Heç Vətən həsrətli yuxular
görən deyiləm. Amma bu gecə yuxumda böyük bir heyətlə işğal olunmuş
rayonlardan birinə getmişdik. Bütün heyət üzvləri mülki, cəmi bir
nəfər hərbi geyimdə idi. Mən də həmin hərbi geyimli adama
güvəndiyimə görə orda idim və yanından heç ayrılmırdım. Bir hündür
binanın həyətindəydik. Sonra həmin hündür mərtəbəli binanı
pilləkənlərlə qalxmağa başladıq. İçimdə qorxu, sevinc, heyrət,
həyəcan qarışmışdı bir-birinə. Pilləkənləri qalxa-qalxa "burdan
salamat qayıda biləcəyikmi?" - deyə düşünürdüm. Orta mərtəbələrdən
birində bir mənzil qapısı açılır. Otaqlar bomboşdur. Birdən içəri
bir nəfər girir, əlində də iki stul...
PS: Hər şey o qədər aydın görünürdü ki, nə vaxt o
yerlərə getsəm, o həyəti də tanıyaram, o binanı da. Amma oralarda
hündürmərtəbəli bina nə gəzir? Bu il sülh müqaviləsi bitir. Allah
xeyirə yozsun bu yuxunu!
(11 aprel 2014)
Bu sözləri sosial şəbəkələrdən birində iki il öncə məhz aprel
ayında yazmışdım. Haradasa, kiminləsə danışmaq istəyirəm. Amma o
yeri və o adamı müəyyənləşdirməyə çətinlik çəkirəm. Necə deyim axı,
elə bir məkan olsun ki, hər yer yovşan qoxusun, xaraba qalmış
evlərin sahibləri güllə yağışının altında qaçanda qopub qalmış
ayaqların, qolların, minadan, mərmidən toxum kimi torpağa səpilən
canların yerində ara-sıra qırmızı lal lalələr başını yelləsin
ağır-ağır. Bilməyək, onlar çiçəkdirmi, yoxsa canları parça-parça
olub toxum kimi səpilən şəhidlərdir əl yelləyirlər bizə, "gəlin",
deyirlər, "biz burdayıq" deyirlər.
Oturasan lalələrin yanında, yer də Cəbrayıl ola, Qubadlı ola,
Xocalı ola, yer də Laçın, Şuşa, Kəlbəcər, Xankəndi, Füzuli, Ağdam -
əvvəl biri ola, sonra hər gün biri - oturasan lalələrin yanında
fikirləşəsən ki, bütün olanlardan sonra görəsən hansımız
başlamalıyıq danışmağa, nədən başlamalıyıq...
Bir lalənin yanında oturub onun kimi susasan, düşünəsən -
tələsik cavab hazırlamaq lazım olacaq qəfil veriləcək suallara.
Birdən desə ki, bəs illərdir biz hər yaz boy atıb qızara-qızara
sizi gözlədik, sizsə... böyükləriniz qocaldı unutdu, gəncləriniz
yaşlandı unutdu, uşaqlarınız böyüdü unutdu. Yaddaşınızmı sizi
unutqan elədi, zamanmı? Deyək, insan belədir də, yaş ötdükcə
unutqanlıq başlayır.
Gərək məni torpağına düşmüş gülləni kölgəsində gizləyən lalə
kimi dinləyəsiniz...
***
Cəbrayılın Şuşası sayılan Sirikdən danışdı atam ömrü boyu. Heç
görmədim oranı, heç anlamadım dediklərini. Elə hey Tey dağı, Qanlı
Qoz məhəlləsi deyib durdu. Elə hey, Sirik camaatının Sovet qoşununu
darmadağın edib Azərbaycan tarixinə Sirik tarixini yazmasından
danışdı, Sonra Bəylər atasından söz açdı. Deyirdi, kişi bəy olub,
sonra Sovet hökuməti döyüşən adamlardan öldürdüyünü öldürüb,
qalanını Sibirə sürgün edib. Atası Bəylər kişinin mal-qarası
müsadirə olunub, mülkünü kənd məktəbi ediblər. Bəylər kişi dünyadan
köçəndə atam kiçik olub deyə, onunla bağlı xatirələri çox deyildi,
bunları da elə kənd camaatından eşitmişdi. Sonra ayağı yer tutanda
oxumaq-işləmək üçün kənddən çıxıb. Sonra... şəhər həyatı
başlayıb.
