Qorxularım dəyişdi sadəcə, cəsarətsizliyim eyni qaldı...
Böyük bir təlaş var icimdə... Uzun bir həyat var qarşımda... Kim
böyütdü məni bu qorxuyla???
...6 yaşım vardı kəndimizdən gələndə. Birinci sinfə getməyə
hazrlaşırdım, qismət olmadı... Top-tüfəng səsi, atəş, mərmilər...
Xatırlayıram o günləri.
Evimiz dağın döşündəydi; axşam olan kimi nənəm işıqları
söndürərdi, yoxsa ermənilər görər, bizi nişan alardılar. Gecələri
həp təlaş, qorxu icində keçirərdik, yadımdadı. Bir də pəncərədən
güllələrin uçuşunu seyr edərdim. İşıqları söndürürdük, uçuşan
güllələr daha aydın, daha parlaq, daha qəşəng görünürdü.
Müharibə... Əvvəllər bunu babamın, nənəmin nağıllarında
eşidrdim.
Onların vaxtında da müharibəymiş. Nənəm mənə atasız qalan
uşaqlardan, onların necə aclıq çəkməsindən, atəş səslərindən
danışırdı...
Həyatımda ən çox nənəmlə babamı sevdim. Onlarla nəfəs aldım. Mən
onların qızıydım... Bir tək onların yanında özümü güvəndə hiss edə
bilirdim. Bir tək babam mənə "qorxma, qızım" deyəndə qorxmurdum.
Qalan vaxtlarda həmişə içim qorxularla dolu olub.
Normal insanlarda, normal evlərdə gecə keçəndə hər yerə sükut
çökər, hər kəs yatar və bu sükutu yalnız bir-iki səs poza bilərdi:
o da saatın əqrəbləri, pişiyin və evin kişilərinin xorultusu...
Bizdə isə gecə keçsə də, kişilər oyaq qalardı və gecənin sükutu da
olmazdı; güllə səsləri, zülmət qaranlıq gecəni aydınladan mərmi,
top, Qrad atəşləri qorxunc canavar ulartılarını da itirirdi.
Hardansa bir "Ay Allah, evim yandı", "Uşaqları çıxart, uşaqları"
nidası da yüksələr, gecənin sükutuna bomba atardı.
Uşaqlıq gecələrimi belə xatırlayıram. Nənəmin qucağında və bu
səslərlə. 6 yaşım vardı, o yaşda canavarlardan qorxmam gərəkirdi,
amma mən elə o yaşdan insanlardan qorxurdum, indi üstəlik babam
yoxkən...
Səhər açılırdı, havadan gül yerinə mərmi qoxusu, bu qoxuyla
yanaşı, qonşuların səsi gəlirdi: "Eşitdin? Axşam filankəsin evinə
mərmi düşüb", "Qradnan filankəsin evin nişan alıb vurublar"...
Yadımdadı, bir dəfə də bizim həyətimizdəki böyük tut ağacını
vurmuşdular. Səhər oyananda gördük ki, tut kökündən çıxb, aşıb
böyrü üstə. Nəhəng ağac idi. Gözümün qabağındadı. QARA TUT.
Nənəm demişdi: "Heş zad olmaz, balalarımın qada-balası gəlsin
ona..."
Amma hamı cəkiləndən sonra özünü yıxılmış ağacın üstünə atıb,
ona ağı deyib, ağlamışdı.
Ağac tutla dolu idi. Yığdılar, gətirib qoydular süfrəyə. Ondan
bir nənəm, bir də mən yemədim... Nənəmin niyə yemədiyini bilmirdim,
mən isə arvad o agacı ağlayanda görmüşdüm axı...
Babamgil hər axşam bir xəbərlə gəlirdi evə. Düzdü, mənalarını
tam dərk etməsəm də, deyilənlər cümləbəcümlə yadımdadı. Bir gün də
kişi gəlib dedi ki: "Ermənilər hansısa kəndə hücum edib, kəndin qız
gəlinləri də ermənilərin əlinə kecməməkçün özlərini körpüdən
Bərgüşada atblar..." Nənəm dizinə-dizinə çırpıb ağlamışdı.
Əmilərim döyüşün tam ortasında idi: evdə atamla babam qalmışdı.
