Yuxarı

Qlobal fəlakət - Su müharibəsi

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal fəlakət - Su müharibəsi

 

 

Qlobal bir təzad içərisində yaşayırıq. Bir yandan bu gün dünya ərazisinin böyük bir hissəsi su altında batır. Digər tərəfdən quraqlıq hökm sürür, ayrı-ayrı dövlətlər su qıtlığına görə, az qala müharibə həddindədir.

 

Maraqlıdır, deyilmi? Əslində isə ümumilikdə, dünyada su qıtlığı mövcuddur. Planetimizin su ehtiyatının 97 faizdən çoxu içməyə yararsız şor sulardır. Nəzərə alsaq ki, içməli su mənbələri qurunun ayrı-ayrı ərazilərində qeyri-bərabər şəkildə paylanıb, qarşıya, həqiqətən, qorxunc mənzərə çıxır. Şimal və cənubdan ekvatora yaxınlaşdıqca quraqlıq və səhralar uzanıb gedir. Əhalinin sayı artdıqca suya olan ehtiyac da sürətlə çoxalır. Yalnız son on ildə  suya olan tələbat on dəfədən çox artıb. İyirmi birinci yüzilliyin əvvəllərində də dünya əhalisininin 1 milyard nəfərdən çoxu təmiz su əldə edə bilmir. İnkişaf etməkdə olan ölkələrin əhalisinin 2,6 milyard nəfəri kanalizasiya sistemindən istifadə etmir.

 

Bu o deməkdir ki, bu insanlar su mənbələrindən ən azı 1 kilometrdən çox məsafədə məskunlaşmışlar. İndinin özündə də Mərkəzi Afrikada, Hindistanın cənub əyalətlərində yüzlərlə şəhər, kənd var ki, içməli su mənbəyindən 10-12 kilometr aralıda yerləşir. Sual oluna bilər ki, içməli su mənbəyindən bu qədər uzaqda yaşayış məntəqələri niyə salınıb. Sadəcə olaraq, yaşayış məntəqələri salınan dövrdə, çox güman ki, yaxınlıqda su olub, sonralar müxtəlif səbəblərdən yoxa çıxıb. Odur ki, insanlar su ehtiyaclarını kanallar, arxlar, mühafizə olunmayan quyular, irriqasiya kanalları və kiçik sututarlar hesabına ödəyirlər. Aydındır ki, belə su mənbələrindən ərazidəki heyvanlar da istifadə edir. Deməli, bu sular ölümlə nəticələnə biləcək xəstəliklərə səbəb olan zərərli bakteriyalarla çirklənmişdir.

 

Təəssüf ki, bir sıra ölkələrdə (Cənubi Asiya və Afrika ilk sıralarda olmaqla, ekvator ətrafında əksər ölkələrdə) vəziyyət insanların iradəsindən asılı olmayaraq belədir. Onların seçimi yoxdur və çirkli suyu içmək məcburiyyətindədirlər.

 

Bu ölkələrdə suyu əllə daşıyırlar. Bu suyu kiçik qızlar və qadınlar uzaq məsafədən gətirirlər. Çoxuşaqlı ailə, ən azı, gündə 100 litr - yəni təxminən adambaşına 10 litr su işlədir. Bu, əsasən kasıblıq içində yaşıyan ölkələrdə belədir. Bəzi yerlərdə su satışı olsa belə, əhalinin əksər hissəsinin təmizlənib qablanmış su almağa imkanı yoxdur.

 

BMT-nin bu mövzuda hazırladığı hesabatlarda dünya əhalisi arasında su bölgüsü problemi belə şərh olunur. Avropada adambaşına sutkalıq su sərfi orta hesabla 200-300 litrdir. Amerika birləşmiş Ştatlarında 575, Arizon ştatında isə 1000 litri keçir (!).

 

İsti, quraq və əhalisinin əksəriyyəti kasıblıq həddindən də aşağı vəziyyətdə yaşayan Keniya, Seneqal kimi ölkələrdə insanların gündəlik su tələbatı sərin iqlimli Paris və Londondakından dəfələrlə çoxdur. Bir nəfərin sutka ərzində 200 litr su ehtiyacı vardır. Bu tələbat ödənmirsə, təmizlik barədə danışmağa dəyməz. Amerikalılar şüşə qablarda ildə 25 milyard litr mineral su alıb içə bilirlər. Bu da Seneqalın bütün əhalisinin istifadə etdiyi içməli sudan dəfələrlə çoxdur. Unutmayaq ki, Seneqalda eyni su mənbəyindən heyvanlar da istifadə edir.

