Bəlkə də kimdəsə elə bir təsəvvür yaranacaq ki, mən bir
azca vaxtı qabaqlamaq istəyirəm. Amma yox. O mövzudan ki, indi
yazmaq istəyirəm, onun əsil vaxtı çatıb. Məsələ bundadır ki, sovet
əsgərləri Reyxstaqın üstündən qırmızı bayrağı aprelin 30-da
asmışdılar. Mayın 2-də isə Berlini tamam nəzarətə
götürmüşdülər.
Niyə mən bu mövzuya toxunmaq istədim? Əslində, hər il bu mövzuda
nəsə yazıram. İndi də ənənəyə sadiq qaldım. Bir daha yazmaq, özüm
üçün nələrisə yenidən çək-çevir etmək qərarına gəldim...
Bu müharibə SSRİ əsarətində olan və yaxud da onun əsarəti altına
düşməkdən qorxan, ehtiyat edən bütün xalqlar ikiyə bölmüşdü.
"Bölünmək" sözünü yazıram, amma sanki bütün bədənimdən elektrik
keçir. Heç bilmirəm, indi yazacağım sözləri özüm fikirləşmişəm,
yoxsa nə vaxtsa və haradasa oxumuşam? Qərəz, deyəcəyim budur ki,
bölünməkdən o qədər qorxuram ki, çürük almanı da iki yerə bölməyə
əlim gəlmir...
Nə isə. Keçək mətləbə. Qələbə bayramı ilə bağlı yadımda qalan
əsas bir detal Moskvada olmuşdu. Tələbə idik. O vaxt Moskvada
qələbə bayramlarını böyük atəşfəşanlıqla qeyd edirdilər.
Belə bayramlardan biri idi. Atəşfəşanlıqdan yenicə qayıtmışıdıq
və dostlardan birinin otağında oturmuşduq. Orada bir alman qızı da
vardı. Adı da deyəsən, Ketrin idi. Bəlkə də başqa idi, artıq
yadımda deyil. O, dostumuzun rəfiqəsi idi...
Elə-belə bayramdan, atəşfəşanlıqdan söhbət edirdik. Birdən
uşaqlardan biri alman qızına tərəf dönüb, "Atəşfəşanlığı seyr
etməyə getmişdinmi", - deyə soruşdu. Bir anın içində qızın sifətinə
kədər qondu və o, zorla eşidiləcək səslə "Biz ki, qalib
gəlməmişdik..." - dedi...
Onun sözləri mənə çox təsir etdi. Birinci dəfə idi düşünürdüm
ki, bəs bizlər-azərbaycanlılar, gürcülər, latışlar, estonlar, daha
nə bilim kimlər, o müharibədə özümüzü və millətlərimizi qalib
saymaqda nə qədər haqlıyıq?..
Bilirsiniz, qul olmağın qəribə xüsusiyətləri, cəhətləri olur.
Xüsusən də insan qul kimi doğulursa, azadlıq haqqında ümumiyyətlə
təsəvürü olmursa, ozünün kimliyinin fərqində olmur, qul olduğunu
başa düşmür, fikirləşir ki, hər bir şey qaydasındadır, elə belə də
olmalıdır...
Biz də qul olduğumuzu bilmirdik. Axı sovet adamı idik! Bilmirdik
ki, sovet adamı elə qulun başqa bir adıdır. Güman edirəm ki, o vaxt
almanlar, polyaklar və onlara yaxın xalqlar vəziyyəti daha yaxşı
başa düşürdülər...
Biz isə qul idik, həm də xoşbəxt qullar idik... Təzad da elə
bundadır. Qərəz, biz qul olduğumuzu bilmirdik. Ona görə də
sovetlərin dərdi dərdimiz, bayramı isə bayramımız idi. Sonradan
əsil həqiqətləri bildik.
Amma bir detalı da burada qeyd etməyi vacib bilirəm. Bizim
babaları, ataları haqlı edən bir nüans vardı: müharibə faşizmə
qarşı müharibə idi. Düşünürəm ki, M.Ə.Rəsulzadənin o vaxtki alman
hakimiyyətinə münasibəti bizim üçün də tam yetərli olmalıdır. O,
Hitlerin mahiyyətini dərhal müəyyən etmişdi. Amma bununla bərabər,
müharibənin elə tərəfləri də vardı ki, onlar da öz yozumlarını
gözləyirlər...
İndi legionerlər haqqında hamı bilir. Hamı olmsa da, böyük
əksəriyyət həmin o insanların düşdüyü faciəli vəziyyəti anlamağa
çalışır. Amma axıra qədər anlaya bilirmi? Baltik ölkələrinin
insanları hər şeyi sadə yolla həll etdi: orada paradlar da iki dənə
olur, birini almanların tərəfində döyüşənlər, digərini isə o biri
cəbhədə - sovetlərin tərəfində vuruşanlar keçirir. Bəzən hətta
aralarına dava da düşür...
Yox, demirik ki, bizdə də iki parad olsun. O vaxtkı müharibəyə
münasibətimizi çətinliklə olsa da, tamam müəyyən etmişik: 41-45-ci
illərin müharibəsi faşizmə qarşı müharibə idi. Belə
fikirləşməsəydik, belə bir mövqe tutmasaydıq "Şindlerin siyahısı",
"Pianoçu" kimi filmlərə baxa bilməzdik. Amma cəmiyyətdə mübahisələr
olur. Onlar indi də sezilir. Ona görə ki, suallar adamı sanki
didib- çeynəyir...
Tutaq ki, 41-45-ci illərdəki ordu bizim ordumuz idi, vətən bizim
vətənimiz və paytaxt da bizim paytaxtımız idi! Olsun... Bəs 1990-cı
ildə bizi qıran ordu kimin ordusu idi? Xocalıda qırğın törədən
366-cı alay kimlərin alayı idi? Mayın 8-də Şuşanı işğal edən
ermənilərə dəstək verən ordu kimin ordusu idi?..
Qarabağın işğalının arxasında dayanan ordu kimin ordusu idi? Bəs
"Ermənistan bizim Cənubi Qafqazda forpostumuzdur!" deyənlər kimlər
idi?..
Bu suallara cavab verməyə tələsməyin. Çünki onların əsil cavabı
çoxuna sərf etmir...
Bəli, müharibə faşizmə qarşı müharibə idi. Bəli, vətənimiz də
SSRİ idi. Di gəl, başqa SSRİ-lər də vardı. Məsələn, A.Soljenitsının
təsvir etdiyi SSRİ - İvan Denisovun yaşadığı SSRİ...