Əmimin biri döyüşdə Qrad qurğusunun sürücüsüydü. O da gəlmişdi bir
axşam evə. Dedi, meşəynən gəlmişəm payi-piyada. Gəlmişdi, desin ki,
qadınları çıxardın kənddən. Sonra atamla babamı arxa otağa cəkib
nəsə dedi və elə həmin gecə də qayıtdı döyüşə... Yazıq nənəm,
səhərə qədər ağladı, kirimədi: " Görəsən, Şahin sağ-salamat gedib
çata bildimi yoldaşlarının yanına?.."
Səhər sübh tezdən atam böyük bir avtobus tutub gəldi; dedi ki,
kənddə nə ki qadın var, yığılsın buna, şəhərə getsin. O günü heç
unutmaram... Hərə əlində bir boğça həyətimizdəydi. Nənəm hamını
yerbəyer elədi avtobusda.
Hec vaxt nənəmdən ayrılmaz, yedditaxta tumanından yapşıb onunla
hərlənərdim. Çox qıvraq, təmkinli qadın idi. Kənddə hamının işinə
can yandırırdı: yasa, toya yemək bişirməyə, məsləhət almağa nənəmi
çağırırdılar. O da mənsiz heç hara getməzdi, mən onun qoşqusuydum.
Onu "Əhməd haradadır" filmindəki Nərgiz xalaya bənzədirdi hamı. Elə
simaca da cox bənzəyirdi.
Hamı oturub avtobusa, yerdə kişilər, nənəm və mən qalmışam. Atam
deyir:
- Ay ana, sən də Çinarəni götür, qabaqda oturun.
Nənəm məni öpüb-qucaqlayır, sonra anama verir:
- Mən hec hara getmirəm. Dörd oğlumu, ərimi qoyub,o yana bir
addım da qoymaram. Qalacam da sizinlə qalacam, öləcəm də sizinlə
öləcəm. Həm də bu qədər zülm-zillətlə əldə etdiyim ev-eşiyimi,
torpağımı göydə parıldayan iki mərmi parçasına qurban verib
çıxmaram burdan.
Kəndin bütün kişiləri yığışdı, nənəmi yola gətirə bilmədilər...
Sözündən dönmədi nənəm, qaldı.
Şəhərə çatanacan onunçün ağladım. Uzun yollar gəldik o gün. Göz
yaşı tökürdü avtobusdakı qadınlarn çoxu. Kimi qoyub gəldiyi evi,
kimi balası, kimi də Allah bilir nə üçün. Mən isə nənəmi
istəyirdim. Nənəmi, babamı... Bir də bacım ağlayırdı. Məndən üç yaş
balaca, üç yaşın içindəydi. O da qoyub gəldiyi pişiyi üçün
ağlıyırdı...
Sumqayıtda bibimgilə getdik. Bir müddət orda qaldıq. Hər gün
nənəmi ağlayırdım - əzbərdən. Onda da bir şeydən qorxurdum, babamın
sözü ağlımdan çıxmırdı: "Qadınlar özünü Bərgüşada atdı..."
Nəhayət, nənəmgil gəlib çıxdılar. Artıq Qubadlı işğal olunmuşdu.
Rayondan ən son çıxan nənəmgil olmuşdu. Nənəm deyirdi ki,
yolumuzdan keçib gedən bütün hərbi maşınlardakılar bizə
deyirdilər:
- Nə durmusuz? Qaçın, canınızı qurtarın. Silahınız yox, arxada
sizi qoruyacaq bir ordu yox. Qaçın...
Nənəm deyirdi:
- Hamı bir anlığa evə yenib, çıxdı. Mən də getdim, evimə bir ağı
deyib ağladım... heş nə götürmədim... Çıxdım evdən, yola çatmışdım
ki, birdən yenə evə qayıtdm, evin bütün qapılarını taybatay açıq
qoydum, iti də, tövlədəki heyvanları da açıb buraxdım, dedim: "Biz
gedirik, siz də gedin..." Sonra yolda fikirləşdim ki, mən niyə belə
etdim? Hə-ə, bax, görürsən, düşmən düşmənə qarğış edəndə deyir ki,
görüm qapın bağlı qalsın", - onuncun qapıları açıq qoydum...
Yazıq nənəm, can nənəm, daha bilmirdi ki, evi xaraba, qapısı
bağlı, mənim də canımda ömürlük qorxu qaldı...