Gülər Fahad. Gəncdir. İstedadlıdır. Tanışlığımızın yaşı
çox deyil. Onunla məni tanış edən sosial şəbəkədə paylaşdığımız
şeirlər, statuslar oldu. Bir şair dostumun şeirləri haqda xoş
sözlərinin şahidi oldum. Mənim şeirlərimə olan tənqidi fikirləri də
diqqətimi çəkdi. Beləcə, şeirləşdik, yazışdıq və yaxından tanış
olduq. Layihələrimi oxuyurmuş. Oldu ki, yazılarım haqqında xoş
sözləri də qızırqanmadı. Rəssam kimi onun əsərləri haqda
fikirlərimi paylaşdım. Qəribəsi o idi ki, Gülər Fahadı daim
müxtəlif ovqatlarda müşahidə etdim. Hər birində maraqlı idi,
orijinal idi. Onun tez küsəyənliyi də var və bu, bütün xanımlara
xarakterik xüsusiyyətdir.
Gülərlə saytımız üçün söhbət etmək fikrimi də müsbət
qarşıladı və bu söhbət araya-ərsəyə gəldi.
- Gülər, gənc də olsan, kifayət qədər imicə malik olan
rəssam kimi tanınmaqdasan. Qısaca, istərdim deyəsən, necə oldu ki
səndə incəsənətin bu növünə maraq yarandı?
- Məncə, insan həyatda özünü, öz yerini tapana qədər narahat
yaşayır. Məndə də bu, belə idi. Müxtəlif sahələrdə sınayırsan
özünü, amma görürsən ki, yox bu, o deyil, nəsə çatmır. Sevdiyim
sənət sahələri çoxdur, amma mən hansında olmalıydım, hansını bacara
bilərəm, bunu ancaq sınamaqla bilə bilərdim. Mən yalnız
karandaşlarla, rənglərlə tam oldum. Bir neçə il əvvəl səhhətimdə
problemlər yaranmışdı, müalicə alırdım və elə yataq rejimində
karandaşla bir şeylər çəkməyə çalışırdım. Bu, mənə zövq verirdi.
Müalicəm sona qədər getməsə də sağala bildim. Məncə, ayağa
qalxmağım da elə bu həzzin sayəsində idi. İndi rəsm çəkmək mənim
üçün gündəlik normadır. Hətta deyərdim ki, boyalar, fırçalar,
ələlxüsus da, karandaşlarım mənim orqanlarıma çevrilib, - gülür.
Onlar olmasa, çəkməsəm, mənən şikəst olaram.
- Səhv etmirəmsə, hansısa beynəlxalq rəssamlar
təşkilatının üzvüsən. Bu təşkilatda üzv olmaq, səncə, sənin
yaradıcılığına nə verir?
- Türkiyədəki Uluslararası Aktivist Sənətçilər Birliyinin (UASB)
üzvüyəm. UASB 2000-ci ildə yaranıb, mərkəzi ofisi İzmirdədir.
Birliyin başqanı Ümid Yaşar İşıqxandır. Birliyin devizi "BARIŞ VƏ
SEVGİ"dir ki, bildiyiniz kimi, bu gün dünyanın buna çox ehtiyacı
var. Bu gün ətrafımızda baş verən qarşıdurmalar, müharibələr,
terror - hamısı mədəniyyətsizliyin nəticəsidir. 2012-ci ildə
birliyin Azərbaycan təmsilçiliyi açıldı. Birliyin Azərbaycandakı
təmsilçisi və rəsm komitəsi başqanı rəssam Nəvai Mətindir və
2015-ci ildə Azərbaycanda Aktiv Rəssamlar Qrupu da Nəvai bəyin
təşəbbüsüylə yarandı. Mən də 2015-ci ildən bu qrupa üzv seçildim.
Məqsəd Azərbaycanın bölgələrini gəzmək, çəkmək, təbliğ etməkdir.
Qrup üzvləri dəfələrlə müxtəlif bölgələrdə səfərlərdə olub. Bu da
əhalinin marağına səbəb olub. Məqsədimiz də elə budur ki, rəsmə
maraq artsın. Mənə də təbii ki, rəssamlarla tanışlıq, təcrübə və
yeniliklər baxımında faydası olub.
Rəsmi ancaq xoşbəxt anlarımda çəkə bilirəm
- Bildiyim qədər, yaxşı rəssam olmaqla, həm də təbi olan
şairsən. Sən daha çox özünü harada yaxşı ifadə edə bilirsən? Şeirdə
yoxsa, rəsmdə?
- Söhbət ifadə etməkdən gedirsə, əlbəttə, şeirdə. Əgər mənim
yazılarıma şeir demək mümkündürsə. Şeiri ancaq nədənsə sarsılanda,
belə demək olarsa, sözlər və hisslər məni boğanda yaza bilirəm.
Boğuluram, bunun başqa adı yoxdur. Adi cümlələrlə ifadə edə
bilmirəm ağrılarımı, sözlər özləri tökülür kağıza, dönüb olur şeir.
Amma rəsm elə deyil. Onu ancaq xoşbəxt anlarımda çəkə bilirəm. Və o
mənim hislərimin yox, zövqümün məhsuludur. İkisi də bir arada
olmur. Ağ və qara rənglər qədər fərqlidir mənim üçün.
- Şeirlərində lirikaya üstünlük verirsən, rəssamlıqda
isə portret janrına. Rəsmdə lirika səni azmı cəlb
edir?
- Portret çəkməyi çox sevirəm. O, mənə daha asan və rahat gəlir.
Həm də dediyim kimi, sevirəm. Başqa janrlarda da sınayıram özümü,
amma bəli, dediyiniz kimidir, rəsmdə lirika məni az cəlb
edir...
O hadisə qədər sarsıdıcı və dağıdıcı...
- Bəzən küskün olursan. Statuslarında, şeirlərində bu
halın aydın görünür, nədir kövrək ürəyini titrədən?
- Məni yaxından tanıyanlar bilir ki, həmişə şən, zarafatcıl
insan olmuşam. İndi də elədir. Amma əvvəlki kimi yox. Bəlkə siz
məni yeni tanıyırsınız, ona görə ancaq qəmgin görmüsünüz. Bir il
əvvəl mənə çox doğma olan insan dünyasını dəyişdi. Heç biri fiziki
və mənəvi ağrım o hadisə qədər sarsıdıcı və dağıdıcı deyildi. Nəsə
olur, 5 dəqiqə ağlayırsan və doyursan. Amma mən bir il əvvəl gördüm
göz yaşı necə qurumur. Küskünlük də ancaq o şeylərdir ki, vaxtında
edə bilmirdim, amma lazım idi. O şeylər ki, bu gün etməyə imkanım
və şəraitim var, amma artıq heç bir işə yaramır. Onda özümdən
küsürəm.
- Şeirlərin imkan verir ki deyək, hansısa bir kobudun
ürəyinə vurduğu bir xal var, yoxsa bu, belə görünür, əslində elə
deyil?
- Elə deyil. Yəni konkret bir insan deyil və təkcə əks cinsin
nümayəndəsinə aid etmirəm. Başqalarından aldığım zərbələr, öz
səhvlərim, öz günahlarım, itkilərim. Çox şey var. Olub, bir insana
aid də nəsə yazmışam. Amma bu çoxluq təşkil eləmir.
Əgər kimsə məni incidirsə...
- Gülər, gənc şairlərimiz var ki, özlərindən qabaqkı
nəsli topa tutur, qəbul etmir. Rəssamlıqda da bu var?
- Olub, rast gəlmişəm. Topa tutmaq yox, amma qəbul etməmək
normaldır. Kimsə kimisə qəbul etmirsə, öz seçimidir və buna məcbur
deyil. Bir də ən çox həqiqətləri bütün çılpaqlıqlarıyla göstərənlər
qəbul olunmur . Qəbul etməyib, topa tutanlar da özlərindən
əvvəlkilərin statusunu dəyişə bilməyənlərdir. Qısası, özlərini
yorurlar.
- İnsanlara münasibətin necədir? Onlardan çoxmu incik
düşürsən?
- Mən incimirəm, incidəcək hərəkət edən insanların həyatımda
yerlərini müəyyənləşdirirəm və yerlərini göstərirəm. Əgər kimsə
məni incidirsə, demək, mənim üçün doğru insan deyil, doğru rəfiqə,
dost, sevgili, tanış, qohum deyil və o zaman silib atıram və ya
önəm vermirəm. Mənim üçün doğru olmayan insanı mənə heç bir qan
bağı belə bağlaya bilməz və bilməyib. Ümumilikdə isə insanları
tanımadığım müddətcə onlara münasibətim yaxşıdır. Amma istisnalar
da var. Tanıdığım çox gözəl insani keyfiyyətlərə malik şəxslər var
ki , onları şəxsən tanıdığım üçün şanslıyam.