Qaçqınlıq-köçkünlük görmədik biz. Hələ müharibədən xeyli
əvvəldən Cəbrayıla gediş-gəlişimiz kəsilmişdi. Amma Siriklə bağlı
xatirələr, az qala, hər gün evimizdə danışılırdı. Onda nə bilirdim
Cəbrayıl nədir, nə bilirdim Sirik haradır? Nə bilirdim atam niyə
can atmaq istəyir o torpağa... O qədər də möhkəm adamdı, bir dəfə
həsrətini dilinə gətirməzdi.
***
Ana da Vətən kimidir. Yoxluğu qürbətdə yaşamağa bənzəyir, günün
nə qədər xoş keçir keçsin, ən böyük xoşbəxtlik qoynuna
girməkdir.
Anamı aprelin iyirmisində toxum kimi torpağa əkəndən sonra
gözümün yaşı qurumadı. Onda bir az böyüməmiş kimiydim, onda yenə də
bilmirdim Cəbrayıl haradır, Sirik necə yerdir. Apreli görməyə gözüm
yox idi. Bahar gəldimi, ağaclar çiçəklədimi, otlar göyərdimi,
quşlar ağız-ağıza verib oxudumu - qanım qaralırdı. Bahar anamı
toxum kimi torpağa əkmişdim, amma bəhrəsini görə bilmirdim. Gələn
baharlar - oxuyan quşlar, bitən otlar, çiçək açan ağaclar, doğan
günəş - məni sevindirmirdi. Bəs bu torpaq anamı neylədi?
Cəbrayıldakı Çinardan elə yanıqlı danışırdı ki... Deyirdi, nahaq
o ağacın üstündə restoran düzəldib qurutdular. Deyirdi, nəhəng ağac
idi, altından kəhriz axırdı.
Anam bir gün uşaqlarla oynaya-oynaya Cəbrayılın hansısa dağına
gedib çıxır. Hər yer duman imiş. Birdən duman çəkilib, görüblər
yanlarında nəhəng qaya var. Qaya bir atlını xatırladırmış. Deyiblər
ki, o hansısa müqəddəslərdən birinin əksidir. Bu, anamın uşaqlıq
xatırəsi idi. Deyirdi, Cəbrayılda düzlər lalədən don geyinir.
Atasını tez-tez yuxuda laləzarda görürdü, hər dəfə eyni yuxunu
danışırdı mənə.
Anasızlıq vətənsizlik kimi yandırır...
...Sonra heç özüm də bilmədim necə böyüdüm. Şəhid ailələri ilə
görüşdüm, evlərində əziz qonaq oldum, çörək kəsdim, çaylarını
içdim. Hər ailənin hər üzvü mənə bir dərs oldu, həyatı daha
içəridən, ağrı-acısıyla dərk etdim.
***
Sonra atam özünü qəribə aparmağa başladı.
Tez-tez evdən çıxıb harasa gedirdi, qayıda bilmirdi. Zəng edib
deyirdi ki, bala, evə gedirdim, yolu azmışam. Yerini öyrənib
gətirirdik. Sonra bu hallar tez-tez təkrarlanmağa başladı. Bir gün
isə səsi Bakı Avtovağzalından gələndə təəccübləndik. Nə baş
verdiyini anlamırdıq. Hara getdiyini soruşanda cavabı bizi
sarsıtdı: Evə.
Nə ev? Hansı ev? Kimin evi?
