, hələ ABŞ və İran da bazara girməyə hazırlaşırlar. Amma bu yazıda bizi daha çox məşğul edən Türkiyə ilə Rusiyanın münasibətləridir.

Bəli, Dəmirdaşı ölkələrinə dəvət etməklə ruslar Türkiyəni içəridən laxlatmağa çalışırlar. Amma islanmışın yağışdan qorxusu olmaz deyiblər - Türkiyə neçə illərdir ki, bu problemi yaşayır. S.Dəmirdaş bu prosesə ciddi "töhfə" vermək iqtidarında deyil.

Yazının əvvəlində tarixə müraciət etdik. Bəli, Türkiyə ilə Rusiyanın münasibətləri heç vaxt hamar olmayıb. Burada birinci Pyotrun İstanbulu Rusiyanın paytaxtı etmək haqda sərsəm "plan"larını xatırlamağa dəyərmi? Təkcə sovet dövrünün ilk illərində Rusiya ilə Atatürk Türkiyəsinin bir qədər isti münasibətləri olub. Amma bu da çox çəkməyib.

Elə bu səbəbdən də Putinin anti-Türkiyə ritorikası bizə bir o qədər də qeyri–adi və təəccüblü görünmür. Bizi sadəcə, başqa məsələ düşündürür. Türk köklü xalqlar indi də Rusiyada çoxdur, Rusiya müsəlmanlarının əhəmiyyətli hissəsini məhz onlar təşkil edirlər. Elə Rusiyanın xarici partnyorları arasında da bu xalqlar heç də azlıq təşkil etmir.

Amma Rusiya türkləri həmişə özünə rəqib görüb. Yadıma gəlir, 90-cı illərin əvvəlində Rusiya mətbuatında ən çox müzakirə olunan geosiyasi mövzulardan biri onların "türk zolağı" adlandırdığı məsələ idi. Bu "zolaq" onları qorxudur və təşvişə salırdı.

Güman ki, indi də həmin "zolağ"ın izlərini Rusiyanın xəritəsində axtarırlar və tapırlar. Bu da onları həyəcanlandırıb təşvişə salır. Fəqət, rusiyalı politoloq Q.Pavlovskinin maraqlı bir fikri var: "O şey ki baş verməlidir, onun qarşısını almağa çalışmağa dəyməz".

Bəli, o şey ki, baş verməlidir, o mütləq olacaq – elə bir vaxt yetişəcək ki, daha məzlum türk xalqı olmayacaq, onlar hamısı azad olacaq. Bəlkə də yalnız o vaxt rusiyalı siyasətçilər bu xalqlarla dil tapmamalarının fərqində olacaq. Gəl ki, onda çox gec olacaq – necə deyərlər, qatar gedəcək...

Tarix
2015.12.25 / 08:45
Müəllif
Hüseynbala Səlimov
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla