Bakı Dövlət Universitetinin
Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, professor
Cəfər Quluzadə Modern.az saytının suallarını cavablandırıb. Onunla
müsahibəni təqdim edirik.
- İlk sualımı belə qoyacağam. Tez-tez eşidirik ki,
kainat nizamlıdır. Kainat həqiqətənmi nizamlıdır, yoxsa keşməkeşlə
doludur, xaotikdir?
- Kainatda ümumi bir nizam var. Ancaq kainat heç zaman sabit
deyil, sakit şəkildə bir yerdə durmur. Orada hər şey hərəkətdədir.
Ulduzlar, ulduz topaları, qalaktikalar - hamısı hərəkətdədir.
Kainat bütövlükdə genişlənməkdədir. Son zamanlara qədər belə güman
edilirdi ki, kainatda genişlənmə zəifləyib. Amma son elmi
araşdırmalar göstərib ki, genişlənmədə zəifləmə yoxdur.
- Bu genişlənmə nə zamana qədər davam edəcək? Bizi nə
gözləyir?
- Çox mürəkkəb məsələdir. Buna birmənalı cavab vermək çətindir.
İnsan zəkası kainatı müəyyən sərhədə qədər dərk edə bilir. Məsələn,
biz sonsuzluq deyirik. Bəs sonsuzluq nədir?! Qeyri-müəyyənlik...
Biz dünyanı, materiyanı müəyyən yerə qədər anlaya bilirik. Elm
belədir ki, daim inkişafdadır. Dünən bilmədiyimiz bəzi məsələləri
bu gün izah edə bilirik. Ancaq bütün məsələləri izah etmək
qeyri-mümkündür.
- Təbiidir. Amma fərziyyə deyilən bir şey də var. O
fərziyyələrlə kainatın, bizim yaşadığımız Yer planetinin taleyinin
necə olacağını təxmin etmək mümkün deyil?
- Bayaq dedim ki, kainat genişlənir. Ola bilsin ki, elə bir dövr
gələcək ki, həmin genişlənmə zəifləyəcək və sıxılma başlayacaq. Adi
elementar zərrəciklər cazibə qüvvəsi ilə bir-birini cəzb edir. Amma
onların cəzb etməsi müəyyən məsafəyə qədərdir. Bəlli bir yerə
çatandan sonra cazibə qüvvəsi itələmə qüvvəsinə çevrilir. Bəlkə
makroaləmdə də belə bir proses gedir. Amma bunlara tam cavab verə
bilmirik.
- Kainatın yaranması ilə bağlı bir neçə fərziyyə var.
Guya 13.5 milyard il öncə makroaləm həddindən artıq sıxılmış bir
maddədən yaranıb. Heç ola bilərmi ki, məsələn, bir çay qaşığı boyda
sıxılmış maddədən nəhəng bir aləm yaransın?
- Əvvəllər belə bir fikirlər var idi ki, kainat yarananda toz və
qazla dolu olub. Və qazla tozun içərisində hərəkət edən kiçik
hissəciklər yanındakıları yığa-yığa gedib, sonra göy cisimləri
yaranıb. Bu, nəzəriyyə yox, fərziyyədir. Uzun müddət yaranmanı bu
mexanizmlə izah edirdilər. Sonralar yeni nəzəriyyə ortaya çıxdı.
Bildirildi ki, kainat əvvəldən çox sıx bir maddədə cəmləşib və
böyük partlayış olub. Bununla da göy cisimləri əmələ gəlib. Bu da
sübut olunmamış bir nəzəriyyədir. Ancaq bəzi şeyləri izah etmək
olur. Dünyanın quruluşu haqqında əvvəllər Ptolomey nəzəriyyəsi var
idi. O səhv idi, amma çox şeyi izah edə bilirdi. Ona görə də, o
təlim 15 əsr yaşadı. Sonra isə elmin inkişafı nəticəsində aydın
oldu ki, Ptolomeyin təlimi bəzi şeyləri izah edə bilmir.
Bu təlimdə deyilirdi ki, filan zaman Günəş tutulması olacaq.
Amma əslində ümumi nəzəriyyə olaraq səhv idi. Buna baxmayaraq,
burada daxili dəqiqlik o qədər böyük idi ki, səhv də olsa, çox
hadisələri izah edirdi. İndi heliosentrizm nəzəriyyəsi var. Yəni
Günəş sisteminin mərkəzində Günəş durur. Elmin inkişafı ilə
əlaqədar sabah başqa nəzəriyyələr, fərziyyələr də meydana gələ
bilər.
Göy cisimləri də adi insanlar kimidir. Onlar yaşayırlar,
qocalırlar və məhv olurlar. Misal üçün ulduzlar. Onlar müəyyən bir
inkişaf mərhələsi keçirlər. Sonra isə onlar qara dəliyə keçirlər.
Qara dəlik onların ölməyi deməkdir. Hər bir ulduzu tarazlıqda
saxlayan iki qüvvə var. Təzyiq qüvvəsi onu genişləndirməyə çalışır.
Cazibə qüvvəsi isə sıxmağa çalışır. Ulduzun enerjisi şüalanma
nəticəsində müəyyən qədər itir. Onun şüalanması zəifləyəndə təzyiq
də zəifləyir. Bu zaman qravitasiya üstün gəlir. Sıxılma zamanı
temperatur artır. Daha sonra isə yenidən genişlənir. Ona görə də
müəyyən qədər ulduz sıxılıb-genişlənir. Ancaq elə bir məqam çatır
ki, ulduz bu mərhələdə üst qatını saxlaya bilmir. Böyük bir kütlə,
ulduzun üst qabğı kainata atılır. Bu, bir neçə dəfə olduqdan sonra
ulduzun kütləsi azalır, şüalanması zəifləyir. Qravitasiya
qüvvələrinə cavab verə bilmir. Ulduz kəskin sıxılır. O qədər
sıxılır ki, oradan kvantlar çıxa bilmir. İndi elə ulduzlar var ki,
onların radiusu 10 kilometrə çatır. Yəni onlarda qravitasiya o
qədər artır ki, onun şüalanmasını görmək mümkün olmur. Biz isə
ulduzları şüalanmasına görə müşahidə edə bilirik. Şüalanma
olmayanda onu görmürük, deyirik ki, o qara dəlikdir.
- Məşhur alim Stiven Houkinq deyir ki, qara dəliklər
bizi udsa, yeni bir aləmə keçid edə bilərik. Necə də
maraqlıdır!
- Bəli. Houkinq bildirir ki, qara dəliklər yeni bir dünyaya yol
deməkdir. Qara dəlik qalaktikaları cəzb edə bilməz. Çünki orada
milyonlarla ulduz var. Ayrı-ayrı cisimləri isə cəzb edə bilər.
- Ancaq mən bildiyimə görə, qara dəliklər də sadəcə bir
versiyadır.
- Qara dəlik odur ki, ulduz kəskin sıxılır və şüalanması olmur.
Bu, artıq demək olar ki, təsdiq olunub. Göy cisimlərinin hərəkətinə
görə onlara başqa kütlənin təsiri göstərməsini tapmaq olar.
Houkinqin son fikirlərinə görə, qara dəlik alternativ kainata
yoldur. Bu isə fərziyyədir. Alimlər yavaş-yavaş hər şeyi izah
etməyə çalışırlar. Amma ilkin təkanı dəqiq deyə bilmirlər. Yəni,
ilk başlanğıcın necə olmasını bilmirik.
- Elm ilk anı araşdırmağa çalışır. Din adamları isə ən
yaxşı halda sadəyə qaçaraq, ilk təkanın ali bir şüur – Allah
tərəfindən olduğunu deyir. Elə dinlər də ilk təkanın uca bir
varlığın iradəsi ilə baş verdiyini vurğulayır. Siz də belə
düşünürsünüz?
- Açığını deyim ki, idealist deyiləm, materialistəm. Düzdür,
müəyyən şeylərə riayət edirik, bu, ata-babamızdan qalan mirasdır.