Həkimə də müraciət edirdik, deyirdi, yaşlılarda olur belə
şeylər. Bir-iki dərman yazırdı, vəssalam.
Sonra atam gecələr evə sığmaz oldu. Hava qaraldımı, sanki
bambaşqa adam olurdu. Qapının ağzında qarşısını zorla kəsib,
qapıdan çıxmağına mane olurduq.
- Ay ata, hara gedirsən?
- Evə gedirəm.
- Evdəsən axı.
- Yox, bura mənim evim deyil! Gecdir! Gecə düşür, evə
getməliyəm! Məni ləngitməyin!
- Hansı evə?
Sonra atam susurdu, fikirləşirdi, fikirləşirdi... Cavab tapa
bilmirdi.
Bu hal hər gün təkrarlanmağa başladı. Axşamlar qorxmağa
başladıq, hava qaralan kimi atamın "evə getmək" arzusu bizi
qorxudurdu, onu heç cür ovutmaq olmurdu.
Bir gün həkimlərin məsləhəti ilə beyninin kompüter müayinəsi
aparıldı. Diaqnoz belə idi: alzeymer.
Bundan sonra evdə yalnız Siriklə bağlı eyni xatirələrini
dinləyirdik – uşaqlıq xatirələri ona gizli gedən xəstəlik kimi
əziyyət verirdi.
Bir gün dəhlizdən keçəndə atamın pıçıltı ilə öz-özünə "anam məni
hamıdan çox istəyirdi" deyə pıçıldadığını eşitdim. Başa düşdüm ki,
ata "evimə gedirəm" deyəndə Cəbrayıla, Siriyə - atasının ocağına
getməyi nəzərdə tuturmuş. Necə olub ki, bu bizim heç ağlımıza da
gəlməyib. Həsrət, dərd çəkə bilməmişdi, unutmağa başlamışdı. Buna
artıq dözə bilməzdim. Atamın Cəbrayılda qalan xatirələrinə aid bir
parçanı tapmalı idim. Onun içindəki sualları, ağrıları özümlə
aparıb ovutmalı idim. Bir gün Cəbrayıldan köçkün düşmüş atamın
uşaqlıqdan bəri görmədiyi qohumlarını tapıb, ünvanlarını öyrəndim.
Taksiyə oturub düz Beyləqana yollandım. Kim olduğumu Bakıya
qayıdandan sonra zəng edib dedim – bəlkə gedişimə şad
olmayacaqdılar. Şad oldular, özü də necə - demə, onlar da uzun
illər həsrətlə yaşayıblar. Evimizə gəlib atamla görüşdülər. Ata o
qədər sevinmişdi ki, anidən hər şeyi, hamını xatırladı – o unutqan,
heç nəyi və heç kimi xatırlamayan adamdan əsər əlamət qalmamışdı.
Səhər açılanda isə... daha heç nə, heç kim yadında deyildi.
***
Yolu necə gəldiyimdən çox az məqam xatirimdədir. Füzulidə təndir
çörəyi satan analar üzü Lələtəpəyə sarı getdiyimizi biləndə az
qaldılar qucaqlayıb boynumuza sarılsınlar. Olmamışdım Füzulidə.
Təsəvvür edin, bir kəndin bir tərəfində sən, digər tərəfində
düşmən... Horadizdə bir su arxının yanından keçəndə atamı düşündüm,
gözlərim doldu – mənim onun yurduna gəldiyimdən xəbərsiz idi. Tez
özümü ələ aldım. Duyğulanmaq vaxtı deyildi. Möhkəm olmaq, insanları
ruhlandırmaq, örnək olmaq lazım idi. Bir-birinə oxşayan düzlər,
yollar, cığırlar ötür-ötür oyunu oynayırdı elə bil. Birdən
maşındakı dostların şən-əhval ruhiyyəsi məni xəyallardan ayırdı.
Kimsə bərkdən dedi: Bu da Cəbrayıl!
