Hər şey sadədir. Bu gün Türkiyədə bir qalib var. O da
Rəcəp Tayyib Ərdoğandır. Türkiyənin sayca 12-ci prezidenti bunu
nəinki gizlətməyə çalışmır, əksinə, böyük zallarda böyük çıxışlar
edir, onu dinləyənlərə də qələbə impulsunu aşılamağa cəhd
edir.
Amma insanlar bu impulsu qəbul etməyə hazırdırlarmı? Onlar
özlərini qalib hesab edirmi? Bax, bu suallara cavab vermək hələ
tezdir. Bir az gözləmək və yeni prezidentin planlarından agah olmaq
üçün vaxt ayırmaq lazım gələcək.
Elə Rəcəp Tayyib Ərdoğannın özü üçün də sınaq dövrü başlayır. O,
nə edəcək? Türkiyənin 12-ci prezidenti olmaqla kifayətlənəcək,
yoxsa bu adamın hələ başqa planları da var?
İndi hamı üçün də olmasa, siyasi təhlilçilər üçün aydındır ki,
prezidentin planları əhəmiyyətli dərəcədə növbəti parlament
seçkisinin nəticələrindən asılı olacaq. Ona isə çox qalmayıb.
Ona görə də düşünürük ki, prezidentə qalib deməklə elə biz də
bir az tələsmişik. O səbəbdən ki, ölkədə ən yüksək vəzifəyə də
yetişmək güman ki, prezident üçün hələ tam qələbə demək deyil.
Baxmayaraq ki, baş nazir kimi onun yardımçısı artıq sınanmış
silahdaşı - Əhməd Davudoğlu olacaq...
Bununla Əhməd Davudoğlunu heç də aciz siyasətçi qismində təqdim
etmək və bu adamın yeni prezidentin fonunda sezilməz olacağını
iddia etmək fikrimiz yoxdur. Yadımıza gəlir ki, məşhur Wikiealks
açıqlamalarında amerikalı həmkarları onu olduqca ağıllı və hətta
bir az da təhlükəli adam kimi xarakterizə etmişdilər.
Amma Türkiyənin ali qanunu hələ dəyişməyib. Prezidentin bir o
qədər də böyük səlahiyyətləri yoxdur. Belə bir vəziyyətdə Rəcəp
Tayyib Ərdoğan kimi enerjili adam çox davam gətirə bilməz, o,
mütləq səlahiyyətlərini artırmağa cəhd edəcək.
Amma böyük səlahiyyətlərə yol böyük də konstitusiya
islahatlarından keçir...
Bu vaxta qədər Türkiyədə parlament üsul-idarəsi mövcud idi. Yeni
prezidenti bu vəziyyət bir o qədər xoşlandırmır və o, bunu
gizlətmir də.
Nə demək olar? Parlament və ya prezident üsul-idarəsi haqqında
çox yazılıb, çox deyilib. Hər iksinin tərəfdarları da var,
əleyhdarları da. Amma burada kiçik bir nüans var.
Dünyada prezident respublikası adlanan, amma çox avtoritar
idarəçiliyə malik olan xeyli dövlət olub və indi də var. Yada salaq
ki, Səddam Hüseyn, Hüsni Mübarək və onlarla bu adamlara bənzər
başqa siyasi liderlər prezident adlanır. Amma parlament
idarəçiliyinə malik olan və eyni zamanda da avtoritar siyasi
sistemi olan ölkə demək olar ki, tapmaq mümkün deyil...
Hətta dünyada bir neçə konstitusiyalı monarxiya var ki, onlar da
parlament respublikasıdır. Bu ölkələr monarxiyanın olmasına rəğmən
istənilən demokratik dövlətə örnək ola bilər. Amma prezident
respublikaları haqqında bunu demək olmur. Səbəbini də bir az
əvvəldə dedik...
Ən əsası odur ki, Ərdoğan təbiətən də avtoritar adamdır. Bunu
sübut etmək, bu fikri dəlillərlə təsdiq etməyə çalışmağa elə bir
ehtiyac yoxdur. Siyasətdə Ərdoğan dövrü həm də böyük qalmaqallarla,
böyük məhkəmə prosesləri ilə, həm də böyük, gurultulu həbslərlə
yadda qaldı.
Bunlar bir tərəfə, məsələ tamamilə Ərdoğandan asılı olsaydı indi
Türkiyə ictimaiyyəti sosial şəbəkələrə girişdən məhrum olacaqdı. O
vaxt Ali Məhkəmə Türkiyədə müstəqil məhkəmənin olduğunu sübut edə
bildi.
Elə indiki andiçmə mərasimi də az şey demir. Mərasimdə iki
dövlət - Misir və İsrail təmsil olunmayacaq.
Tutaq ki, Misiri başa düşmək mümkündür. Bəli, bu ölkədə faktiki
olaraq hərbi çevriliş oldu. Amma İsrail məsələsi mübahisəli olaraq
qalır. Rəcəp Tayyib Ərdoğanın xarici siyasət doktrinasının əsas
prinsipi "qonşularla sıfır problem" idi. Amma sıfır problem
alınmadı.
Bu gün Türkiyənin İsraillə münasibətləri olduqca gərgindir.
Əslində bu gərginlikdən baş açmaq da elə də asan deyil. Türkiyədə
başa düşə bilmirlər ki, İsrail kimi kiçik dövləti özünün probleminə
çevirmək, konkret olaraq heç nə edə bilməmək və yaddaşlarda "one
minute" diplomatiyası ilə qalmaq regional güc mərkəzi iddiasında
olan Türkiyəyə o qədər də yüksəklik gətirmir...
Amma nə etmək olar? Bu gün Ərdoğan özü üçün xəyali bir siyasi
areal cızıb. O, bu arealda lider olmaq istəyir. Amma gəl, bir
detalı unudur: onun da iddiaları elə Əbubəkr əl-Bağdadinin
xəlifəlik iddiaları kimi, yumşaq şəkildə desək, bir o qədər də
ciddi təəssürat oyatmır...