 

Bu səbəblərdən də su qıtlığı dövlətlərarası münasibətləri çox ciddi gərginləşdirməkdədir. Mübahisələr münaqişələrə çevrilir, münaqişələr isə müharibə təhlükəsi törədir. Doğrudur, dünyanın əksər ölkələri hələlik öz tələbatını öz suyu ilə ödəyir, amma hazırda dünyanın qırxa yaxın ölkəsi, hətta inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələr - Latviya, Slovakiya, Özbəkistan, İsrail, Türkmənistan, İordaniya, Səudiyyə Ərəbistanı və s. öz tələbatını ödəyə bilmir. Təəssüf ki, bu ölkələr arasında Azərbaycan da vardır. Azərbaycanın içməli və suvarma suyunun 80 faizi xaricdən - Kür və Araz çayları ilə Türkiyədən, Samur çayı vasitəsilə Rusiyadan gəlir.

 

Su problemi çağdaş dünyada o qədər ciddidir ki, su qıtlığının gələcək müharibələrə yol aça biləcəi təhlükəsi realdır. Ekspertlərin fikrincə, yanacaq-enerji mübahisələri və münaqişələri ilə parallel olaraq, SU MÜHARİBƏLƏRİ baş verə bilər. Dünyada artıq su ehtiyatlarının yaratdığı qlobal gərginlik nöqtələri mövcuddur. İsraildən Hindistana, Türkiyədən Botsvanaya qədər su uğrunda mübahisələr münaqişələrə çevrilmək üzrədir. Türkiyə ilə Suriya, Türkiyə ilə İraq, İran ilə İraq arasındakı su münaqişələri həllini gözləyir. Bu münaqişələrin sülh yolu ilə həlli o qədər də real görünmür. Burada çıxış yolu dövlətlərarası sutəmizləyici zavodların tikintisi ola bilər. Zəngin ərəb dövlətləri neft dollarları hesabına bunu edə bilsə də, bir sıra inkişaf etməkdə olan dövlətlər üçün bu layihələr xəyal olaraq qalır.

 

Hazırda Türkiyənin cənubunda, Fərat çayının başlanğıcında bəndlərin tikintisinə hazırlıq görülür. Bu layihə baş tutarsa, tarixdə olduğu kimi, çox ciddi münaqişələr baş verə bilər. Suriyaya daxil olan suyun miqdarı maksimum azalar, buradakı bəndlər isə İraqa axan suyu daha da azaldar. İsrail, Fələstin, Livan və Həbəşistan da daimi su qıtlığı çəkir. Regionda axan İordan çayı o qədər də sulu deyil və su tədricən azalmaq üzrədir. Həm də İsrail sudan istifadəyə dair çox ciddi kvotalar qoyur, bu da ərəb ölkələrində ciddi narazılıqla qarşılanır. Regionda su uğrunda mübarizənin əsas səbəbi isə İsrailin 1967-ci il müharibəsində zəbt etdiyi Colan yüksəkliyidir. İordan çayı bu ərazidən keçir, ümümisrail su kəmərini təchiz edən Tiveriad gölü də burada yerləşir.

 

Su mübahisələri hələ tam formalaşmamış Şanxay Əməkdaşlıq Təşkilatını parçalanma həddinə gətirib. Su problemi bu təşkilata üzv dövlətləri qarşı-qarşıya qoyub. Söhbət transsərhəd çayları olan Amurdərya və Sırdərya çayları yataqlarındakı proseslərdən gedir. Qırğızıstanda və Tacikistanda suya qış aylarında daha çox ehtiyac olur - elektrik stansiyalarının məhsuldar işləməsi məqsədilə artıq suyu çaylara buraxırlar. Nəticədə qış aylarında Özbəkistan və Qazaxıstan torpaqları su altında qalır. Bu ölkələrdə isə, əksinə, yaz-yay aylarında əkin sahələrinin suvarılması başlıca problemə çevrilir. Külli miqdarda texniki bitkilər - pambıq, qarğıdalı və s. istehsal edən bu regionun suya böyük ehtiyacı yay aylarında yaranır. Hələlik, Orta Asiyada da bu çox ciddi problem öz həllini tapa bilmir.