Nə? Cəbrayıl? Hanı Cəbrayıl? İlahi! Budur, buradır Cəbrayıl?
Dəli kimi ora-bura baxdım. Görməmiş kimi gözümü yerə-göyə gəzdirim.
Heç vaxt görmədiyim Cəbrayılın göyünü bütün göylərdən göymü,
çəmənini otlarını hamısından yaşılmı gözləyirdim, nədir? İzah edə
bilmədim bunu. Özümü toxtaq tutacaqdım, elə də görünürdüm. Hərbi
hissənin əsgər-zabit heyətinin bir az çaşqın, bir az sual, bir az
ümid dolu baxışlarından tutuldum. Elə bil, bir az da utandım.
Bilmədim baxışlar bizə "nə yaxşı gəlmisiniz" deyirlər, bilmədim
"biz nə hayda, siz nə hayda" deyirlər, yoxsa, "ay bacı, ay qardaş,
bura gəlmək olmaz"... bilmədim... Bilmədim onların hansıyla
salamlaşım, hansının əhvalını soruşum. Çoxlu suallarım var idi,
bilmədim hansı sualı verim, hansını saxlayım, seçim edə bilmədim
deyə susdum. Bilmədim, qarşımdan keçən əsgərdən sumu istəyim, yoxsa
"su istəyirsənmi" soruşum; bilmədim ac olduğunu soruşum, yuxusuz
olduğunu soruşum. İstədim buraların nə dərəcədə təhlükəsiz olduğunu
öyrənim birindən. Sonra beynimdən keçən fikirdən utandım, dedim,
nədir, Feyziyyə, qorxursan minaya düşərsən, əlini, qolunu burada
qoyub gedərsən? Nə olacaq ki, yerində qırmızı lalələr bitəcək,
Şuşadan, Xocalıdan qonaq gələn uşaqlar yanlarında oturub bu günləri
pis yuxu kimi lalələrə danışacaqlar. Soruşmadım. Düşüb xəndəklərinə
baxmaq istədim, görüm onlara rahatdırmı, narahatdırmı. Düşmədim ki,
nəyisə düz eləmərəm, təhlükəsizlik qaydalarını pozaram, narahat
olarlar. "Düşmən gülləsinə sipər etdiyiniz canlarınıza qurban olum"
deyib kirimişcə baxdım sadəcə. Balaca arxın hər iki kənarında
oturub bizdən daha xoşbəxt görünən iki pişiyi qucağıma alıb
sığallamaq, ovutmaq istədim. Nə qədər olmasa qorxmuşdular, yəqin.
Sonra hallarından məmnun olduğunu görüb onlara da yaxınlaşmadım.
Qarınları tox, kefləri kök idi. Müharibədən qorxana da
oxşamırdılar, mərdlərin yanında qorxaqlıq öyrənməyəcəkdilər ki!
Kameranı qoşub çəkməyə başladım ətrafı. Videosüjet hazırlamaq
istəyirdim. Danışacaqdım, bərkdən deyəcəkdim, "Bura Çocuq
Mərcanlıdır. Biz vətənə gəlmişik. Bu torpaqlar bizimdir. Bu
dağılmış evlərin sahibləri gəlib tapacaq, tanıyacaq onları. Yenə də
tikəcəklər uçuq yerlərini, evlərinə divar kağızları seçəcəklər
Cəbrayılın çəmənləri rəngində, tavanlarını Cəbrayılın səması kimi
masmavi eləyəcəklər. Lalələr kimi qıpqırmızı darvazaları da kilid,
qıfıl tanımayacaq - bütün azərbaycanlıların, bütün qarabağlıların,
bütün cəbrayıllıların qapıları kimi həmişə açıq olacaq..."
İlk saniyələr... alınmadı, səsim çıxmadı. Cümlələr beynimdə sap
kimi düyün düşdü. Dağılmış evləri, çala-çökək yolları, yovşan,
qanqal basmış cığırları çəkdikcə özümə vaxt aldım. Elə bil, bu
boyda yolu tək gəlmişdim - elə bil, tək idim. Elə bil, müharibədən
qayıtmışdım - lal olmuşdum, kar olmuşdum. Yarısevinc, yarıhəyəcanla
sağa-sola keçən insanları yuxudaymış kimi, xəyalıma gəlirmiş kimi
görürdüm. Hərdən hərbi hissənin məsullarından biri cığır aşağı,
cığır yuxarı addımlaya-addımlaya nəsə deyirdi. Hiss olunurdu ki,
narahatdırlar. Görmək, qovuşmaq eşqimi, qorxmazlığımı, cəsarətimi,
inadımı, o zabitin narahatlığına bağışladım, durduğum yerdən iki-üç
addımdan savayı uzaqlaşmadım.
Arada qorxulu yuxulardan hıçqırıb ağlayanda öz səsimizə
ayıldığımız çox olub axı, mən də öz səsimə ayıldım. Gördüm
ağlayıram, özü də necə, hıçqıra-hıçqıra. Özümü ələ almağa çalışdım.
Nə illah elədimsə, ovuna bilmədim. Bir az sakit də ağlamaq olar...
alınacaq... yox, olmur, alınmır. Kənara da çəkilməyə yer yox, zabit
narahat, uzaqlaşmaq, təhlükəsizlik qaydalarını pozmaq olmaz... Amma
heç olmasa, ayılmışdım artıq, ağlayıb yuxudan ayılmışdım sanki.
Daha səsləri eşidirdim - bir neçəsi telefonla doğmaları ilə
danışırdı: "Çatmışıq", "Cəbrayıldayıq". Anamla danışmaq istədim,
yadıma düşdü ki, o yoxdur. Bəs atam? Axı o var. Yoxsa, yoxdur? İndi
mən onun haqqında indiki, yoxsa keçmiş zamanda danışım? Bircə ondan
əmin idim ki, atam da Sirik kimidir, var, amma ona yalnız
xatirələrdə çatmaq olar.
Hamı vətən torpağı yığırdı. Mənə də o torpaqdan verəcəkdilər.
Amma yox, anamın məzarına səpmək üçün özüm ovuclamalıydım. Həm də
torpağa toxunmaq istəyirdim.
İlahi, torpaq elə bil, ovuclarımın içini yalayırdı. Boynumdan
nişan xonçamdan götürdüyüm yaylığı açıb içinə torpaq, daş yığdım.
Yovşanımız da var idi, qanqal da yığırdılar. Bircə açılmış balaca
lalələri dərə bilmədim. Torpağa bir də əl atanda ovcuma lalələrin
kölgəsində gizlənmiş paslanmış güllə gəldi. Tez yaylığımın
arasındakı torpağın üstünə qoyub yaylığı bükdüm. Amma evdə gülləni
tapmadım. Vətən torpağı ağrısını özümlə aparmağa izn
verməmişdi...
Lələ təpəsinə qalxa bilmədik. Sadəcə, yenidən azadlığa çıxmış
Lələ təpəsinin daha yaxşı görünən hissəsində şəkil çəkdirdik.
Bayraqları qaldırdıq, çiynimizdən asdıq. Daha qayıtmaq vaxtı
idi. Hərbçilərimiz narahat idilər. Durmalı olduqları yerdən dayanıb
baxışları ilə bizi yola saldılar. Hamı bir-bir gəldiyi maşınlarda
öz yerlərini tutmağa başladı.
***
Bəzi səbəblər üzündən düşməndən yenicə xilas olmuş Lələtəpəyə
qalxa bilmədiyimizə çox məyus oldum. Çox israr eləmədim, xarici
ölkə-zad deyil ki, vətəndir, nə vaxt istəsəm, gələrəm. Maşınlar
yerindən tərpənəndə dostlardan eşitdim ki, Cocuq Mərcanlıda cəmi
bir ailə yaşayır. Onlara baş çəkməmiş gedə bilməzdim.
Açıq darvazaların yanında maşından düşdük. Evin ağsaqqalını
soruşduq, dedilər, Oqtay dayı əsgərlərə pay aparıb. Evdə bizi
can-başla qarşıladılar. Çaya dəvət elədilər, amma gedəcəyimiz
yerlər var idi - cəbrayıllıların kompakt yaşadığı Biləsuvardakı
qəsəbədə son döyüşlərdə şəhid olmuş Ruhinin ailəsinə baş
çəkəcəkdik.
Qapının ağzında dayanmış traktorun üzərində iri hərflərlə
CƏBRAYIL yazısını görüb burada yaşayan ailənin nə qədər mərd, nə
qədər qorxmaz, vətənini sevən insanlar olduğundan qürur duyduq.
Lələtəpə həyətdən daha yaxın, daha aydın görünürdü. Lələtəpə
yüksəkliyinin düşmən əlində olduğu illər ərzində onların hər an
ölümlə necə üz-üzə, göz-gözə yaşadığı kino lenti kimi insanın gözü
önünə gəlirdi. İnanın Allaha, adam az qalırdı, qapıda gəzən
toyuq-cücəni, qoyun-quzunu da bağrına basa.
Həyətdə iki qardaş öz ailələri ilə yaşayır. Çox keçmədi ki,
qohum da çıxdıq. Soruşdum ki, ay bibi, niyə buranı tərk etmədiniz,
bu güllənin altında necə qalırsınız? Dedi, bala, kişi getmədi,
dedi, mən buranı qoyub gedə bilmərəm. Soruşdum, ay bibi, bəs atışma
olanda neynirdiniz? Əlini Lələtəpəyə sarı uzatdı: "Atışma bax o
tərəfdə gedirdi. Biz də orda-burda gizlənirdik. Ay qızım, ev-eşiyi
qoyub hara gedək?"
Hərisliklə düzlərə, uzaqdan görünən dağlara, lalələr yurdu olan,
laləli təpəyə baxdım. Quzularını, cücələrini qovub tutdum,
qoxularını içimə çəkdim. Çay içməyə vaxt olmadığından hərəmiz bir
stəkan su içdik, dostlar dəstəmaz alıb namaz qıldılar. Nə gözəl
görünürdü Vətən torpağında diz çökmək... Qibləmiz, səcdəgahımız
vətən... Söz verdim ki, tezliklə yaxınlıqlarında bir ev tikib
onlara qonşu olacam.
***
Biləsuvara ilk dəfə ayaq basırdım. Şəhid Ruhin maşınlarımızın ön
şüşələrindəki şəkillərindən fəxrlə boylanırdı. Yolboyu gözümü bu
gənc şəhidimizin baxışlarından çəkə bilmirdim – bu qədər gənc
olasan və bu qədər mərd duruşun ola!
Qəsəbədə Ruhinin evlərinin yerini öyrənməyə ehtiyac yox idi,
döngələrə bayraq sancmışdılar. Darvazaları açıq idi. Qapılarına,
qapıdakı ağacın budaqlarına o qədər qırmızı bağlamışdılar, elə bil,
toy evindəsən. Amma yas çadırı qapılarından hələ də
yığılmamışdı.
Bilmirəm bir şəhid anasının toxtaqlığındanmı danışım sizə, bir
şəhid atasının sınmazlığındanmı. İlahi, insan nə qədər qürur
duyarmış illərlə böyüdüb başa çatdırdığı balasının şəhid
olmasından. İlahi, bir şəhid atası necə deyə bilər ki, döyüşdə
yaralanıb hal-hazırda hərbi hospitalda müalicə alan oğlum da, mən
də Vətənə qurban olaq, təki bu Vətən bölünməsin. Nə yaxşı daha
əfsanəvi xalq qəhrəmanlarını övladlarımıza nümunə göstərməyəcəyik.
İlahi, bir şəhid anası necə qürurla dayanıb ağlamayaq deyə, bizə
təsəlli verər?
Qalxmaq istəyəndə anası Ruhinin xətrinə ehsan yeməyimizə and
verəndə sözündən keçə bilmədik. Yeyə bilməzdim. Yeməməli idim. Əlim
süfrəyə uzanmırdı. Gözüm şəkildəki gənc şəhidin gözünün içinə
baxa-baxa boğazımdan loğma keçməzdi. Sonra gördüm bir az aralıda
eynən onun gözlərinə bənzər bir cüt göz mənə zillənib: "Qızım, sən
Allah, ye". Anası idi.
Çıxanda gözlədim ki, axıra qalım. Əllərindən öpəcəkdim ananın.
Boynunu qucaqladım, bağrıma basdım. Əlləri əsə-əsə gözümün yaşını
sildi: "Qızım, Ruhinin dəfnində də bir qız bax belə ağladı,
bilmədim kimdir. Ağlama... Sən Allah, ağlama".
***
Biləsuvarda Cəbrayıl şəhidlərinin də şəklinin vurulduğu abidəni
ziyarət elədik. O qədər çox idilər ki, şəkillərinə baxıb, adlarını
oxuyub bitirmək olmurdu.
Anamdan sonra bircə dəfə də olsun əl açıb dua eləmədim, İlahi,
sən bu millətin haqqını özünə qaytar. Yerlə göyün arasında qalan
şəhid ruhlarının, öldüsü-qaldısı bilinməyən itkinlərin, meşələrdə
nəşləri qurda-quşa yem olan körpələrin, qocaların, əsirlikdən xilas
edə bilmədiyimiz xanım qızların ahını, naləsini yerdə qoyma! Sən
gecə gözünə yuxu getməyən, hər an həsrət qaldığımız vətən
torpaqlarından şad xəbər eşitmək ümidi ilə yaşayan millətimin
dualarını qəbul elə!
***
Səhər evdən çıxanda atamın səsini eşidib otağa girdim. Məni
görən kimi sevindi, amma qızı olduğumu bildimi? Qəhərləndim.
Qırıq-qırıq kəlmələrlə dedi:
- Har-day-dın? Mən də sə-ni ax-ta-rır-am.
Səslər qəhər kimi boğazımda ilişib qaldı. Dərindən nəfəs
aldım:
- Ata, bilirsən hara getmişdim?
- Hara?
- Cəbrayıla...
Bomboş baxışlarını üzümə zilləyəndə anladım ki, dediyimi başa
düşmədi. Elə mənim də başa düşmədiyim şeylər var idi. Hələ də
anlamamışdım ki, atam üçün cəmi Qarabağ Sirik, bütün yüksəkliklər
Tey dağıdır axı. Bir azca ucadan və aramla:
- Ata... - deyib dayandım. Duruxduğunu görüb uşaqla danışırammış
kimi davam elədim:
- Erməniləri Sirikdən qovmuşuq. - Yəqin ki, yenə söhbətin nədən
getdiyini anlamayacaqdı. Amma birdən o arıq çöhrəsinə peyğəmbər
nuru gəldi sanki. Elə bil, gəncləşdi, gümrahlaşdı, qəhərləndi. Son
vaxtlar sözləri unutduğundan rabitəsiz danışırdı deyə, dayanıb
fikirləşəndə hansı hissləri keçirdiyini anladım. Özünü çox yormasın
deyə, alnından öpmək istəyəndə qəfil nə desə yaxşıdır:
- Sən Allah heyləə?..
Aprel təkcə anamı yox, məni də torpağa apardı - Vətənə
getdim. Daha apreli sevirəm, daha baharı sevirəm. Quşların
nəğməsinə də sevinirəm. Ağaclar nə gözəl çiçək açır. Amma ən çox
laləni sevirəm.