Ancaq təbiət etibarı ilə materialistəm. Dünyanı idarə edən qüvvə
ümumdünya cazibə qüvvəsidir. Bununla çox şeyi izah etmək olar. Fərz
edək ki, dinlərin dediyi kimi kainatı Allah yaradıb. O zaman sual
olunur: bəs Allahı kim yaradıb? İlkin təkan məsələsinə görə haqlı
olaraq bu sual yaranır. Bütün hər şey, o cümlədən kainat da
təsadüfən yaranıb. Burada yaradıcı axtarmağa ehtiyac yoxdur.
- Baş verənlərin, yaradılışların arxasında ali bir
şüurun durmadığını iddia edirsiniz. Yaxşı, bəs bu gün də kainatda
nələrsə öz-özünə yaranırmı?
- Bəli. Ulduzlar, planetlər bu gün də yaranır. Hamısı təbii
proseslərdir. Onlar da insan kimi yaranır, qocalır və ölür. Bircə
fərq ondan ibarətdir ki, ulduzların yaşı milyon, milyard ildir.
Bəzən sual edirlər ki, ulduzun yaranma prosesini niyə görmürük?
Halbuki, bu çox böyük zamandır. Söhbət milyard illərdən gedir. Biz
milyon illərdir mövcud olan ulduzlara cavan ulduzlar deyirik. Onu
spektrinə görə təyin edirlər. Ulduz üst qatını, kütləsini kainata
səpələyəndə deyirlər ki, yeni ulduzlar yaranır. Ancaq həmin göy
cisimlərinin milyard yaşı var.
- Kainatda hər hansı genişmiqyaslı kataklizmlər
gözlənilirmi?
- Günəş sistemi çox dinamikdir. Hər bir planetin öz yolu var.
Ümumi qanunlarla o yolla gedirlər. Hamısının yolu, sürəti, periodu
məlumdur. Buna baxmayaraq kataklizmlər gözlənilir. Bu, mütləq
olacaq. Günəş üst qabığını atsa, yəni partlasa, Yer bir neçə saniyə
ərzində əriyər və Yox olar. Belə hadisə gözlənilə bilər. Digər
tərəfdən Günəşin özünün yaşı məhduddur. Təxmini hesablamalara görə
Günəş 10 üstü 11 il də yaşaya bilər. Dəqiq bilinir ki, Günəş əbədi
deyil. Günəş şüalandıra-şüalandıra axırda yox olacaq. Günəşin
şüalanması kəskin azalsa, Yerdə 7-8 metr qalınlığında buz təbəqəsi
əmələ gələcək. Amma bu hadisələrin nə zaman olacağını deyə
bilmərik.
- Albert Eynşteyn cazibə qüvvəsi deyilən bir şeyin
əslində, kainat-zamanda bükülmələr olduğunu bildirirdi. İndi hansı
doğrudur? Cazibə qüvvəsi, yoxsa əyilmə-bükülmələr?
- Nyutonun qanunları çox mükəmməldir. Elm aləmində, xüsusilə
fizikada Nyuton zirvəsinə çatan ikinci bir alim olmayıb. Eynşteyn
sadəcə olaraq Nyutonun dediklərinə düzəlişlər verib. Eynşteyn
Nyutonun qravitasiya qanununu təkmilləşdirib. Nyuton hər şeyin
təməlini qoyub. Onun həyatı da maraqlıdır. Təsəvvür edin, 85 il
yaşayıb, amma evlənməyib.
Heç kimlə mübahisə və müzakirə etməyib. Tək oturub, gecə-gündüz
işləyib. Ümumdünya cazibə qanunu çox mükəmməldir. Cazibə istənilən
2 cisim arasında baş verir.
- Mənim rastıma belə bir yazı çıxmışdı, orada
bildirilirdi ki, kvant fizikası materializmi elmi cəhətdən puça
çıxarır. İndi nə qənaətə gələk?
- Kvant fizikası ənənəvi fizikadan fərqlənir. Ənənəvi fizikada
deyilir ki, filan cisim var, onun trayektoriyası, sürəti məlumdur.
Biz hesablaya bilərik ki, o cisim, məsələn, 2 aydan sonra harada
olacaq. Kvant fizikası isə məsələni başqa cür qoyur. Deyilir ki,
filan cismin fəzanın müəyyən yerində olmaq ehtimalı bir belədir.
Yəni ehtimalla danışır. Kvant fizikasında trayektoriya anlayışı
yoxdur. Bilinmir ki, hər hansı bir cisim 5 saatdan sonra harada
olacaq. Kvant mexanikası materializmlə heç bir ziddiyyət təşkil
etmir.
- Ümumiyyətlə, çox eşidirik ki, materializm özünü
doğrultmadığına görə, tarixin arxivinə gömülüb. Siz isə hələ də
materializmi müdafiə edirsiniz.
- Materializm bu gün də yaşayır. Həmişə də yaşayacaq.
Materializm olanı deyir. İdealizm deyir ki, mən bunu görürəmsə,
deməli həmin cisim var. Materializm isə deyir ki, mən bunu görsəm
də, görməsəm də, o var. Düz deyir. Yəni mən koramsa, o cisim
yoxdur?!
- Qısacası, siz ateizmi də müdafiə edirsiniz. İçinizdə
bir qorxu yoxdur?
- Qətiyyən.
- Neçə yaşınız var?
- 80.
- Adətən insanlar yaşa dolanda dinə gəlirlər. Sizdə niyə
belə olmayıb, maraqlıdır?
- Mən yaşlansam da, dinə meyllənməmişəm. Mən kiçik yaşlarımda
dini elmlərdən xəbərim olmayanda çox şeyə inanırdım. Amma onları
öyrəndikcə, dinə olan inamım azaldı.
- Quranı da oxumusunuz?
- Bəli. Mən peyğəmbərlərin çoxu haqqında məlumatlıyam. 124 min
peyğəmbərdən 5 vacib peyğəmbər olub. Onların hamısı haqqında
oxumuşam. Bu gün çox din xadimi elə bilir ki, birinci Adəm
peyğəmbər olub. Xeyr. 5 vacib peyğəmbər bunlardır: Nuh peyğəmbər,
İbrahim peyğəmbər, Musa peyğəmbər, İsa peyğəmbər və Məhəmməd
peyğəmbər.
Çox qəribədir. Biz Quranı oxuyuruq. Orada yazılır ki, İbrahim
peyğəmbər oğlu İsmayılı qurban kəsməyə aparır. Amma Tövratda
yazılır ki, İshaqı aparır. O da, bu da Allahın kitabı adlandırılır.
İndi hansına inanaq?
Digər tərəfdən Quranın axırıncı ilahi kitab olduğunu deyirlər.
Həm də Məhəmməd peyğəmbərin axırıncı peyğəmbər olduğunu. Mən buna
da inanmıram. Hesab edirəm ki, dünya inkişaf etdikcə, dövr
dəyişdikcə, başqa bir dinə də ehtiyac yaranacaq. İslam dininə niyə
ehtiyac yaranmışdı? Çünki ərəb cəmiyyətində çox böyük problemlər
var idi.
- Quranda kainatın genişlənməsi haqqında ayə var. Yaxşı,
7-ci əsrdə bunu hardan bilirdilər? Burada da ilahi mesaj görə
bilmirsiniz?
- Birincisi onu deyim ki, Qurandan əvvəlki kitablarda da belə
fikirlər var. Bir var elm, bir də var təlim. Məsələn, 90 yaşlı
qadının yanında bir şeyi səhv tutsan deyər: "Gözlə, düşər". Amma o
əşyanın niyə düşdüyünü bilmir. O, mexanizmi, cazibə qüvvəsini
bilmir. Lakin həyati təcrübədə görüb ki, bu, belədir. İndi deyirlər
ki, Nizami Gəncəvi cazibə qanunu bilirdi. Çünki Nizaminin
əsərlərində guya cazibədən söhbət gedib. Halbuki, Nizaminin
yazdıqlarının cazibə qanunu ilə əlaqəsi yoxdur. Dünya yaranandan
hamı bilir ki, cazibə var. Amma onun qanunu yox idi. Bu qanunu
Nyuton verdi.
Kainatın genişlənməsinin Quranda yazılmasına gəlincə! Quran
meydana gələndə o dövrə qədərki biliklər orada öz əksini tapıb. Onu
da deyim ki, Məhəmməd peyğəmbər qeyri-adi insan olub.
İndi adam var ki, seyfin içini görür. Elə şahmatçı var ki, 50
gedişdən sonra nə olacağını bilir. Mənim yadıma gəlir, 5 yaşında
bir rus uşaq riyaziyyatı bilirdi. Bunlar, fitri istedaddır. Bu da
ümumi qanunlardan kənara çıxmalardır. Məsələn, milyarddan birində
qeyri-adi qabiliyyətə olur.
Quran da meydana gələn dövrdə müəyyən elmi fikirlər var idi.
Qurandakı bəzi şeylər də özündən əvvəlki elmi biliklərdən əxz
olunanlardır. Çox eşidirik ki, Quran Allah tərəfindən göndərilmiş
müqəddəs bir kitabdır. Amma mən hesab edirəm ki, Quran Məhəmməd
peyğəmbərin ağlının, zəkasının məhsuludur. Məhəmməd peyğəmbərin
beyninə qeyri-adi fikirlər gəlirdi. O isə elə bilirdi ki, bu,
ilahidən belə deyilir. Bir sözlə, həqiqətən də qeyri-adi, istedadlı
adamlar var. Mənim özümdə də bir qabiliyyət var.
- Pauza verdiniz. O, nə qabiliyyətdir?
- Yuxuda gördüyüm reallaşır. Tələbə vaxtı imtahanla bağlı çox
narahatlıq keçirəndə gecə yuxuda sualımın nə olduğunu görürdüm.
Sabah gedib bileti çəkəndə görürdüm ki, yuxuda gördüyüm sual düşüb.
Bu yaxınlarda yuxuda gördüm ki, rəhmətlik atamla böyük qardaşım
yanıma gəlib. Mən düşündüm ki, onlar rəhmətə gedibsə, yanıma necə
gəlir?! Sonra bunlar yox oldular. Onların izi ilə getdim və gördüm
ki, qaranlıq yerdə büzüşüb durublar. Qardaşımdan soruşdum: "Ay
qardaş, niyə gəlmişdiniz, niyə getdiniz". Cavabı belə oldu:
"Gəlmişdik bacım Mələyi aparaq. Ancaq aparası olmadıq".
Səhər durdum. Yuxumu qarışdırdığıma görə rayona zəng etdim.
Dedilər ki, salamatçılıqdır.
Buna baxmayaraq, yenə həmin yuxunu gördüm. Səhər durub qərara
gəldim ki, rayona getməliyəm. Sən demə, mənim bacım Mələk, onun iki
oğlu, nəvəsi yol qəzasına düşüblər. Hamısı yaralıdır, onları
Gəncəyə aparıblar. O biri qardaşım xəstəxanaya gedib. Görüb ki,
Mələk orda yoxdur. Deyib ki, burada bir qadın da olmalı idi. Cavab
veriblər ki, rəhmətə gedib. Bacımı qanın içində bir kənara
qoyublarmış. Qardaşım da həkimlərə hirslənib ki, bacımı niyə üzü
qanlı bir kənara qoyublar. Gedib qadınlardan birinə hörmət edib və
deyib ki, heç olmasa bacımın üzünü təmizləsinlər. Təmizləyəndə
görüblər ki, Mələk ölməyib, nəfəsi gəlir.
Fikir verin! Mənə yuxuda demişdilər: "Aparmağa gəlmişdik,
aparası olmadıq". Mələk bacım bu gün də yaşayır.
- Maraqlıdır. Bəs bu informasiya sizə hardan verilir?
Kainatın özündən?
- Hesab edirəm ki, kainatdan. Kainatda sonsuz sayda dalğalar
var. Biz o dalğaların müəyyənlərini qəbul edə bilirik. O dalğalar
müəyyən formada gəlib beynə çatanda beyində qıcıqlanmanı yaradır,
insanda fikirlər oyanır.
- Elmlə dinin həmişə mübarizəsi olub. Din bir çox halda
elmə kobud şəkildə müdaxilə edir. Buna baxmayaraq, bir çox din
xadimi bildirir ki, dinlə elm vəhdətdir. Ümumiyyətlə, dinlə elmin
qarşı-qarşıya qoyulması düzgündürmü?
- Din elmə zərbə vuran bir qüvvədir. Elmin qabağını alan,
inkişafı ləngidən dindir. Əslində insanlar özləri də dini düzgün
başa düşmürlər. Məhəmməd peyğəmbər hədislərində deyir ki, elm harda
varsa, onun ardınca gedin. O, Quranda hər şeyin olduğunu demir.
Lakin bizim din adamlarının hamısı deyir ki, Quranda hər şey
var.
Məsələ çox mürəkkəbdir. İnsanlar anadan olandan onların şüurları
dinin təsirinə düşür. Mənim bəzi tələbələrim başını bağlamağa
başlamışdı. Mən isə məsləhət verəndən sonra onlar başlarını
açdılar. Xoşluqla başa saldım ki, bu, gerilikdir. Onlar da məni
başa düşdülər.
Hər dərsimdə tələbələrə deyirəm ki, elm üstündür, ona, onun
gəldiyi nəticələrə inanmaq lazımdır.
- Siz də alimsiniz. Bəs niyə sizin kimilər ortaya
konkret bir elmi nəticə qoya bilmirsiniz?
- Bizdə öz alimlərimizə qiymət vermirlər. Axşama qədər
televiziyalarda şou proqramları olur. Başlayırlar, müğənnilər filan
paltarı geydi, filanını çıxardı. Bunlar kimə lazımdır?!
Görürsən ki, anons verirlər ki, Gülyanağın övladı ilə arası
dəyib. Amma görün bir akademikin ailəsindən xəbər verirlərmi? Bir
küçə müğənnisinin yubileyini keçirirlər. Bir alimin isə yubileyini
televiziyada göstərmirlər. Hamısı bəladır.
Bir gün məni bir verilişə çağırmışdılar. Novruz bayramı haqqında
elmi fikirləri dedim. Novruz bayramının elmi əsaslarını mən ortaya
çıxarmışam. 1984-cü ildə "Bahar nə zaman başlayır" adlı böyük elmi
məqaləm çap olunub. Mən orada sübut etmişəm ki, Novruz dini bayram
deyil, elmi hadisədir.
Mən verilişdə də bunları danışdım. Biri də durub dedi ki, Novruz
bayramında bir quş coşub, qan təzyiqi artıb, onun dimdiyi
partlayıb. Sonra qan fışqırıb, bu qandan musiqi yaranıb. Bu adam
dəlidir də. Quşun ən möhkəm yeri onun dimdiyidir. Təzyiqdən döş
qəfəsi, başı partlaya bilər. İndi təsəvvür edin. Həmin verilişdə o
adam deyəni verdilər, mən deyənləri isə yox. Elçin adlı diplomu
olmayan, elmdən xəbəri olmayan birinin dedikləri televiziya və
tamaşaçılar üçün daha maraqlı gəlir. Camaat üçün elm maraqlı
deyil.
- Akademik Vasim Məmmədəliyevin çıxışlarına qulaq
asmısınız?
- Vasim Məmmədəliyev prorektor olan zaman onun bir çıxışına
qulaq asmışdım. Gördüm ki, bir şeyi düzgün izah etmir. Sabahısı gün
onun yanına getdim. Quranda bir şey var ki, guya göyün 7 qatı var.
Vasim Məmmədəliyevi bir az tərifləyəndən sonra 7 qat məsələsinə
toxundum. Dedim ki, Vasim müəllim, 7 qatın nə olduğunu bilirsiniz?
Dedim ki, o zaman 7 göy cismi məlum idi. Qurandakı da onlara
işarədir. Bu dediyim Vasim Məmmədəliyevin ağlına batdı.
Sonra dedi: "Çox xahiş edirəm. Həftənin 3-cü günləri gəl.
Qurandakı bəzi məsələlərə izah vermək üçün sizinlə
məsləhətləşim".
Vasim müəllim savadlı adamdır. Quranı, ərəb dilini mükəmməl
bilir. Amma mən elmə inanıram.