 

Bizdə isə vəziyyət tamam başqadır. Ölkəmizin su təminatı əsasən xaricdən daxil olan çaylar hesabına ödənilir. Azərbaycanın içməli və suvarma suyunun 80 faizi bu mənbələrdən gəlir. Lakin adambaşına düşən suyun miqdarı Gürcüstanda bizdəkindən 5-7 dəfə, Ermənistanda 2,5-3 dəfə çoxdur. Bu da təbiidir. Əhalimiz çoxdur, ərazimiz genişdir, üstəgəl suvarılan torpaqlarımız dəfələrlə artıqdır, sənayemizdə daha çox texniki sudan istifadə edilir. Həmçinin ərazimizin çoxu şoran və quraqlıq sahələrin payına düşdüyndən təbii buxarlanma da yüksəkdir.

 

Adambaşına düşən suyun miqdarının az olmasından başqa, içməli və digər istifadə üçün su Azərbaycan ərazisinə çox çirkli vəziyyətdə daxil olur. Xüsusilə Gürcüstan və Ermənistan ərazisindən daxil olan və respublikamızın əsas su mənbələri olan Kür, Araz, Qanıx və s. çaylarının gətirdiyi sular çox təhlükəli həddədir. Məsələn, qonşu Gürcüstanda 10 ildir ki, Kür suyunun ev heyvanlarına verilib-verilməməsi ciddi müzakirə mövzusudur. Ermənistanın isə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Araz sularını nəinki çirkləndirmək, hətta zəhərləndirməkdən belə çəkinmir. Mütəxəssislərin fikrincə, bu problemlər yalnız Stokholm Konvensiyası çərçivəsində öz həllini tapa bilər.  

 

Qeyd etmək lazımdır ki, Araz və Kür çayları Türkiyə ərazisində göz yaşı kimi təmiz olduğu halda, Gürcüstan və Ermənistan ərazisinə daxil olduqdan sonra həddindən artıq çirklənir. İlk dəfə olaraq 2005-2006-cı illərdə Türkiyə ərazisində AMEA Mikrobiologiya İnstitutunun əməkdaşları akademik Məmməd Salmanovun rəhbərldiyi ilə mikrobioloji və hidrokimyəvi tədqiqatlar aparmışlar. Sübut olunmuşdur ki, Türkiyədə Kür və Araz çaylarına axan çaylar, bulaqlar tər-təmizdir və orada həmin çayların çirklənmə ehtimalı azdır. Axarlar boyu cəmi bir neçə yaşayış məntəqəsi vardır ki, burada da çirklənmə müşahidə olunmur. Ermənistan və Gürcüstan ərazilərində isə bütün sənaye müəssisələrinin tullantıları, təmizlənməmiş kanalizasiya suları Kür və Araz çaylarına axıdılır. Çirkabın miqdarının çoxluğundan hətta 200 kilometr məsafədə belə çaylar özlərini təbii yolla təmizləyə bilmir. Bu göstərici dünya miqyasında transsərhəd çaylarında görünməmiş bir rəqəmdir.

 

Beləliklə, respublikamızın müvafiq orqanlarının apardıqları apaşdırmalar nəticəsində müəyyənləşdirilmişdir ki, qonşu dövlətlərin ərazisindən çaylara atılan tullantıların miqdarı təhlükəli surətdə artmaqdadır. Bu təhlükənin qarşısını qısa müddətdə almaq isə reallıqdan uzaqdır. Odur ki, Azərbaycanda içməli su probleminin həlli istiqamətində dövlət səviyyəsində ciddi işlər görülür. Ayrı-ayrı bölgələrin, rayon mərkəzlərinin içməli su təminatı üçün xüsusi layihələr həyata keçirilir, yerlərdə dağ çaylarının, bulaqların potensialından istifadə edilir, kəndlərdə artezian quyuları qazılır, kəhrizlər çəkilir.

 

2007-2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qəbələ-Oğuz zonasının dağ çayları sularının Bakı şəhərinə gətirilməsi və paytaxtın içməli su probleminin həll edilməsi üçün meqalayihə həyata keçirildi. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

 

 

Tarix
2015.05.04 / 09:31
Müəllif
Qаlib Аrif
Digər xəbərlər

Sahibkarların “xiyar siyasəti”

Növbəti Dördgünlük savaş nə vaxt olacaq?

Ermənilər Abbasovdan niyə razı qalırdı?

Qərb-Rusiya savaşı: 2016 nə vəd edir? – Təhlil

Ərdoğanın qeyri-adi bəyanatı

Alternativ enerji nədir? – Mənbələr

Mahal dilini dinc saxlasaydı...

KQB mayorunun Sovetləri titrədən qətli

Tələ: Gözəl qız oğlanı evə gətirir, bu zaman...

“Qatil qarajda elektrik stulu düzəldibmiş” - Polis

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla